Saakaşvilinin məhkəməyə distant qaydada qatılması təmin edilmədi - EKS-PREZİDENT ACLIQ AKSİYASINA BAŞLADI / Yenilənib

14/12/2022 - 16:04

Gürcüstanın həbs olunmuş sabiq prezidenti Mixeil Saakaşvili yenidən aclıq aksiyasına başlayıb. O, məhkəmə iclasında məsafədən iştirakının təmin edilməsini tələb edir.

“Sputnik-Georgia” xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Şalva Xaçapuridze məlumat verib.

Sabiq prezidentin cəzasına təkrar baxılması ilə bağlı dekabrın 14-nə təyin edilmiş bağlı məhkəmə iclası onun səhhəti ilə əlaqədar olaraq dekabrın 22-nə təxirə salınıb. Hakim bu qərarı Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin indiki mərhələdə iclasa məsafədən qoşulmanı təmin etmək imkanından məhrum olduğunu açıqlamasından sonra qəbul edib.

"Bu gün məni ən elementar hüququmdan - məhkəmədə iştirak etməkdən məhrum etdilər. Bu, Gürcüstan qanunlarının və beynəlxalq normaların pozulmasıdır. Ona görə də etirazın ən son forması olan aclıq aksiyasına əl atmağa məcburam", - Saakaşvilinin Xaçapuridze tərəfindən oxunan bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl Saakaşvili iki dəfə aclıq aksiyası elan edib. Onun birinci dəfə, saxlanıldığı gün - 2021-ci il oktyabrın 1-də elan etdiyi aksiya 50 gün davam edib və sabiq prezidentin səhhətinə mənfi təsir göstərib.

Saakaşvili mayın 12-dən etibarən “Vivamedi” klinikasında müalicə alır.

*** 14:46

Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı vəsatətə baxılmasını yenidən təxirə salıb.

Qafqaz.media xəbər verir ki, hakim Giorgi Arevadzenin qərarına əsasən, növbəti iclas dekabrın 22-də keçiriləcək.

Bundan əvvəl siyasətçinin bugünkü məhkəmə iclasında distant qaydada iştirak edə biləcəyi bildirilirdi. Lakin Penitensiar Xidmət texniki səbəblərdən Saakaşvilinin prosesə uzaqdan qatılmasını təmin edə bilmədiklərini bəyan edib. Bundan əlavə, şöbənin nümayəndəsi əlavə edib ki, tibbi sənədləri öyrənmək üçün onlara bir ay “ağlabatan vaxt” lazımdır.

Həkimlər bu gün yenidən Saakaşvilinin bu ilin may ayından qaldığı “Vivamed” klinikasından məhkəməyə aparılmasını məqsədəuyğun saymayıb. Eyni zamanda, klinika Saakaşvilinin məhkəmə iclasında distant rejimdə iştirak etməyə hazır olduğunu təsdiqləyib.

Qafqaz.media

*** 13:19

Hazırda Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cəzasının dayandırılması ilə bağlı proses gedir.

Qafqaz.media xəbər verir ki, Mixail Saakaşvilinin özü məhkəmədə onlayn qaydada iştirakdan imtina edib.

Hakim Giorgi Arevadze Penitensiar Xidmətin məktubunu oxuyub. Məktubda bildirilir ki, idarə məhkum Saakaşvilinin uzaqdan (distant qaydada) iştirakını təmin edə bilmir.

Hakim “Vivamed” klinikasının məktubunu da oxuyub, orada deyilir ki, həkim Mixail Saakaşvilinin məhkəmə zalına aparılmasını məqsədəuyğun hesab etmir.

Vəkillər Gürcüstanın keçmiş prezidentinin cəzasının dayandırılması ilə bağlı vəsatət qaldırıblar.

Proseslə paralel olaraq müxalifət partiyalarının nümayəndələri və Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsi yaxınlığında toplaşıblar.

Qafqaz.media