KOMMUNAL XİDMƏTLƏR DƏ BAHALAŞACAQ? – Gözləntilər açıqlandı
Məlum olduğu kimi, bu yaxınlarda dizel və Aİ-92 markalı benzinin qiyməti bahalaşıb. Bu bahalaşmanın ardından digər sahələrdə də qiymətlərin artacağı iddia olunur. Bir sıra yerli KİV-lərin yazdığına görə, yaxın vaxtlarda ölkədə kommunal xidmətlərin də qiyməti bahalaşacaq. Bəzi ekspertlər də kommunal qiymətlərdə artımın gözlənilən olduğunu deyirlər. Maraqlıdır, deyildiyi kimi, kommunal qiymətlərdə artım olacaqmı? Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, kommunal sahədə qiymət artımı Tarif Şurasının qərarından asılı olan bir məsələdir: “Bizdə kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır. Tarif Şurası, yəni hökumət tərəfindən qərar verilir. Bu məsələ Tarif Şurasının qərarına bağlı olduğu üçün bir iqtisadçı olaraq dəqiq tarix söyləmək mümkün deyil".
Ekspert qiymət artımının olacağıyla bağlı ehtimalların yüksək olduğunu deyib:“Bu yaxınlarda dizel və benzinin qiymətində artım oldu. Ehtimal etmək olar ki, kommunal xidmət göstərən təşkilatların xərcləri artdığı üçün bu sahədə də qiymətlər arta bilər...Həmçinin yanacağın qiymətinin artırılmasının nə qədər inflyasiya gətirəcəyi müşahidə edilir. İnflyasiya sürətli olmasa, hökumət növbəti il bu qərarlara gedə bilər. Qərar bazar prosesləri əsasında verilmədiyi üçün qiymət artımı 3 ay sonra da, 1 il və ya 2 il sonra da ola bilər”.
İqtisadçı Natiq Cəfərli də “AzPolitika”-ya şərhində bildirib ki, qeyd olunan qiymət artımı birbaşa hökumətin qərarına bağlı olan bir məsələdir: “Bir çox ölkələrdə kommunal qiymətlər bazar qiymətləri və bazardakı dəyişikliklər əsasında formalaşır. Bizdə isə rəsmi qərar olmalıdır. Belə bir ehtimalın olduğunu söyləmək olar. Səbəb kimi isə dizel yanacağının qiymətinin artmasını göstərə bilərlər. Hazırda kommunal xidmət göstərən sahələrdə - təmir işlərində, yeni magistral xətlərin çəkilməsində, logistika və daşımalarda dizel yanacağından istifadə olunur. Bu səbəbdən qiymət artımıyla bağlı Tarif Şurasına müraciət ola bilər”.
Ancaq N. Cəfərli qeyd etdi ki, sözügedən qiymət artımının yaxın günlərdə olma ehtimalı çox aşağıdır:“Qarşıdan növbədənkənar parlament seçkiləri gəlir. Zatən yanacağın qiymətinin artması kifayət qədər narazıçılıq yaratdı. Bunun üzərinə kommunal xidmətlərin senyabra qədər artması narazıçılığı daha da artıra bilər. Ona görə də yaxın həftələrdə bunun olacağını düşünmürəm”.
N. Cəfərlinin sözlərinə görə, hökumət gələn ilin əvvəlində belə bir qərar qəbul edə bilər:“Zatən Azərbaycanda yazılmamış belə qaydalar mövcdudur. Kommunal xidmətlərdə qiymət artımı adətən yanvar ayına təsadüf edir. Yeni büdcə formalaşan zaman müyyən ipucları əsasında bunu müəyən etmək olar. Əgər kommunal xidmətlərə verilən dotasiyalar azalsa, deməli, qiymət artacaq. Yəni, bu nöqteyi nəzərdən belə bir ehtimalın olmasını gözləmək mümkündür”.