“Məktəb” jurnalının ilk nömrələri transliterasiya olunub
Azərbaycan milli mətbu irsində əhəmiyyətli yer tutan və uşaq mətbuatımızın parlaq nümunələrindən olan “Məktəb” jurnalınının 113 il əvvəl işıq üzü görmüş ilk sayları latın əlifbasına transliterasiya edilib. 1911-ci ildə nəşrə bağlayan, maarifçi və elmi-pedaqoji istiqaməti ilə seçilən jurnalın elə həmin il çapdan çıxmış üç nömrəsini Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müəllimi Fərqanə Məlikova oxuculara təqdim etmişdir. Kafedranın müdiri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bu addımı mətbu irsimizə layiqli töhfə kimi qiymətləndirmişdir.
“Məktəb" jurnalı Bakıda Azərbaycan dilində nəşr olunurdu. Jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncusu 1920-ci il martın 21-də çapdan çıxmışdır. Cəmi 95 nömrəsi işıq üzü görmüşdür. Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr edilən "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" kimi səciyyələndirilir. Transliterasiya edilmiş saylardan da görünür ki, "Məktəb" pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, elmə, maarifə həvəsin artmasında, uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində ciddi rol oynamışdır. Jurnalda S. S. Axundov, Ü.Hacıbəyli, A. Şaiq, A. Səhhət kimi ədiblərin yazıları ilə bərabər, rus klassiklərindən tərcümələr də verilmişdir. Bütövlükdə jurnalda dövrün ziyalılarının orijinal və tərcümə materialları, uşaqların zehni inkişafına xidmət göstərən qiymətli materiallar əsas yer tutur.
“Zərdabi nəşr”də kütləvi tirajla çap olunmuş “Məktəb”in transliterasiyasnın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, rəyçisi isə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlidir.