GÜNÜN MÜBARƏK,SUMQAYITIM!

23/11/2024 - 15:56

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!

 

Gəlib məskən saldıq səndə,

Daim ilham aldıq səndən.

Əbədilik qaldıq səndə,

Sumqayıtım!

 

Bu gün sənin günündür,hamımızın olan doğma Sumqayıtımızın.Biz hamımız,əksər  sumqayıtlılar,ayrı - ayrı bölgələrdən oxumaq,işləmək üçün qoynuna üz tutduq,burda yaşadıq,burda çox şeylərə nail olduq,səni tale şəhərimiz,alınız yazımız bildik.Adınla bağlı o qədər əfsanələr yaratdı ki,səni sevən insanlar.Amma hər əfsanə də özündə bir gerçəklik saxlayır.Mənim əziz şəhərim,mavi gözlü balan,Xəzərin alıb səni ağuşuna gecələr layla çalır,gündüzlər ləpələnib nəğmələr deyir şəninə,yorulanda baş qoyub sinənə mışıl- mışıl uyuyur..Çoxumuz bu şəhərdə doğmalarımızı itirdik,onları sənin torpağına əmanət etdik.Əziz şəhərim,səndə bir sirr,bir sehr var,insanı özünə çəkir.Hara getsək,harda olsaq sənin üçün darıxırıq,sənə can atırıq,səni görməyə tələsirik.Sən çox çətinliklərlə üzləşdin,amma hər şeyə sinə gərib dözdün,dik durdun.Bu gün bəzəkli gəlinə bənzəyirsən.İndi çoxları bu şəhərdə olmaq,onun gözəlliklərini yaxından görmək arzusundadır.Sən sülh rəmzi,sülh şəhərisən.Bulvarın,parkların hər biri bir möcüzədir.Gəzdikcə küçələrini bəzən kür küləklərinin şıltaqlığıyla üzləşirsən,bəzən onlar da nadinc uşaq kimi yorulub ağaclara sığınır dincəlmək üçün.Sən əli qələm tutan şair balalarının ilham mənbəyi oldun,ruhumuza ruzi,ömrümüzə sərmayə oldun.Səni sevdik,sən də bizi sevdin.Uzağa gedəndə bizim üçün ana kimi darıxdın. Günün mübarək,SUMQAYITIM!

Əbədi yaşa,var ol!Var ol ki,biz də var olaq!

 

Sumqayıt!əbədi yaşa

Ay ömrü mənalı şəhər.

Yaranandan tikən- quran

Bənnalı- binalı şəhər.

 

Ocaq səndən,isti səndən,

Uduzdu kim küsdü səndən.

Hərdən zavod tüstüsündən,

Göyləri " cunalı" şəhər.

 

Qucağına cəm elədin,

Dərd- sərini kəm elədin,

Çox yetimi sən elədin,

Atalı- analı şəhər.

 

Ayağını yerə bərk vur,

Sinən üstə gül- çiçək vur,

Özünə tez - tez bəzək vur,

Aynalı- şanalı şəhər.

 

Xızı dağları arxanda,

Bakı qonşun- darıxanda,

Günəş dənizdən qalxanda,

Qulağı tanalı şəhər.

 

Dolanırıq dəlin kimi,

Açılırıq gülün kimi,

Yetmiş beşində gəlin kimi,

Əlləri xınalı şəhər.

 

Gülnarə Camaləddin, yazıçı - publisist, AYB-nin Sumqayıt bölməsinin rəhbəri

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44