BAYDENİN “CƏSARƏTİ”: TRAMP DÖNƏMİNƏ HAZIRLIQ – ABŞ dövlət maraqlarını özündən dəfələrlə zəif olan Rusiyaya qurban verə bilərmi?

25/11/2024 - 16:53

ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya yeni silahlar yollaması və ona Rusiya ərazisinə Amerika raketləri ilə zərbələr vurmasına icazə verməsi Vladimir Putini nüvə dəyənəyini ən kəskin formada yelləməyə məcbur edib. ABŞ-nin Ukraynaya güclü silahlar verməsini diqqətə almaq şərtilə müharibənin əsl səbəbinin haradan qaynaqlanmasını və dünyadakı geostrateji mübarizənin mahiyyətini anlmağa çalışsaq, silah-sursat, raketlər və s. ilə bağlı məsələlərin sadəcə texniki nüanslar olduğu aydınlaşar. Amma hər halda, bunların xüsusi önəm daşıdığını da bilməliyik və ona görə də ilk növbədə döyüş meydanında nələrin baş verdiyinə qısaca nəzər salaq. Ukrayna ordusu ABŞ-nin “ATACMS” ballistik raketinin Bryansk vilayətindəki artilleriya anbarını məhv etməsi və Britaniyanın “Storm Shadow” raketlərinin Kursk vilyətində yerləşən Rusiya ordusuna məxsus hərbi idarəetmə mərkəzinə endirdiyi zərbə nəticəsində general-leytenant Valeri Solodçukla yanaşı 18 rus zabitinin və orada hərbi düşərgə qurmuş 500-ə yaxın Şimali Koreya əsgərinin öldürülməsindən sonra Rusiya rəhbərliyi yeni təhdid üsuluna əl atıb. Rusiya adi başlıqlı ortamənzilli “Oreşnik” ballistik raketi ilə Ukrayna ərazisinə zərbə endirib. Bundan sonra Putin videomüraciətində Qərbə xəbərdarlıq edib. Sözsüz ki, o, ortamənzilli ballistik raketinə konvensional başlıq taxmaqla demək istəyib ki, gələn dəfə nüvə başlığı ilə zərbə endirə bilərəm. Ancaq maraqlıdır ki, öncəki analoji hədələrdən fərqli olaraq, bu dəfə Qərb dünyası elə bir ciddi təlaşa bürünmədi. Ağ Evin mətbuat katibi Karine Jan Pyer deyib: ”Rusiyanın raket buraxılışı bizim Ukrayna ilə bağlı siyasətimizə mane olmayacaq. Biz Ukraynaya yardım etməyə və onları döyüş meydanında ən yaxşı vəziyyətə gətirməyə davam edəcəyik”. Yəni, ABŞ rəsmi şəkildə bildirib ki, Rusiyanın təhdidlərindən qorxmur. Bu ərəfədə ABŞ Ukraynaya piyadalar əleyhinə minalar göndərəcəyini bəyan etməklə Kremlə müharibənin Rusiyanın şərtləri ilə bitməyəcəyi barədə mesaj göndrib. Burada söhbət “ADAM” minadaşıyan sistemdən gedir. Həmin minadaşıyan sistem uzaq məsafələrə minalar tullayır. Güclü qəlpələrə malik olan bu minalar Rusiyanın “ət hücumları”nın qarşısını ala bilər. Maraqlıdır ki, sonradan dinc əhaliyə təhlükə törətməməsi üçün bu minalar iki gündən sonra özləri zərərsizləşdirilir. Yaxın döyüş təmasında Rusiyanın “top yemləri”ni durdurmağa böyük ehtiyac var və ona görə də bu minalar əlahiddə fayda verə bilər. Əlbəttə ki, gərək göndəriləcək minaların sayı da lazmı miqdarda olsun. Bu minalardan istifadə olunması Ottava konvensiyasına əsasən 164 ölkə tərəfindən qadağan edilib, lakin ABŞ və Rusiya sözügedən sənədi imzalamayıblar. Digər tərəfdən, ABŞ mətbuatının məlumatına görə, Bayden daha bir mühüm qərara imza atmağa hazırlaşır və bununla bağlı Pentaqonla müzakirələr aparılır. ABŞ Ukraynaya "AGM-158 JASSM" raketlərinin verilməsini planlaşdırır. "AGM-158 JASSM" raketləri təxminən Almaniyanın "Taurus" raketlərinin funksiyasını yerinə yetirir və “F-16” təyyarələrinə quraşdırılır. Bu raketlər modifikasiyasından asılı olaraq 370 kilometrdən 900 kilometrədək uzaqlıdakı hədəfləri məhv etmək özəlliyinə malikdir. Anlaşılır ki, əslində bunları daha öncədən də etmək mümkün idi. Ümumiyyətlə, ABŞ Prezidenti