Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR

29/06/2024 - 07:22

Üç gün öncə bütün ölkəyə səs salan cinayət hadisəsi baş verib. Belə ki, bir nəfər silahlı şəxs üç polis əməkdaşı və bir mülki şəxsi güllələyərək qətlə yetirib. Azərbaycan reallığında belə bir hadisəyə nadir rast gəlinir.

Sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyevin polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərməsi, onları amansızlıqla qətlə yetirməsi və bundan sonra onun özünün əməliyyat zamanı zərərsizləşdirilməsi yer alıb.

Lakin bəzi sosial şəbəkə istifadəçiləri bu hadisələrlə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan fikirlər səsləndirib, məlumatlar tirajlayıblar. Onların əsas məqsədi qaragüruh yaratmaqla reallığı əks etdirməyən fikirlərlə polisin nüfuzuna xələl gətirmək, işlərinə kölgə salmaqdır.

Oxu.Az sözügedən hadisə və cinayəti törədən şəxslə bağlı məlumatlar əldə edib.

Belə ki, Rövşən Oqtay oğlu Allahverdiyev çoxsaylı vətəndaşı aldadaraq onlara məxsus torpaq sahələrinin özəlləşdirilməsinə, onların müxtəlif orqanlarda işə düzəlməsinə köməklik edəcəyi adı ilə külli miqdarda pullarını mənimsədiyindən 2023-cü ilin mart ayında ölkə hüdudlarını Türkiyə istiqamətində tərk etməyə cəhd göstərərkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Rövşən Allahverdiyevin vətəndaş Rasim Hidayət oğlu Məmmədova məxsus torpaq sahəsini özəlləşdirmək adı ilə sonuncunun 320 000 manatını ələ keçirməsi faktı üzrə DİN-in istintaq qurumlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq Rövşən Allahverdiyev 30 mart 2023-cü il tarixdə CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda Rövşən Allahverdiyevin torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaş Abdullayev Eynulla Adil oğlunun 139 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə 25 mart 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi Rövşən Allahverdiyevin barəsində istintaq edilən digər cinayət işi ilə bir icraatda birləşdirilib.

İstintaq prosesində 29 avqust 2023-cü il tarixində Rövşən Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müdafiə tərəfinin vəsatəti ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə həmin şəxs həbsdən azad edilib.

Bundan əlavə, Rövşən Allahverdiyevin vətəndaş Nicat Namiq oğlu Hacıyevi Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq 20 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı 28 iyun 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq zamanı onun digər vətəndaş Abbas Eldar oğlu Dadaşovu da aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə 1 141 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edildiyindən əməli CM-in 178.4-cü maddəsinə tövsif edilib, 9 sentyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

15 sentyabr 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Rövşən Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək sonuncu təkrarən həbsdən azad olunub.

Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Rövşən Allahverdiyev istintaq orqanından gizləndiyinə görə 30 oktyabr 2023-cü il tarixdə barəsində axtarış elan edilib.

Hadisənin təfərrüatına gəlincə, əldə etdiyimiz digər məlumata görə, səkkiz aya yaxın istintaq orqanlarından gizlənən Rövşən Allahverdiyevin 24 iyun 2024-cü il tarixə keçən gecə yaşadığı ünvana gələcəyi barədə məlumat almış əməliyyat xidmətinin əməkdaşı dərhal bu barədə aidiyyəti üzrə məruzə edib, həmin ünvana əlavə qüvvələr, eləcə də ərazidə xidmət aparan post-patrul naryadları göndərilmiş, ilk gələn post-patrul əməkdaşı ilə əməliyyat xidmətinin əməkdaşı Rövşən Allahverdiyevi yaşadığı ünvanın qarşısında saxlayıblar.

Bundan sonra Rövşən Allahverdiyev səkkiz aya yaxın azyaşlı övladlarını görmədiyini bildirib sonuncu dəfə onlarla vidalaşmasına icazə verilməsini anası ilə birlikdə israrla xahiş etdiyindən polis əməkdaşları humanizm göstərərək onun qolundan qandalı açıb yaşadığı mənzilə daxil olmasına şərait yaradıblar.

Rövşən Allahverdiyev evə daxil olduqdan sonra "Kalaşnikov" döyüş avtomatının bazası üzərində hazırlanmış, bir neçə hədəfi qısa müddətə məhv etmək imkanına malik "Lancaster" markalı ov silahı ilə ailə üzvləri - anası, həyat yoldaşı, uşaqları ilə bayıra çıxaraq onların arxasından qəfil atəş açmaqla polis əməkdaşlarını qətlə yetirmiş, eləcə də yaranmış səs-küyü eşidib həmin ünvana gələn, yaxınlıqda yaşayan, Səfər Pirvəli oğlu Piriyevin də polis əməkdaşı olmasını zənn edərək onu da qətlə yetirib.

Bundan sonra, hadisə yerinə gələn əməliyyat qrupu təslim olması barədə Rövşən Allahverdiyevi dəfələrlə xəbərdar etsələr də, sonuncu buna məhəl qoymayaraq müqavimət göstərdiyindən odlu silahdan istifadə edilməklə zərərsizləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37