Sabiq deputatla qohum olduğu üçün “satqın”, “vətən xaini” adlandırıldı... - ŞOK FAKTLAR
Ölkəsində işgəncələrə məruz qalan Orxan Əliyevin dəhşətli ailə dramı
Orxan Əliyev Naxçıvanda doğulub, elə burada da boya-başa çatıb. 2012-ci ildə “çörəkpulu” dalınca Ukraynaya gedib, 2020-ci ilədək burada çalışıb. Qəribçilikdən yorulan Orxan həmin ilin yanvar ayında Naxçıvana qayıdıb. Məqsədi ailə həyatı quraraq, Vətənində yaşamaq olub. Lakin ailə həyatı qurmağı onu ölkədən didərgin salıb. Onun həyat hekayəsini dinlədikcə, insanın tükləri biz-biz olur.
Deyir ki, Ukraynadan Naxçıvana qayıdandan bir neçə gün sonra qohumları ilə görüşmək üçün Bakıya yola düşüb. “Özümə lazım olan dərmanları almaq üçün aptekə getdim. Orada satıcı işləyən qız ilk baxışdan xoşuma gəldi. Bundan sonra bir neçə dəfə ardıcıl olaraq həmin aptekə getdim, satıcı qızın tək olmasını istəyirdim ki, onunla tanış olum”, - deyən Orxan Əliyev bildirir ki, nəhayət, günlərin birində onunla danışıb, əvvəl dost, daha sonra sevgili olublar:
“Əvvəlcə haradan olduğunu, hansı ailədən olduğunu bilmədim, tanış olandan sonra onun da naxçıvanlı olduğunu öyrəndim. Bir-birimizi daha yaxından tanımaq üçün bir müddət görüşməyə davam etdik. Sonra işlər ciddiləşdi və mən onunla evlənmək istədim. Onun hansı ailədən olduğunu öyrəndim. Lakin mənim ailəmlə onun ailəsini müqayisə edəndə maddi cəhətdən böyük ölçüdə fərq olduğunu anladım. Sonradan bildim ki, işlədiyi aptek də onların şəxsi aptekidir və qonşuluqda geyim mağazaları da var. Yəni onlar böyük, zəngin ailə idilər”.
Orxan Əliyev əlavə edir ki, ailəsinin zəngin olmasına baxmayaraq, sevdiyi qız (gələcək həyat yoldaşı) bunu büruzə verməyən, çox sadə insan olub. Bu səbəbdən də, ona evlilik təklif edib. Bundan sonra o, anasına deyib ki, bir nəfər oğlan mənimlə ailə həyatı qurmaq istəyir və niyyəti ciddidir. Anası da məsələni ərinə danışıb və mənim ailəmi araşdırmasını istəyib:
“Bir neçə gün sonra yoldaşımın atası deyib ki, mənim onlara verməyə qızım yoxdur. Bizi “satqın” və “vətən xaini” adlandırıb. Mənim anamın dayısı oğlu vaxtilə Heydər Əliyevin ən yaxın silahdaşlarından olan Hüseyn Abdullayev (“Quska”) siyasi motivlərlə həbsdə olduğuna görə, bizi satqın görüblər, digər tərəfdən də bizə yuxarıdan aşağı baxıblar.
Buna rəğmən, mən də adətimizə uyğun olaraq bu barədə ailəmlə danışdım. Lakin mənim valideynlərim də bu qızı istəməyimi məsləhət bilmədilər. Çünki bu ailəyə yaxınlaşmaq istəmirdilər. Buna baxmayaraq, mən qızı, qız da məni istədiyi üçün valideynlərimdən xahiş etdim ki, qıza elçi getsinlər. Onlara dedim ki, əgər qızın ailəsi imtina etsə, mən bunu qəbul edəcəm.
07 mart 2020-ci il tarixdə atam, anam, qardaşım və mən onların qapısına getdik. Zəngi vurduq, cavab verdilər, niyə gəldiyimizi dedik. Bizi içəri buraxmadılar, gedib atasını axtardılar. Bizi təhqir edib evdən qovdular. Ailəm mənə “narahat olma, belə şeylər ola bilər” deyərək, məni sakitləşdirməyə çalışırdı.
