"Belə bir vəziyyəti daha əvvəl heç görmədim... ölü sayı çoxdur" - HATAYDAKI HƏKİMLƏR

09/02/2023 - 20:54

Türkiyədə bazar ertəsi səhərə yaxın baş vermiş zəlzələdə indiyədək minlərlə insan olüb, yaralanıb, eləcə də minlərlə bina dağılıb.

Türkiyə hökuməti zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir.

Bir çox ölkələr hazırda Türkiyəyə yardım resursları göndərməkdə davam edir. Təhlilçilər hesab edir ki, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir.

"Ölü sayı çoxdur"

Hatayda BBC-yə danışan həkimlər Mehmet ilə Selda iş karyeralarının ən çətin günlərini yaşadıqlarını deyirlər.

Selda çərşənbə axşamını zəlzələdə həyatını itirənlərin "ölüm sənədlərini dolduraraq" keçirdiyini və daha sonra başqa bir xəstəxanada yaralı insanları müalicə etmək üçün işlədiyini qeyd edib.

Mehmet zəlzələ zamanı əzilən və ya yaralanan xəstələrin kütləvi şəkildə tibb mərkəzlərinə gəldiyini vurğulayıb.

"Çox sayda sümük qırığı, boyun qırılması, baş yaralanması hallarına rast gəlirik. Ölü sayı da çoxdur", - Mehmet deyib.

"Covid-in pis olduğunu düşünürdük, həmin vaxt gecə-gündüz işlədik və çox sayda ölüm oldu. Amma belə bir vəziyyəti daha əvvəl heç görmədim", - türkiyəli həkim əlavə edib.

Suriyanın müharibədən zərər çəkmiş Hələb şəhəri Türkiyənin cənubunda da dağıntılara səbəb olan ölümcül zəlzələnin ağır yükünü daşıyan bölgələr arasındadır. Suriya ərazisində axtarış-xilasetmə işlərini "Ağ Dəbilqəlilər" adlandırılan xilasedicilər həyata keçirir.

Kahramanmaraş zəlzələ Türkiyə