Hacı İsmayılov 80 yaşında! - Fotolar

22/01/2024 - 19:06

Bu gün Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyidir.

“Qafqazinfo”nun məlumatına görə, 1944-cü il yanvarın 22-də Bakıda anadan olan H. İsmayılov, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. O, 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Ötən illərdə bu teatrın səhnəsində tamaşaçı rəğbəti qazanan onlarla xarakterik obraz yaradıb.

Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur. Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və mahiyyət təcəssümünü tapıb. 

Aktyorun 1977-ci ildə kinorejissor Rasim Ocaqovun ekranlaşdırdığı “Ad günü” filmində yaratdığı Mustafa obrazı ona geniş şöhrət qazandırıb və bu rola görə Respublikanın Dövlət mükafatı lauratı adına layiq görülüb (1980). Bundan sonra “Bağlı qapı arxasında” (Alik), “Yol hadisəsi” (Mürşüd), “Ölsəm, bağışla” (Tağı), “Fəryad” (Rövşən), “Bəyin oğurlanması” (Tağı), “Özgə həyat” (Qasımov) filmlərində müxtəlif xarakterli rollara çəkilib.

Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu əsərlərdə iştirak edib. Onların arasında V.Səmədoğlunun “Yaşıl eynəkli adam” (Qafar), M.Süleymanlının “Fatehlərin divanı” (Qazi), Ü.Hacıbəyovun “Ordan- burdan” (Qoçu Gülbala), İ.Əfəndiyevin “Atayevlər ailəsində” (Xuruşid), A.Məmmədovun “Kişilər” (Səməndər), A.Babayevin “Nekroloq” (Fərəc) və s. tamaşalarda dramatik və tipik obrazlar yaradıb.

Hacı İsmayılov 1989-cu ildə respublikanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.









Qafqaz.Media


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28