Qeyd etdiyim kimi, onlar çox varlı ailədir və böyük nəsildirlər. Məsələn, həyat yoldaşımın atası on qardaşdan biridir. Demək olar ki, əşirət prinsipi ilə yaşayırlar. Ona görə də ata qızını kimə ərə versə, qızı razılaşmalı və onunla evlənmək məcburiyyətindədir. Öyrəndim ki, istədiyim qızı əmisi oğluna vermək istəyirlər. İstədiyim qız da mənə dedi ki, atası onu əmisi oğlu ilə evləndirməyə məcbur etsə, özünü öldürəcək. Atası da qızının buna razı olmadığını anlamışdı. Ona görə də işi çox tez həll etdilər və istədiyim qızı (gələcək həyat yoldaşımı) əmisi oğlu ilə nişanladılar”.
Orxan Əliyevin sözlərinə görə, sonradan sevdiyi qızın nişanlısı onların münasibətindən xəbər tutub: “09 mart 2020-ci il tarixdə həyətimizdə bir maşın dayandı. İçindən düşən 2 nəfər onlarla getməyimi istədilər. Səbəbini soruşduqda bildirdilər ki, Naxçıvan Daxili İşlər Nazirliyində 5-10 dəqiqəlik söhbətləri var. Mən də onlarla getdim, özümdən əmin idim ki, mənim heç bir günahım yoxdur. Güman etdim ki, hər hansı bir məsələ ilə bağlı izahat ala bilərlər. Məni sevdiyim qızın nişanladıqları əmisi oğlu olan yüksək rütbəli polis işçisi Sahil Mustafayevin yanına apardılar. Daha sonra məni həmin binanın zirzəmisinə endirdilər. Qızla (indiki həyat yoldaşımla) necə tanış olduğumu və necə dost olduğumuzu soruşdu. Mən ona həqiqəti dedim. Bildirdim ki, biz bir-birimizi sevirik və evlənmək istəyirik. Gülə-gülə mənim sifətimə qəflətən şillə vurdu və ətrafdakılara dedi ki, qollarımı arxadan qandallasınlar. Həmin şəxslər məni üzü üstə yerə yıxaraq qollarımı arxadan qandalladılar. Həmin qandal izləri bu günədək qalır. O, məni döyməyə, təhqir etməyə, “sən kimsən ki, bu qız səninlə evlənsin?!” deməyə başladı.
Məni saldıqları otaq zirzəmi idi, nə qədər qışqırsam da, heç kim səsimi eşitmirdi. Beş nəfər polis əməkdaşı var idi, amma hamısı mülki geyimdə idi, qarşımda isə sevdiyim qızın əmisi oğlu dayanmışdı. Mənə çox işgəncə verdilər, şəxsiyyətimi aşağılayan hərəkətlər və söyüşlər edirdilər. Hətta yoldaşımın evlilikdən öncə hədiyyə etdiyi üzük barmağımda idi, içində bizim adımız da var idi, onu gördü, üzüyü çıxardı, barmağımı qapının arasına qoyaraq sıxanda barmağım kəsildi.
Daha sonra əlimə qaynar su töküb yandırdılar və bir çox çirkin işlər gördülər ki, dilimə gətirmək istəmirəm. İndi də o günü xatırlayanda stress keçirirəm. Həmin gündən sonra özümü tanıya bilmirdim”.
Həmsöhbətim deyir ki, ağır işgəncələrdən sonra onu gətirib evlərinə yaxın ərazidə maşından atıblar: “Birtəhər ayağa qalxıb, güc-bəla ilə evə gedə bildim. Ailəm məni bu halda görəndə şok olmuşdu. Hətta həmin vaxt atamın səhhəti pisləşərək infarkt keçirdi.
