“Bütün dünyanın musiqiləri bizim muğamlarımız üstündə köklənib” – XALQ ARTİSTİ

22/01/2024 - 01:57

Gülyaz Məmmədova: “Niyə istedadlı gənclərimiz qıraqda qalmalıdır?! Mən indi danışmayım, nə vaxt danışım?! Artıq danışan yaşımdır, sözümü deməliyəm…”

Hər bir sahədə iki cür sənətkar olur: böyük zəhmət hesabına sənətkarlıq zirvəsinə ucalanlar və anadan sənətkar kimi doğulanlar. Zənnimizcə, müsahibim əsl sənətkar kimi bu dünyaya göz açanlardandır. Əlbəttə, həyatda böyük uğurlar heç də asanlıqla başa gəlmir. Şübhəsiz, bütün sənətkarlar kimi o da sənət yollarında çox əziyyət çəkib, ta ki, Gülyaz Məmmədova olana kimi.

Son vaxtlar mətbuata müsahibə verməyə marağı olmayan Gülyaz xanımla Yeni il bayramı öncəsi söhbətləşmək bizə nəsib oldu. Beləliklə, müsahibimiz Xalq artisti, vaxtilə ulu öndərin dövründə Prezident mükafatçısı olmuş, Akademik Opera və Balet Teatrının solisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin səs müəlliməsi, Asəf Zeynallı adına Musiqi kollecinin səs müəlliməsi Gülyaz Məmmədovadır.

Onu da qeyd edək ki, müsahibənin dərc olunması texniki səbəblərdən bir qədər yubandı…

- Gülyaz xanım, adətən Yeni il, Novruz bayramları ərəfəsində konsertlər çox olduğundan, vaxt baxımından müğənnilərlə görüşmək çətin olur. Odur ki, ilk əvvəl bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm…

- Çox sağ olun.

- Elə Yeni il öncəsi proqramınızla başlayaq. Deyəsən, iş rejiminiz çox gərgindir…

- Çox, çox. Yeni il qabağı həmişə belə olur. Sovet dönəmində iki ay əvvəldən Yeni il şənlikləri çəkilərdi. Novruz bayramı da yox idi. Çünki qadağalar vardı. Amma müstəqillik dövrümüzdən sonra, Allaha şükürlər olsun ki, gözəl Azərbaycanımızda, müstəqillik dövrümüzdə rahat Novruz bayramını, Yeni ili keçiririk. Hətta Novruz bayramı yeni il şənliyini ötüb keçib. Yeni il şənliyində hətta bir ay qalmış çəkilişlər başlayıb. Bu ərəfələr də düşür yeni ilə beş günə qalmışa qədər. Ona görə də sıxlıq olur.

- Yaradıcılığınızda nə kimi yeniliklər var, pərəstişkarlarınızı bayram ərəfəsində yeni mahnılarla sevindirməyi düşünürsünüz?

- Musiqiçinin, ifaçının bir işi, bilirsiniz, nədir? Dayanmamalıdır, işləməlidir. Planlarımız çox olur, onu bilirsiniz. Musiqiçi daim mahnılar yazdıraraq, konsertlər ifa edərək, tamaşaçının qarşısında çıxış edərək, onların məhəbbətlərini qazanaraq özünü tamaşaçıya, xalqa unutdurmamalıdır. Səhnə budur. Nə qədər sosial şəbəkələr - “Facebook”, “İnstagram”, “Youtube kanalları var, daim aktiv olmalıyıq. Həm yeni mahnılarım var, həm də unudulmuş mahnıları arenjiman etdirib, yeni arenjimanla sevənlərimə, tamaşaçılarıma təqdim edirəm.

- Hər bir sənətkarın sənətdə möhürünü vurduğu mahnısı var. Necə düşünürsünüz, Gülyaz Məmmədova adı çəkiləndə tamaşaçı sizi hansı mahnınızla yada salır?

- Əslində, mən muğam ifaçısıyam. Muğamla sevilmişəm. “Mahur” dəstgahıyla çox sevildim. Mənim “Mahur” dəstgahım hər gün radioda  səslənirdi. Qadınlardan “Şur” muğamını Sara Qədimova oxuyub, “Çahargah” muğamını Zeynəb Xanlarova “Mahur” muğamını da ilk dəfə mən oxumuşam. Çünki bu muğama kişi muğamı deyirlər. Daha doğrusu, kişi muğamı olub. Amma muğam dərsliyində bütün muğamlar keçirilir deyə, xanımlara da öyrədildi və hal-hazırda muğamlarımızı qadınlar da oxuyur, kişilər də. Bilirsiniz, muğam müsabiqələrində muğamlarımıza nə qədər muğam ifaçılarımız müraciət edirlər. O vaxt "Qərənfil abu gərək" mənzəriylə məşhur oldum. Sonra Zeynəb xanımın repertuarından "Səni arzularam" adlı mahnı ilə. Daha sonra öz ifam üçün mahnılar yazıldı, o mahnılar ifa olundu. Azərbaycan haqqında nə qədər mahnılarımız var ki, çox sevildi. Hara gediriksə, o mahnılar xalq arasında daha çox sevilir: "Sevsəm olarmı?", "Mənə gəl", "Səninlə birgə qocalmaq istəyirəm" və s.