Cozef Baydenin bu davranışları təkcə onun tutduğu siyasi xətlə bağlı deyil. Ukraynaya silah tədarükündə ehtiyatlı davranan Baydenin birdən-birə cəsarətlənməsi göstərir ki, ABŞ Prezident Administrasiyası indiyədək ehtiyatlılıq etməyib, sadəcə, müxtəlif bəhanələr gətirib. ABŞ dövlətinin strateji məqsədləri var və bu mənada istər Respublikaçılar və istərsə də Demokratlar özbaşına deyillər. Baydenin son günlər nümayiş etdirdiyi qətiyyətli addımlar Tramp dönəminə hazırlıqdır. Əgər Tramp kəskin geriyə dönüş edərsə, ona qarşı güclü əks kampaniya başladacaqlar. Digər yandan Ukraynanın mövqeyinin gücləndirilməsi Tramp üçün də sərfəlidir. Demokratlar Trampı Rusiya ilə yaxınlıqda ittiham edirlər. Düzdür, onlar ortalığa heç bir fakt qoya bilməyiblər, lakin Tramp Rusiyaya ciddi güzəştə gedərsə, Respublikaçıların içində də ona qarşı çıxanlar olacaq. Amerikada prezidentin güclü səlahiyyətləri olsa da, onu yönləndirənlər var. Güclü lider olacağını nümayiş etdirmək istəyən Tramp Putin qarşısında geri çəkilərsə, nüfuzu kəskin aşağı düşər.Bunu şübhəsiz ki,Tramp və komandası anlayır. ABŞ dövləti öz maraqlarını özündən dəfələrlə zəif olan Rusiyaya qurban verməz. Deməli, nə baş verəcəksə, öncədən hazırlanmış plandan kənara çıxmayacaq. Rusiya bir dövlət kimi ABŞ-nin irəliyə hesablanmış siyasətinin həyata keçirilməsi yolunda əngəl təşkil edərsə, bunun qarşısı alınacaq. Rusiya bu müharibədə təklənməkdən qorxur. Hələ ki, Moskvanın zahirdə müttəfiqlərinin olması görüntüsü ilə qarşılaşırıq. BRİKS-lə yanaşı bir çox ərəb və Afrika ölkələri müəyyən mənada Rusiyanı izolyasiyadan çıxarırlar. Lakin Çindən başqa heç kim real güc sayıla bilməz və onlar bu müharibənin müqəddəratını həll etmək iqtidarında deyillər. O ki qaldı sanksiyalara, ABŞ-nin özü bu sanksiyaları qəsdən sərtləşdirmir, sanki vaxtını gözləyir. Əgər dünyanın maliyyə nəhəngi ABŞ Rusiyaya qarşı sanksiyaları real surətdə sərtləşdirəcəksə, onda indi Kremlə yaxın olan ölkələr də bu prosesə qoşulacaqlar. Məsələn, ABŞ Rusiyanın “Qazprombank”-ına sanksiya tətbiq etdikdən qısa müddət sonra Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Qazaxıstan, Tailand, Vyetnam, Qətər bankları “Qazprombank” tərəfindən buraxılmış “UnionPay” bank kartlarına xidməti dayandırdı. Dünyadakı maliyyə-bank və ödəmə sxemi elə qurulub ki, hər şey sonda gəlib ABŞ və Avropanın nəzarətindəki sistemdən keçir. Çünki dünya ticarəti dollar sisteminə bağlıdır. Odur ki, iqtisadi və maliyyə cəhətdən distrofik olan Rusiyanın belə nəhəng və eyni zamanda mürəkkəb sistemə qarşı çıxması kinayə ilə qarşılanır. Dünyanın yenidən şəkillənməsində yalnız üç güc mərkəzi iştirak edə bilər - ABŞ, Avropa və Çin. Sonrakı dövlətlər ikinci dərəcəli mövqedə dayanacaqlar. Sözügedən bu güclər əslində Rusiyadan öz məqsədləri naminə istifadə edirlər. Burda Ukrayna ərazisi sanki poliqon kimi seçilib. Rusiya elə bilir ki, dünyanın gələcək geostrateji və qlobal maliyyə sistemində önəmli yer tutacaq. Elə məhz bu səbəbdən də o, Çini özünə müttəfiq və tay hesab edir. Reallıq isə tamamilə başqa cürdür və başqa şərtləri diqtə edir.Dünyanın güc mərkəzləri sıralamasında sözsüz ki, ABŞ şəksiz liderdir, Avropa və Çin isə mövqelərini möhkəmləndirmək niyyətindədirlər. ABŞ İkinci Dünya müharibəsindən sonra NATO vasitəsilə Avropa üzərində üstün durum əldə etdi və uzun müddət ərzində SSRİ-yə qarşı mübarizə onun işinə yaradı. İndi isə Avropa