Bütün bunlardan sonra mən daha yaşamaq istəmirdim. Özümə qəsd edərək, biləyimi kəsdim. Məni iki saata yaxın evdə saxladılar, sonra xəstəxanaya apardılar, üst-başım qan içində idi. Xəstəxanada mənə tibbi yardım göstərildi, barmağımı əməliyyat etmək istədilər, icazə vermədim, belə saxlamağa üstünlük verdim, ombamda ciddi yara var idi, məni xəstəxanada saxlamaq istədilər, amma istəmədim, cəmi bir gün qaldıqdan sonra evə getdim.
Bir aya yaxın ev şəraitində müalicə olundum və atam da yavaş-yavaş normal həyata qayıtdı. Baş verənlər məndə ciddi psixoloji problemlər yaratmışdı, evdən çıxmağa belə qorxurdum, özümə qapanmışdım və ümidsiz idim. Bu ərəfədə həm də psixoloji yardım almaq və müalicə olunmaq məcburiyyətində qaldım. Səhhətim xeyli normallaşmışdı.
Səhv etmirəmsə, mart ayının 26-sı idi, həmin dönəmdə Naxçıvan MR Ali Məclisinin sədri olan Vasif Talıbovun qəbuluna getdik ki, başımıza gələnləri ona bildirək. O isə, istədiyim qızın (indiki həyat yoldaşımın) qohumu olduğuna görə bizi söyüb təhqir edərək, otağından qovdu.
Ordan çıxdıqdan sonra Daxili İşlər Nazirliyinə onlayn müraciət etdik. Xeyli zaman keçməsinə baxmayaraq, nazirlikdən bir xəbər çıxmadı. Ona görə 2020-ci ilin aprel ayının əvvəllərində şikayət ərizəsi yazaraq Daxili İşlər Nazirliyinə təqdim etdim, mənə qarşı törədilən cinayət işinin araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini xahiş etdim. Lakin şikayət ərizəmə nazirlik cavab yazaraq bildirdi ki, şikayət ərizəm araşdırılması üçün Naxçıvan MR-nin Daxili İşlər Nazirliyinə göndərilib. Halbuki, mənə qarşı törədilən cinayət hadisəsi Naxçıvan MR-nin Daxili İşlər Nazirliyində törədilmişdir. Onlar bunu necə obyektiv araşdıra bilər və heç araşdırmadı da. Bu faktiki olaraq məni döyüb işgəncə verən şəxslərin barəsində cinayət işinin açılması ilə bağlı tələbimin rədd edilməsi idi.
Sonra məlumat aldım ki, Daxili İşlər nazirinin arvadının qardaşı mənim indiki həyat yoldaşımın atasının çox yaxın dostudur, ona görə də bu ailəyə qarşı heç nə etməyiblər.
Bu arada qeyd edim ki, baş verənlər barədə sevdiyim qıza (bu günkü həyat yoldaşıma) heç nə deməmişdim, düşündüm ki, özünə bir xətər yetirər. Onunla vaxtaşırı danışırdıq və müstəqil şəxslər kimi öz həyatımızla bağlı qərar vermək qərarına gəlmişdik”.
Orxan Əliyev vurğuladı ki, bütün təzyiqlərə baxmayaraq, sevdiyi qızla rəsmi nikaha daxil olmağı qərara alıb: “14 oktyabr 2020-ci il tarixində rəsmi nikaha girdik. Həmin günün səhərisi mən yoldaşımı qaçırıb, Astara rayonunda yaşayan yaxın dostumun yanına apardım. Onun 2 mərtəbəli evi var idi, 1 mərtəbəsini bizə verdi. Bir müddət yoldaşımla birgə həmin evdə qaldıq. Məlumat aldım ki, qızın qohumları məni axtarır, məni öldürməyə and içiblər, ona görə Ukraynaya qaçmalı oldum. Təyyarə ilə getməyə risk etmədim, çünki, onların əlləri uzun idi, hər bir dövlət orqanlarına çıxışları var idi. Sərhəd xidmətində saxlanılmağımdan ehtiyat etdim. Ona görə, qeyri-leqal yollarla ölkədən çıxdım. Ukraynada etibarlı bir insanın yanında olurdum, ona güvənirdim, bilirdim ki, onun yanında mənə heç bir xətər dəyməz. Yoldaşımın ailəsi xəbər tutmuşdu ki, mən Ukraynadayam və elə bilirdilər ki, yoldaşım da mənim yanımdadır.