- Bildiyimizə görə, bu aralar tez-tez səfərlərdə də olursunuz. Bu barədə oxucularımıza məlumat verə bilərsiniz?

- Əlbəttə ki, 2023- cü il mənim üçün gözəl il oldu. Kədərli anlarımız da olur, sevincli anlarımız da. Söhbət sırf sənətdən getdiyinə görə, son yarım ili deyim də, hamısını desəm onda gərək bu gün oturaq burda( Gülür.) Sentyabrda Ankarada festival oldu. İşğaldan azad olmuş bölgələrimizdə konsertlər oldu. 23 noyabrda Qırğıstanda oldum. Orda Heydər Əliyevin 100 illiyi ilə əlaqədar böyük konsert idi. Azərbaycan, Qırğızıstan diasporasının təşkilatçılığı ilə orda böyük konsert oldu. Mən orda canlı ifalar etdim. Azərbaycanımızı tərənnüm edən mahnılar və s. Ordan gəldim, birbaşa Füzuliyə getdim. Füzulidə Azərbaycan, Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının beynəlxalq musiqi forumu keçirildi. Orda Gülyanaqla çıxış elədik. Oğuz ellərinə həsr olunmuş gözəl mahnılar oxuduq. “Azərbaycan”, “Türküz hamımız, bir soyuq” adlı mahnı da oxuduq. Sonra gəldim Xalq artisti Aygün Bayramovanın həyat yoldaşı Fəraməz bəyin konserti keçirildi, “Nəva dəsgahını” konsertində oxuduq. Orda mən Fəraməz bəyin gözəl təsniflərini də oxudum. Dekabrın 3-dən, 7-nə qədər İraqın Bağdad şəhərində böyük bir beynəlxalq irs festivalı keçirildi. Mən də muğam qrupu ilə konsert verməyə getdim. Dekabrın altısında bizim çıxış idi. Hər günə bizim oğuz ellərinin bir ölkəsi çıxış edirdi. Azərbaycan kərkükləri, Türkiyə, İran İslam Respublikası, Türkmənistan türklərinin çıxışları oldu. Mən “İrs” muğam qrupunun rəhbərliyilə muğam qrupu ilə bəstəkar, xalq mahnıları ilə çıxış etdim. Hərəyə bir saat vaxt verilmişdi. Orda tarda İrs Muğam qrupunun rəhbəri İdris Hüseynov, kamançada Fərid Babayev, balabanda Adil Müslümov, nağarada Vəfadar Ramizzadə ifa edirdilər, bizim çıxışımız çox gözəl qarşılandı. Azərbaycanlılardan bir adam görmürdüm mən. Bir səs rejissorumuz Təbrizdən idi, o da, sağ olsun ki, gözəl səslənmə verdi. Hamısı İraq xalqı idi. Çox maraqla izlədilər. Bizim milli geyimlərimiz, səhnədə çıxışımız - hamısı möhtəşəm idi. Konsertdən sonra gördük, şahidi olduq ki, insanlar bizi necə alqışlayırlar.

Ordan gələn kimi də Şuşaya getdim. Bilirsiniz ki, 2023-cü ildə Şuşa Mədəniyyət paytaxtı elan olundu. Türksoyun açılışı və bağlanışı oldu. Yaz aylarından başladı, 10 dekabrda tamamlandı. Böyük Azərbaycanda, Şuşamızda Türk oğuz ellərinin çıxışı oldu. Orda Özbəkistan, Türkmənistan vətəndaşları da çıxış etdi. Çox gözəl də qarşılandı. Mədəniyyət nazirimiz Adil Kərimlinin çıxışı ilə gözəl tədbir oldu. Yəni mən deyərdim ki, bu il gözəl il oldu.

Heydər Əliyevin 100 illiyi ilə əlaqədar nə qədər konsertlər keçirildi. Ulu öndərimizin 100 illiyi ilə bağlı elə 10 mayda Azərbaycanımız bayram etdi. O, elə bir şəxsiyyət olub ki, Azərbaycanı ideyalarıyla, layihələrilə zənginləşdirib. 2023-cü ildə hər yerdə, hər bölgəmizdə ulu öndərimizin 100 illiyi təmtəraqla qeyd olundu. “Gülüstan” sarayında dəfələrlə musiqi forumları, irs forumları keçirildi. Bütün incəsənət xadimləri üçün gözəl bir il idi.

