Zəlzələ zamanı axtarış-xilasetmə işləri necə aparılır?

09/02/2023 - 20:49

Fevralın 6-da Kahramanmaraşda və Suriya ilə yanaşı 11 vilayətdə baş verən iki güclü zəlzələdən sonra minlərlə insan həlak olub.

Axtarış-xilasetmə işləri dünyanın hər yerindən ekspert qrupları ilə davam edir.

Axtarış və xilasetmə işlərinə necə başlanılır?

Xilasedicilər ilk dəfə zəlzələ yerinə gələndə dağılmış binaların hansında sıxılıb-qalmış insanların ola biləcəyini qiymətləndirirlər.

Bunu böyük beton plitələr və ya pilləkən boşluqları altında "çatlaqlar" axtararaq edirlər; çünki burada sağ qalanlar ola bilər.

Həmçinin binanın daha da çökməsi, qaz sızması, su basması ehtimalı və damlardakı asbest kimi təhlükəli materiallar da daxil olmaqla digər təhlükələr də nəzərə alınır.

Xilasedicilər sağ qalanlara çatmağa çalışarkən, dəstək xidməti işçiləri binanın hərəkətliliyini izləyir və hər cür səsə qulaq verirlər.

Tamamilə dağılmış binalarda axtarış, adətən, ən axırda aparılır, çünki onlarda sağ qalanları tapmaq ehtimalı azdır.

Xilasetmə qruplarının işi bir agentlik, adətən, BMT və ev sahibi olan ölkənin bir qurumu tərəfindən əlaqələndirilir. Xilasedicilər xüsusi təlim keçir və cüt və ya daha böyük qruplarla işləyirlər; tez-tez yerli sakinlər də xilasetmə işlərinə cəlb edilir.

Türkiyə, zəlzələ

Hansı avadanlıq lazımdır?

Xilasedicilər dağıntıları çıxarmaq üçün ağır texnikadan, o cümlədən ekskavator və hidravlik dokratlardan istifadə edirlər.

Binaların xaricindəki iri beton plitələri ekskavatorla kənara çəkmək olar ki, xilasedicilər içəridə sıxışmış insanları görə bilsinlər.

Çevik çubuqların uclarına bərkidilmiş video kameraları dağıntıdakı boşluqlardan keçirərək sağ qalanların yerini müəyyən etməyə çalışırlar.

Xüsusi audio avadanlıq bir neçə metr məsafədə ən zəif səsləri aşkar edə bilir. Bu ərazidə sükut tələb olunur, çünki xilasetmə qrupunun üzvü üç dəfə düyməni basıb cavab eşitmək üçün gözləyir.

Huşunu itirmiş sağ qalanların yerini müəyyən etmək üçün karbon qazı detektorlarından istifadə edilə bilər. Onlar ən yaxşı qapalı yerlərdə işləyir və havada karbon qazının konsentrasiyasını aşkar edirlər.

Xilasedicilərin birbaşa görmə xəttində olmayan insanların yerini müəyyən etmək üçün termoqrafik kameralar istifadə edilə bilər. Bu cihazlardan bədən istiliyini müəyyən etmək üçün istifadə olunur.

Xilasedici itlər nə edir?

Xüsusi təlim keçmiş itlər xilasedicilərin tapa bilmədiyi həyati əlamətləri aşkar etmək üçün iybilmə qabiliyyətlərindən istifadə edə bilərlər.

İtlər, həmçinin böyük əraziləri tez bir zamanda yoxlaya, axtarış apara və xilasetmə prosesini sürətləndirə bilirlər.

Yalın əllə işləmək olarmı?

Böyük beton plitələr çıxarıldıqdan sonra xilasedicilər əllərindən və çəkic, külüng və kürək kimi kiçik alətlərdən, həmçinin motorlu mişar və dəmir kəsicilərdən istifadə edirlər.

Onlar iti dağıntıları çıxararkən dəbilqədən və əllərini qorumaq üçün əlcək və başqa qoruyucu vasitələrdən istifadə edirlər.

Bununla belə, Türkiyədə xilasetmə işlərinin ləng getdiyi və texnikanın olmadığı bəzi ərazilərdə yerli əhalinin donmuş yaş dağıntıları yalın əlləri ilə qaşıdığı gözə çarpıb.

“O dağıntıları əllə idarə etmək üçün möhkəm iş əlcəkləri lazımdır. Çünki içəridə kiminsə sağ olduğunu eşidəndə bütün ağır texnika dayanır və əlləri ilə qazmağa məcbur olurlar və bu, insanın imkanlarından kənardır.

"Meydanda əllər və onlar üçün əlcəklər lazımdır", - BBC-yə adanalı bir restoran sahibi Bedia Güçüm deyib.

Türkiyə, zəlzələ

Əməliyyatın nə vaxt bitəcəyinə necə qərar verilir?

Bu qərar BMT-nin koordinasiya agentliyi ilə ev sahibi ölkənin mərkəzi hökuməti və yerli hökuməti arasında qəbul edilir.

Axtarış-xilasetmə işləri, adətən, fəlakətdən beş-yeddi gün sonra, bir-iki gün ərzində heç kim sağ tapılmadıqda dayandırılır.

Lakin bu məqamdan sonra da insanların sağ-salamat xilas edildiyi məlumdur.

2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra 27 gün dağıntılar altında qalan bir kişi sağ tapılıb.

2013-cü ildə Banqladeşdə fabrikin çökməsindən 17 gün sonra bir qadın dağıntılar altından çıxarılıb./bbc