Orada işləyib pul qazanırdım, yoldaşımın xərclərini və yaşayışını təmin etmək üçün dostuma pul göndərirdim ki, ona versin. Eyni zamanda, yoldaşımı Ukraynaya yanıma necə aparmaq haqda yollar axtarırdım.
Lakin Ukraynada müharibə başlayanda vəziyyətim çətinləşdi, həm işləmək, həm də təhlükəsizlik qayğılarım var idi. Bir tərəfdən də yoldaşım məndən ötrü darıxır və çox narahatçılıqlar keçirirdi. Özüm də fikirləşdim ki, belə ayrı yaşamaq ikimiz üçün də çətindir. Ona görə yanında işlədiyim şəxsdən xahiş etdim ki, bu məsələdə mənə köməklik etsin. O da Azərbaycandakı əlaqələri vasitəsilə bizə Avropaya qaçmaq üçün viza düzəltməyə söz verdi.
Viza məsələləri həll olunmaq üzrə idi. Həmin ərəfədə Ukraynadakı döyüşlərdə bir azərbaycanlı dostumuz da həlak olmuşdu. Onu dəfn olunması üçün Azərbaycana aparmalı idik. 2022-ci il sentyabrın 10-da onun cənazəsini qatarla Azərbaycana gətirdik. Artıq viza üçün hər şeyi düzəltmişdim, barmaq izini götürməyə getdik və sentyabrın 28-də yoldaşım və körpə oğlumla birlikdə Azərbaycanı təhlükəsiz qaydada tərk edərək Almaniyaya gəldik.
Mənim Ukraynada yaşamaq hüququm olduğuna görə Almaniya hökuməti bizə sığıncaq verdi. Uzun məşəqqətlərdən sonra bir az sakit yaşaya bildik. Lakin bu sakitlik cəmi 1 il çəkdi. Çünki mənim Ukraynada yaşamaq müddətimin bitməsinə 1 il qalmışdı. Ona görə, 1 ildən sonra Almaniya hökuməti bizə sığınacaq vermədi. Ailəmlə küçələrdə qalmalı olduq, problemlər yaşadıq, həyat yoldaşım dövlət himayəsinə müraciət etdi. Keçirdiyim gərginliklərdən, uşağımın ölümündən qorxduğum üçün psixoloji problemlər yaşadım və xəstəxanaya düşdüm. Bizi Azərbaycana qaytarmaq istədilər və məni ölkədən qovmaq qərarına gəldilər. Lakin mən bilirdim ki, geri dönsəm özümün, oğlumun və ümilikdə ailəmin həyatını təhlükəyə atmış olacam. Bu ailəni yaxşı tanıyıram, onlar istədiyi adamı öldürüb, qanını da batıra bilərlər. Onların əlləri hakimiyyətin ən yüksək eşelonuna belə çatır.
Bu ərəfədə, yoldaşımın qohumlarının bizim Almaniyada olmağımızla bağlı məlumat əldə etdiklərini öyrəndik. Ona görə özümün və ailəmin təhlükəsizliyi üçün Almaniyadan qaçaraq, İsveçrə dövlətinə sığındıq.
Burda daha bir qız övladım doğulub. İlk evlilikdə həyat yoldaşımın və öz həyatımla məşğul idimsə, indi uşaqlarımın da həyatını düşünmək məcburiyyətindəyəm. Öz doğma Vətənimdə ailə həyatı quraraq yaşamaq istəyirdim. Lakin hansısa cinayətkar, kriminal ünsürlərin ucbatından biz ölkəmizdən didərgin düşüb, belə bir acınacaqlı taleyə məhkum edilmişik”.
Muxalifet.az