Heydər Əliyev Mərkəzinin qarşısında “O tay, bu tay” adlı konsert oldu. Bunları danmaq olmaz. Çünki Azərbaycanın səsi bütün dünyaya yayılıb. Azərbaycanımız hələ də qələbəsini qeyd edir. Biz buna layiqiq. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin.

"

- Uzun illərdir ki, bacınız Gülyanaq xanımla birgə Azərbaycanı Avropa ölkələrində təmsil edir, musiqimizi, mədəniyyətimizi təbliğ edirsiniz. Azərbaycan musiqisini əcnəbilərə sevdirmək çətin deyil?

- Musiqinin dili yoxdur. Moldovaya gedirsən moldav dilində, Bağdadda ərəb dilində danışmaya bilərsən. Yəni nə mənada, əslində, bu dilləri övladlarımıza da öyrətməliyik, özümüz də bilməliyik. Amma Almaniyada, Fransada olduğumuz hallarda bilməyə də bilərik...

Musiqini eşidəndə həqiqətən də insanın ruhu təmizlənir, gözəlləşir. Bütün dünyanın musiqiləri bizim muğamlarımız üstündə köklənib. Niyə “bizim” deyirəm? Çünki bizim muğamlar, klassik musiqilərimiz var. Hər bir ölkənin musiqisini dinləyəndə deyirsən ki, bu “Şur” üstündə, bu “Mahur” üstündədir. Segah çox ölkədə yoxdur. Heç Cənubi Azərbaycanda segah dinləməmişəm, orda segah yoxdur. Orda mahnılar, musiqilər “Şur”, “Mahur”, “Çahargah” üstündədir. Yenə də deyirəm, musiqinin dili yoxdur, musiqi səsləndisə o artıq könülləri fəth edir.

- Belə deyim var: böyük sənət o sənətlə məşğul olan insanın şəxsiyyətindən başlayır. Siz bu fikirlə razısınız, yoxsa, düşünürsünüz ki, şəxsiyyəti olmayan da böyük sənətkar ola bilər?

- Ay, nə qədər gözəl sualdır. Bəzən böyük sənətkar olur, amma şəxsiyyət olmur, bu, böyük bədbəxtçilikdir. İnsanın sənətilə şəxsiyyətinin gözəl olması - ikisi bir yerdə olması, səmimiyyəti, insanlarla rəftarı, davranışı, böyük ifa tərzi, peşəkarlığı - bunlar hamısı cəm olanda, artıq əlçatmaz olur. Gözəl bir hissdir, gözəl bir duyğudur ki, Allah-təala o insanı bu dünyaya bəxş edir. Bilirsiniz, bu sənətdə birinci istedaddır. İstedad çox vacibdir. İstedadın oldusa, xasiyyətin də yaxşı olmalıdır. Yaxşı xasiyyəti də, xarakteri də insan özü özündə yaratmalıdır. Allahın sənə verdiyi gözəl ağıl, idrak, zəka, kamillik, böyük davranış, səmimilik, mehribanlıq var. Bunların hamısını özündə cəmləşdirəndən sonra, təbii ki, qarşındakına hörmət etməyi bacarırsansa pis insan yoxdur. Bir insan haqqında yanlış düşünə bilərsən ki, mənim ondan xoşum gəlmir. Niyə? Səbəb axtar da. Axı, sən onunla dostsan? Yox. O insanla danışmısan? Belə deyək ki, aradabir. O insanla yoldaşlıq edib, yola çıxmsan? Yox. Həmişə deyirlər e, insan yolda tanınar. Bu özü də böyük kəlamdır. O insanla münasibət quranda deyirsən ki, mən niyə bu insan haqqında yanlış düşünmüşəm.

