Ana dili bizim milli-mənəvi sərvətimiz...-Xuraman Muradova yazır

Xuraman Muradova
Azərbaycan, Türkiyə, Özbəkistan Yazarlar Birliyinin üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru
Ana dili bizim milli-mənəvi sərvətimiz, milli varlığımızın sübutu, anamızın laylası ilə ruhumuza, qanımıza hopan doğma dilimizdir.
Ulu öndər Heydər Əliyev dəfələrlə öz çıxışlarında vurğulayırdı ki: "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir". Dil hər bir kəsin milli mənsubiyyətinin ilkin şərtidir. Millilik, ilk növbədə, ana dilinin varlığının, saflığının qorunması deməkdir. Hər bir kəs öz dilində təmiz, səlis danışmağı bilməli, bu dilin inkişafı üçün əlindən gələni etməlidir.
Ən böyük şah əsərimsən,
Varlığımsan,gərəyimsən,
Nə yaxşı ki, sən mənimsən,
Ana dilim, doğma dilim.
Tariximin öz adısan,
Həyatın şirin dadısan,
Ruhumun sönməz odusan,
Ana dilim, doğma dilim!
Ömrümün söz yağışı sən,
Hər sözümün naxışı sən,
Bu dünyamın baxışı sən,
Ana dilim, doğma dilim!
Təsadüfi deyil ki, Abbasqulu ağa Bakıxanov dilçilik kitabının adını "Qanuni-qüdsi" qoyub. Yəni, "müqəddəs qanun" adlandırıb. Müqəddəs sözü "Qurani-Kərim"ə, Məkkəyə, peyğəmbərlərimizə şamil olunduğu zamanlar Bakıxanov öz qrammatika kitabını belə adlandırmışdı. Çünki o müqəddəslər kimi, ana dilinin qanunları da müqəddəsdir. Onu korlamaq, bayağı ifadələrlə, yersiz kəlmələrlə doldurmaq, nizamını pozmaq qəbuledilməzdir.
Böyük yazıçı - dramaturq, publisist, dövlət xadimi Nəriman Nərimanov ana dili haqqında yazırdı:" Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, ana şəfətini sənə o dildə bəyan edib. Bir dil ki, sənə beşikdəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdirir". Görün, böyük mütəfəkkir öz ana dilini nə gözəl, nə ülvi məhəbbətlə vəsf edib.
Ulu öndər Heydər Əliyevin bir deyimi ölkəmizin hər yerində yaşda dillər əzbərinə çevrilib: "Hər xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Ulu öndərimizin də söylədiyi kimi millətimizin doğma dilini qorumaq, yaşatmaq, gələcək nəsillərə ərməğan etmək hər birimizin mənəvi borcumuz, insanlıq vəzifəmizdir.
Qafqaz.media