İsrail XİN rəhbəri Quterreşlə bağlı qərarından dönməyəcəyini bildirib
İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi “arzuolunmaz şəxs” (persona non qrata) elan etmək qərarından dönməyəcəyini bildirib. APA xəbər verir ki, Katz bu haqda “X” hesabında məlumat verib. "Quterreş BMT-də dəstək üçün imza toplamağa cəhd etməyə davam edə bilər, qərar dəyişdirilməyəcək", - deyə o bildirib. Katz əlavə edib ki, o, BMT-nin baş katibini “arzuolunmaz şəxs” elan edib və İranın İsrailə raket hücumunu pisləmədiyinə görə onun İsrailə girişini qadağan edib. O həmçinin sorğu nəticəsində İsrail ictimaiyyətinin 87%-inin bu qərarı dəstəklədiyinin məlum olduğunu deyib.