Sadəcə, bu sənətdə qısqanclıq, paxıllıq, rəqabət var. Paxıllıq olmamalıdır, rəqabət olmalıdır. O da sənin içində. Düşünməlisən ki, mən ondan niyə pis oxuyum, çoxlu çalışım, ondan yaxşı oxuyum. Sən qarşısındakı insanı düşünərək yaşamamalısan. Sən özün haqqında düşünərək, sənət xəritəni quraraq irəliləsən, addımlasan, əksinə, onlar səndən ilhamlanar. Olub ki, “Leyli” obrazını oynayanda çoxları baxıb daha da həvəslənir, daha gözəl oynayırdılar. Bu, mənim başıma gəlib. Gözəl bir hissdir. Mən özümdən böyüklərə baxıb ilhamlanaraq, öyrənərək irəli getmişəm. Elə tələbə var, səhnədə Gülyanaq kimi, mənim kimi oxuyub. Biz də Zeynəb xanımın, Rəşid müəllimin repertuarını oxumuşuq, indi də oxuyuruq. Sara Qədimovanın, Rübabə Muradovanın, Nəzakət Məmmədovanın, İslam Rzayevin, Gülxar Həsənovanın və s. sənətkarların repertuarından qaynaqlanaraq öz-özümüzü sənətdə cilalamışıq. Daha gözəl oxumağa çalışmışıq. Bunun nəyi pisdir? Bir də mən sizə deyim ki, ola bilər, haşiyədən kənara çıxa bilərəm, çox çalışmaq lazımdır. Özün özünə qısqanclıq, paxıllıq etməlisən ki, axı, mən bunu bacarıram, niyə bunu etmirəm, niyə kiməsə baxıb gedib ruhdan düşməliyəm?! Kiməsə baxıb irəli getməliyəm. Axına gedilməyi sevmirəm. O, gedib özünü öldürəcək, sən də özünü gedib öldürəcəksən? Yox. O, yüngül, səviyyəsiz bir mahnı oxuyacaq, sən də oxumalısan? Yox. Neçə vaxtdır bu barədə mübarizə aparıram ki, son vaxtlar alaq otu kimi hər yanı götürüblər, adını da “toy mahnıları” qoyublar. Toy mahnıları toyda, restoranda, şadlıq evlərində, el şənliklərində oxunar. Efir, televiziyalarımız bizim güzgü, ayna kimi hər birimizin evinə qonaq gəlir. Televiziyalarımız, müğənnilərimiz hər kəsin evindədir. Əlçatmaz deyilən bir şey var də. Bizim sənətkarlarımıza “ulduz” demişik. Televiziyalarda o qədər səviyyəli əsərlər oxumalısan ki… Olur ki, bəzi verilişlərdə reytinq xatirinə dedi-qodu, ara vurmaq, “sənin qızılın neçə kilodur”, “sənin çəkin nə qədərdir”, filankəs filankəslə dalaşdı, filankəs filankəsi qucağına aldı - bunlar hamısı bizi məhv edən, səhvə aparan verilişlərdir. Öz dostlarımın verilişləridir, amma qəbul etmirəm. Bilirsiniz niyə? İnsanların zehni korlanır, zəhərlənir. Musiqi qalır qıraqda, maraqla baxırlar ki, bu gün kimi qucağına götürəcəklər, bu gün kim dedi-qodu edəcək, bu gün kim kimlə boşanacaq, ərə gedəcək? Mənim nəyimə lazım?! İnanın, tamaşaçılar da yazır, deyir, sənin evinin içində nə varsa, mənim nəyimə lazım? Belə şeylər lazım deyil. Biz bunları istəmirik. Nə olar ki, gənclərimiz, cavanlarımız təmiz musiqilər eşitsin. Baxın, təhsil ocaqlarımız nə qədər uşaq yetişdirir. Hər sahədə. Başqa sahələrlə işim yoxdur, mən incəsənət aləmindən danışıram. Milli Konservatoriya, İncəsənət Universiteti, Musiqi Akademiyası, Asəf Zeynallı adına Musiqi Kolleci nə qədər istedadlı uşaqlar yetişdirir. Hamısı buranı bitirəndə yetim qalırlar. Efirlərə, toylara, dolanışığa yetim qalırlar. Bəs, bunlar niyə buranı oxuyurlar? Oxuyurlar ki, sevilsinlər, tanınsınlar. Bilirsiniz, nə qədər gözəl səslər var bizim Azərbaycanımızda? Siz gəlib müəllimlərin dərsində otursanız deyərsiniz ki, İlahi, gözəl səslər nə çoxdur.

Heydər Əliyev Fondu tərəfindən müxtəlif muğam müsabiqələri təşkil olunur. Bunlar gözəldir. Yüksək səviyyəli tədbirlər, layihələr keçirilir. Azərbaycan Televiziyası, Mədəniyyət Televiziyası, ATV, Xəzər TV, MTV, ARB, Space TV, İctimai Televiziya, “Youtube”-də yayınlanan internet televiziyalarımızın bu qədər istedadlı uşaqları reklam etməsi mümkün deyil ki? Bunları xalqa tanıdan sizsiz də. Bunları verilişlərə siz çıxarın ki, xalq tanısın. Niyə bizim insanlar “Youtube” kanallarına meyillənir? Çoxu televiziyaları açmır, baxmır. Ən çox televiziyaya bölgələrimiz baxır. Niyə istedadlı gənclərimiz qıraqda qalmalıdır?! Mən indi danışmayım, nə vaxt danışım?! Mənim artıq danışan yaşımdır. Mən artıq sözümü deməliyəm.