üçün yeni “bostan qorxuluğu”- Rusiya peyda olub. Avropa ABŞ-nin 80 ildir ki, istifadə etdiyi köhnə mexanizmdən qurtulmaq istəyirsə, öz siyasətində radikal dəyişikliklər aparmalıdır, əks halda Rusiya kimi başıpozuq siyasi və hərbi alət ona qarşı istifadə ediləcək. Beləliklə, Avropa qitəsi hərbi baxımdan ABŞ-yə ümid bəslədikcə solğun və əlacsız duruma düşəcək. Dünyanın müasir elm və texnologiya səviyyəsinə gəlməsinin səbəbkarı olan “qoca qitə” niyə özünü silahlandırmaq istəmir? Bəllidir ki,Böyük Britaniya həmişə kontinental Avropadan fərqli siyasət yürüdüb və “Brexit”dən sonra London bu siyasətini davam etdirir. Britaniya istər ABŞ və istərsə də Avropa Birliyi ilə elə münasibətlər qurur ki, kimdənsə asılı hala düşməsin. Amma bu sözləri digər Avropa ölkələri barəsində söyləmək olmaz. Əlbəttə, ABŞ Avropanın hərbi cəhətdən güclənməsini, nəhəng iqtisadi və maliyyə gücünə çevrilməsini arzulamır. Vaşinqton öz hegemonluğunun davam etməsi üçün dünyada potensial yeni güc mərkəzinin yaranmasına yol verməməyə çalışacaq. Bu, Avropa ilə yanaşı Çinə də aiddir. Çin iqtisadi və hərbi cəhətdən son iyirmi ildə xeyli güclənsə də, onun coğrafi yerləşmə mövqeyi elə də əlverişli deyil. Çin onun güclənməsini istəməyən Yaponiya, Cənubi Koreya, Vyetnam, Hindistan, İndoneziya, Filippin kimi ölkələrlə əhatələnib. ABŞ bu geostrateji mövqe mübarizəsini yaxşı görür və ona görə də əlverişli imkandan maksimum yararlanacaq. Elə bu səbəbdən də Pekin özünə Avrasiyanın daha uzaq mənzillərində dostlar axtarı. Bunların içərisində Səudiyyə Ərəbistanı, Pakistan, İran xüsusi yer tutur. Çin Braziliya, Misir, Cənubi Afrika Respublikasını da öz gələləcək ambisiyasında istifadə etməyə çalışır. Digər yandan Çin Rusiyaya etibar etmir. Pekində Rusiyanı iqtisadi cırtdan sayırlar və bu ölkəni özlərindən elə asılı hala salmaq istəyirlər ki, rusların sonradan qaçmağa yerləri qalmasın. Çinlilər maksimal dərəcədə səbr və təmkin nümayiş etdirirlər. Rusiya Çinə dempinq qiymətinə neft və qaz satır, oradan lazımı texnologiya və avadanlıqlar alır. Hazırda Rusiya avtomobil sənayesi çinlilərin əlindədir. Onlar yavaş-yavaş Rusiyanı tam öz ağuşlarına almağı düşünürlər və bu müharibənin uzanması onlara sərf edir. Dünyanın “ikinci ən güclü ordusu” elə kökə düşüb ki, Çinin arxa qapısında başını girələyən Şimali Koreyaya möhtac qalıb və SSRİ dövründə hazırlanmış nüvə silahları ilə Qərbi şantaj etməyə girişib. Dünya mətbuatının yazdığına görə Çin və Hindistan nüvə silahına əl atması təqdirində Rusiya ilə bütün diplomatik və ticarət əlaqələrini kəsəcəklərini deyirlər. Ağlı başında olan Rusiya rəhbəri heç bir vəchlə və qətiyyən Ukraynaya hərbi müdaxilə etməzdi. Artıq müharibənin üçüncü ilinin sonuna yaxınlaşırıq, rus əsgərləri isə Ukrayna çöllərində kütləvi şəkildə qırılırlar. Nəyin naminə? Rusiyada bunun səbəbini doğru -düzgün söyləyən yoxdur, çünki Kreml tam anlamadığı, nəticəsini düzgün qiymətləndirə bilmədiyi oyunun içinə girib. Bunun nəticəsidir ki, indi Moskvada oturub gözləyirələr ki, görəsən Tramp hansı siyasəti yürüdəcək?Əgər Rusiya dünyanın təkqütblülüyünə qarşı çıxırsa və güclü müttəfiqləri olmadan Qərb dünyasına meydan oxumaq fikrinə düşürsə, onda şübhəsiz ki, ağır məlubiyyət qaçılmaz olacaq. Digər yandan, hadisələrin dramatikləşməsi təqdirində Rusiya hakim elitasındakı parçalanmalar da qaçılmaz hal alacaq.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