"

- Əlbəttə, retro bəstəkarların nəğmələrini heç vaxt unutmaq olmaz. Sizcə, indi sənətkarlarımızın çoxu niyə daha çox qeyri-peşəkarlara üz tutur, onların nəğmələrin oxuyurlar?

- Bizim retro mahnılarımızı, qədim mahnılarımızı arenjimanda təqdim edirlər. Pis deyil, çünki zaman bunu tələb edir. Amma oxuyurlar. Mənə də xoş gəlir. İndi deməyim ki, bəstəkar yoxdur. Cavan bəstəkarlarımız da var. Mən tənqidi sevmirəm. Amma çalarlara bölünüblər. Səviyyəli əsərlər, mahnılar yazanlar və toysayağı mahnılar yazanlar var. İkincilər üstələyir. Reklamları, toyları çox olsun deyə, pul qazanmaq üçün, gəlir əldə etmək üçün. Bir onu demək istəyirəm ki, vallah, billah, Allah öz ruzimizi öz alınımıza yazıb. Sən yolunu azsan belə, mümkün deyil. Sən xalq musiqimizi oxumusan, o cür də tanınacaqsan. Əlibaba Məmmədov, Canəli Əkbərov, Arif Babayev yolunu azdı? Əlbəttə ki, yox. Eyni yolla, eyni cığırla getdilər. Mənsum İbrahimov, Zabit Nəbizadə, Səbuhi İbayev, Təyyar Bayramov, Babək, İlkin, öz tələbəm Kamilə - hamısı öz yoluyla gedir. Onlar toyda nə istəyirsiniz oxusunlar. O başqa. Amma mən istəyərdim ki, gənclərimiz bu insanlardan bəhrələnsinlər. Muğamlardan bəhrələnsinlər. Mahnı seçimləri özlərinə aiddir. O qədər bizim bəstəkarlarımız var, Cahangir Cahangirov, Emin Sabitoğlu, Şəfiqə Axundova kimi bəstəkarlarımızın gözəl əsərləri var. Gənclərimiz axtarışda olub, retro mahnılarımızı oxuya bilərlər. Vallah, bizim dövrümüzdə çox çətin idi. Gərək radioya müraciət edəydik, radiodan səsimizə uyğun mahnını seçib götürməliydik. İndi çox gözəl dövrə, zamana gəlib çıxmışıq. Bütün mahnıları “Youtube” kanalından, sosial şəbəkələrdən tapmaq olur. O əsərləri oxumağa şərait də var. Niyə bayağı mahnılara qaçırlar? Heç baş açmaq olmur onlardan. Bir sözləri var: “Mən yeni mahnı oxumasam tanınmaram”. Ay oğlum, ay qızım, sənin yeni mahnı oxumağa hələ yaşın çatmır. Bizim dövrümüzdə belə idi. Məsələn, mən oxuyuram ki, “Küçələrə su səpmişəm”, xalq mahnısı, bəstəkar mahnısı, “Kipriklərin oxdur”, bunları hər təzə yetişən ifaçı oxusa onun üçün yeni mahnıdır, yeni bəstədir. Onu flankəs oxuyubdu mən oxuya bilmərəm, elə bir şey yoxdur. Sən bir retro mahnını oxu, gör necə tanınacaq, necə seviləcək. Çünki sənin nəfəsin, səsin təzədir. Başqasının ifasında doyublarsa, səndə yeni mahnı kimi qəbul edəcəklər. Elə bir amal, elə bir düşüncə, duyğu, hiss var. Görün, şairlərimiz nə qədərdi. Siz özünüz də dəyərli şairimizsiniz, gözəl də yazarsınız. Mən özüm də sizin şeirlərinizə, yazılarınıza vurğunam. Bunu sizə görə demirəm, istəməsəm bu mövzuya toxunmazdım. Fuad Biləsuvarlı şeir yazmasın ki, nə qədər şairlərimiz olub. Niyə? Dəmir Gədəbəyli, İslam Səfərli, Zeynal Cabbarzadə, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Nüsrət Kəsəmənli, Fikrət Qoca. Onlar şeir yazmayaydılar ki, əvvəlki şairlər hər şeyi yazıblar. Bu, Allah vergisidir. Sizin içinizdən gələn Allahın verdiyi sözlər dür kimi sırayla düzülüb yazılır. Siz də o sözləri bir dəftərə qeyd edirsiniz. Bu davamiyyət deməkdir. Amma ki, öz yolunuzla, öz xəttinizlə. Şairlərdə də bu var. Biraz yuxarı yazan, biraz aşağı yazan var. Hər şeyi bir-birinə uyğunlaşdırıb, danışıram. Musiqidə də belədir. Elə gənclərimiz var ki, gəlib burda muğam öyrənib gedirlər. Kənara çıxanda artıq yollarını dəyişirlər. Toylarda, el şənliklərində repertuarınızı dəyişin. Efirə çıxanda doğru seçimdə, zəngin repertuarla xalq, tamaşaçılar qarşısında olun. Axı, biz sizə nə lazımdırsa, hamısını öyrətmişik. Bunu demək istəyirdim.

- Siz həm də Opera Balet Teatrının solistisiniz. Yəqin ki, Yeni il ərəfəsində orada da işləriniz çoxdur…

- Bəli, bəli. Bizim həmişə bayram qabağı Opera Teatrında tamaşalarımız olur. O tamaşalarla tamaşaçılarımızla bayramlaşırıq. Yəni bizim də “Arşın mal alan”, “Aşıq Qərib” tamaşalarımız bayram qabağı təqdim olunur. Onu da deyim ki, bizim yanvar ayında teatrımızda uşaqlar üçün də tamaşalar təqdim olunur. Yeni il şənliyi də öz yerində. Belə bayram tamaşaları təqdim edirik.

- Bizim üçün maraqlıdır, Gülyaz Məmmədova xanəndə olmasaydı, başqa hansı sənəti seçərdi?

- Arzum xanəndəlik olub. Rəssamlığı çox sevmişəm. Qəşəng rəsmlər çəkərdim. Hətta bir neçəsini çəkmişəm. Söz yox, baxıb çəkirdim. Üstünə qoyub kopyalamırdım. Dırnaq boyda şəkili böyük kitab boyda çəkirdim. Mən onu bacarırdım. Elə gözəl edirdim… Hətta onu deyim ki, xalqımızın gözəl rəssamlarından biri Hikmət Bəşirov həm də bizim qohumdur. Gülyanaq xanımın qayını sayılır. Şəkilə baxıb dedi ki, bu şəkili kim çəkib? Dedim ki, mən. Üzümə baxdı, dedi ki, sən rəssam ola bilərdin. Çünki o, düzünü deyəndir. Deyərdi ki, bu nədir sən çəkmisən?! Bir dəfə şəkil dəftərin sizə də göstərərəm. Deməyim budur ki, hər şey elə başlayır. Sonra onun məktəbini oxuyursan. Məsələn, bir qabı ortalığa qoyurdular, baxıb həmin qabın şəkilini çəkirdim. Amma rəssamlığın ardınca getmədim.

Bir də gözəl rəqs etməyim var idi(Gülür.) Rəqqasə ola bilərdim.

Məndən yaxşı jurnalist də olardı. Ara vuran jurnalist yox ha, ədalətli jurnalist. Özümə güvənirdim. Çünki inşalar, imlalar yazanda çox istedadlıydım, müəllim şok olurdu, deyirdi ki, sənin çox gözəl yazıların var. Qardaşım qızları yaxınlaşıb məndən kömək istəyəndə elə mövzular verirəm ki, deyirlər, ay bibi, sən elə jurnalist olardın ki. Yəni belə istedadlarım olub. Başqa yadıma düşmür. Qısa yaza bilərsiniz ki, ailə həyatı qurub, evdar xanım da olmuşam.

- Tənha vaxtlarınızda hansı işlə məşğul olmağı sevirsiniz? Məsələn, musiqi dinlədiyiniz, mütaliə etdiyiniz vaxtlar çox olur?

- Gəncliyimdə hədsiz çox mütaliə etmişəm. Mənim çox böyük kitabxanam olub. 120 povest, roman kitablarım var idi. Çox sevimli əsərlər idi, hamısını pulla almışdım. Evimdə idi. Bir gün kəndə getdim, gördüm kitablarımın heç biri yoxdur, kitab rəfim boşdur. Ürəyim çırpındı, axtarmağa başladım. Hətta çardağa çıxdım. Bilirsiniz də, kənd yerində çardağda ilan da olur, çox qorxuludur, hər şey ola bilər. Amma çıxdım, işıqla axtardım tapmadım. Ay ana, ay ana, kitablarım necə olub? O da dedi ki, ay bala, sən onu Gültəkindən soruş. Gültəkin də böyük bacımdır. Gültəkin, kitablarımın yerini bilirsən? Dedi ki, kitabların hamısını aparıb dövlət kitabxanasına təslim etmişəm. Dedim niyə, mənim kitablarımdır. Cavab verdi ki, kitabxana müdiri idim. kitabların çoxunu aparmışdılar. Kitabxanamda kitab çatışmazlığı vardı, valideynlər, tələbələr aparırdılar, qaytarmırdılar. Biri deyirdi ki, yandırmışam… Həm də kitabxanamı bol etmişəm ki, oxusunlar. Sən kitabları almısan, mənim də kitablarım yoxdur. Sən onsuz da oxumusan, daha oxumursan. O, məni yandırdı tökdü ki, onlar mənim kitablarımdı, axı( Gülür.) Öz kitabxanamı qısqanıram da. Əfsuslar olsun ki, belə bir şey oldu.

"

- Hazırda ən məşhur tələbəniz Kamilə Nəbiyevadır. Başqa istedadlı tələbəriniz var ki, yeri gələndə, onlarla böyük səhnələri bölüşmək istərdiniz?

- Kamilə Nəbiyeva mənim uğurlu tələbələrimdəndir. Amma tək Kamilə Nəbiyeva deyil, Ayşən Mehdiyeva, İlahə Rüstəmova, Sədəf Budaqova… O vaxt “Sing your song” mahnı yarışması var idi. O yarışmanın birinci yerinin sahibi, qalibi Sima Qasımova idi. Son günlər nədənsə oxumur. Taleh Hacıyev var idi, tələbəm. O, “Xalq ulduzu”nun qalibi idi. Muğam müsabiqəsində 9 tələbəm birinci, ikinci yerlərə layiq görülüblər: Tahir Şəfiyev, Kamilə Nəbiyeva, Nigar Rəhimova, Sərxan Bünyadzadə, Muğam müsabiqəsinin qalibi Ayşən Mehdiyeva, Sədəf Budaqova, Rəvanə Vəliyeva. Rəhmətlik Novruz Hüseynov var idi, cavan yaşında rəhmətə getdi. Elə tələbələrim var ki, hal-hazırda artıq muğam müsabiqəsində iştirak edəcək dərəcədə mükəmməldirlər. Mehman Hüseynov, Tural Məmmədov çox gözəl ifa edirlər. Oğlanların “Şahnaz” oxuması çox çətin olur. Mehman da, Tural da elə gözəl “Şahnaz” oxuyurdular. Evdə mənim plan dəftərim var. O dəftərdə 56-57 tələbəmi hazır vəziyyətdə saxlamışam ki, bu uşaqlardan istifadə edim. Şamo Nəbiyev, Səfalı Mirzəliyev - Abgülün qardaşı. Anar Hüseynli ayrıdı, Anar Məmmədov ayrıdır, bunlar çox gözəl səsə malik uşaqlardır. Mən bunların hamısını deyə bilmirəm. İncəsənət Univesitetində Aytac, Gülyaz Həsənzadə adlı tələbələrim təhsil alır. “O səs Azərbaycan”da həm komandamda idi, həm də tələbəm oldu. Gülyanağın da sinifində oxuyub, mənim də sinifimdə oxuyur. Cahangir Əliyev həm də qazimizdir. Mənim iki, üç qazim var. Mirzəcan Mövlayev mənim qazi balalarımdandır. Gözəl ifaçı, gözəl də tələbələrimdir. Gülanə Nəbiyeva həm də öz kəndçimdir, gözəl səsi var. Çox heyif ki, davam eləmir. Onlar da müəllimdən dəstək umurlar. Sunay Hacıyeva hal-hazırda öndə gedən tələbələrimdəndir. Rəsul Haqverdiyev və Nigar Əlizadənin də səsləri büllur kimidir, sinifimdə oxuyurlar. Bunların çox böyük, mükəmməl gələcəyi var. Mən bunu rahat deyirəm. Məhsumum var, çox sevinirəm ki, belə istedadlı tələbələrim, gənc uşaqlarımız var. Gənc balalarımız, gənc tarzənlərimiz gəlir sinifə, biz əyləşirik, onlar dərs verirlər. Bizə çox zövq verir. Dərsdə konsertmeystr kimi iştirak edirlər. Bu, onlara çox vacibdir. Novruz, Fərhad, İsgəndər - hamısı gəlib bu sinifdən bəhrələnib gedirlər. Xanəndə ilə işləmək kimi, təcrübə keçirlər.

1996-cı ildən “Asəf Zeynallı”da dərs keçirəm. Onda Şövkət Ələkbərovadan sonra məni “Asəf Zeynallı”da işə götürdülər. Sonra davamı oldu, Zabit Nəbizadə, Mənsum İbrahimov, hamı gəldi qaynaşdı, cavanlar çoxaldı. Çox gözəl oldu. İlk dəfə sinifimdə konsertmeystr Elçin Haşımov, Elnur Əhmədov olublar. Mükəmməl dərs olurdu. İndi, maşallah, Elçin Haşımov Xalq artisti, Elnur Əhmədov Əməkdar artistdir. Onlar hər yerdə deyirlər ki, biz ilk dəfə Gülyaz xanımla işləmişik. Bir insanın bir insan haqqında doğru, düzgün danışması adama xoş gəlir. Gəlib görürəm, nə qədər gənclərimiz var ki, artıq onlar da bizim kimi dərs deyirlər. Təyyar Bayramov, Elnur Zeynalov, Babək Niftəliyev, İlkin Əhmədov, Kamilə Nəbiyeva da dərs deyir. Mənə çox xoş olur.

- Kamilə Nəbiyevadan söz düşmüşkən, siz özünüz də Opera və Balet teatrının solistisiniz. Hər bir muğam ifaçısınının gənc ikən arzusudur ki, Opera və Balet teatrının səhnəsində bir dəfə də olsa, “Leyli” rolunu oynasın. Hər bir ustad xanəndə də özündən sonra bir tələbəsini yerinə hazırlayır. Kamilə Nəbiyevanı “Leyli” obrazında görmək istərdiniz?

- Mən öncə deyim ki, hər xanəndədən “Leyli” olmur, istər oğlan, istərsə də qız olsun. İstər “Məcnun” olsun, istər də “Leyli”. Baxanda tələbəmə bilirəm ki, ondan “Leyli” olar, yoxsa “Ərəbzəngi”. Mən Sunaya baxdım, onu “Ərəbzəngi” gördüm. Məhsun tələbəm konsertdə “Məcnun” kimi gözəl oxudu. Elmayəm var, bitirdi getdi, “Telli” oynaya bildi. İki Nigarım var, biri Əlizadə, biri də Rəhimova, hər ikisi “Leyli”yə bənzərdirlər. Kamiləyə gəldikdə, o, “Leyli” görünüşündədir. Tələbəm İlahə artıq “Leyli”ni oynayır, Musiqili Teatrın solistidir. “O səs Azərbaycan”da Mənsum İbrahimovun tələbəsi mənim komandamda idi. Ondan qəşəng “Məcnun” olar. Hər biri gözəldir. Kamilə hazır “Leyli”dir, sadəcə bizim teatr təmirə çıxdı. Biz tamaşanı ya opera studiyasında, ya da Heydər Əliyev Mərkəzində göstəririk. Kamilə də hazırlaşıb. Necə başqa gənclərimiz var, onlar kimi. Opera və Balet Teatrımız mənim işlədiyim vaxtdan bu günə qədər gənclərə həmişə dəstək olub. Tapşırıq olmayıb, teatr özü dəvət edib. Gəlsinlər, kimin gücü var, bu meydan, oxusunlar, özlərinin istedadlarını göstərsinlər. İndi də elədir. Bütün gənclərə bizim teatrımız dəstəkdir. Bizim nə qədər gəncləri işə götürüblər. Hamısı tamaşalarda çıxış edirlər, oynayırlar. Limit var, bir il ərzində özünü tamaşalarla doğrulda bilirsə, işə götürülürsən, şərait yaradırlar ki, oyna. Həmişə belə olub. Yanlış məlumatları niyə danışaq ki? Bizim teatrımız rüşvət alan teatr deyil. Bizim teatrımız birbaşa dövlətə, Mədəniyyət Nazirliyinə tabe olan, gəncləri önə çıxaran, Leylini Leyli kimi yaxşı təqdim edən teatrdır.

- Son olaraq gələcək planlarınız haqda sual vermək istərdim. Qarşıda nə kimi yeniliklər etməyi düşünürsünüz?

- “Çahargah” klipim çəkildi. Montajsız qaldı. Rəhmətlik rejissor Etibar Babayevin çəkdiyi film idi. O filmi Elnur bəy ərsəyə gətirəcək. Bizim haqda yazılan kitabımız bu il ərsəyə gələcək. Tələbələrimlə konsert vermək istəyirəm. Artıq proqram hazırdır, həyata keçirmək istəyirəm. Konsertin də maddi tərəfi var, pul tapan kimi bu arzumu da gerçəkləşdirəcəm. Təkliflər gəlir, özümün konsertimi istəyirlər. Səfərlər gözlənilir, muğam müsabiqələri çox olacaq. Bu muğam müsabiqələrinə tələbələr yetişdirməyim lazımdır. Münsif olmaqla yanaşı, həm də iştirakçı olacağam. Hamısında münsif deyiləm. Sonra nə olacaqsa, onu 2024 göstərər. Çoxlu konsert gözlənilir. Nə konsertlər? Bilirsiniz, hər il ənənəvi olaraq dahi bəstəkarlarımızın, şairlərimizin yubileyləri keçirilir. Bax, onları Heydər Əliyev Sarayında, Heydər Əliyev Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Flarmoniyasında, Azərbaycan Dövlət Mahnı Teatrında mənim opera teatrının solisti, Azərbaycan və İncəsənət Universitetinin müəlliməsi, Asəf Zeynallı adına Musiqi Kollecinin müəlliməsi, Mahnı Teatrının solisti kimi işim çoxdur. Mən işimi çox sevirəm. Allah hamımıza güc, qüvvət versin.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49