İranın nüvə proqramına qarşı tərəflərin münasibəti - TƏHLİL

16/11/2023 - 15:34

XX əsrdə dünya elminin kəşf etdiyi və bəşəriyyətin qatili adlandırılan nüvə silahı ən dağıdıcı silah hesab olunur. Tarixdə yalnız bir dəfə 1945-ci il avqust 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunmuş, nəticədə 300min insanın ölümünə səbəb olmuşdur. Nüvə silahı 80 ilə yaxın bir zamanda heç istifadə olunmamasına rəğmən beynəlxalq sülh üçün daim təhdid rolunu oynamışdır. Dağıdıcı gücünə və digər dövlətlər üzərində təsir əldə etmək istəyinə görə nüvə silahına sahib olmaq hal-hazırda bir çox dövlətin əsas maraqlarından birinə çevrilmişdir.

Günümüzdə aktual siyasi mövzulardan biri də İranın nüvə proqramı və bu proqrama qarşı olan təzyiqlərdir. İran rejimi cidd-cəhdlə bu silahı əldə etmək, ABŞ və İsrail əsas aktor olmaqla Qərb dövlətləri isə buna mane olmağa çalışır.

İranın nüvə silahına sahib olmaq istəyi öz başlanğıcını  hələ 1950-ci ilərdən götürür. Maraqlı bir nüansdır ki, İranın nüvə silahın sahib olmaq istəyinə sərt şəkildə qarşı gələn ABŞ Şah rejiminin nüvə proqramına dəstək vermiş və 8 dekabr 1953-cü ildə İranda Sülh üçün Atom proqramının bir hissəsi olaraq məhz ABŞ-ın köməkliyi ilə başladılmışdı.ABŞ-ın o zamanki prezidenti Duayt Eyzenhauer BMT-nin Baş Assambleyasındakı çıxış edərək bu proqramın məqsədinin sülh olduğunu bildirsə də zaman keçdikcə həll olunması labüd olan təhlükəli birböhran halını aldı.

Tehran və Vaşinqton arasında rəsmi olaraq 1957-ci ildə sülh məqsədləri üçün əməkdaşlığa dair müqavilə imzalandı. Bundan 2 il sonra 1959-cu ildə Məhəmməd Rza şah Pəhləvinin tapşırığı ilə Tehran Universitetinin tərkibində Tehran Nüvə Araşdırmalar Mərkəzi (TNAM) yaradıldı. TNAM ABŞ tərəfindən təmin edilən 5 meqavatlıq nüvə araşdırma reaktoru ilə işləməyə başladı və yüksək nisbətdə uran hazırlandı.(1)

Lakin 1979-cu ildə ölkədə İslam İnqilabının baş verməsi,Atom sahəsi üzrə mütəxəssislərin ölkəni tərk etməsi və 1980-1988-ci illərdə İran-İraq müharibəsinin vurduğu iqtisadi ziyan nəticəsində İran atom enerjisi proqramını müvəqqəti dayandırmağa məcbur oldu.

1979-cu ildə İranda İslam İnqilabının baş verməsindən 2015-ci il İranla P5+1 ölkələri arasında Nüvə sazişi imzalanmasına qədər çoxsaylı cəhdlər və vasitəçilər olsa da problem öz həllini  tapa bilmədi.Nəhayət 35 ildən artıq davam edən uzunmüddətli danışıqlardan sonra İran və P5+1(ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya+Almaniya) arasında 2015-ci ildə razılaşma əldə olundu və Nüvə sazişi imzalandı. Nüvə müqaviləsi bir sıra siyasi analitiklər tərəfindən müsbət hadisə kimi qiymətləndirilirdi. Bu razılaşma ilə ABŞ tərəfindən İrana tətbiq edilən embarqolar dayandırıldı və İran öz zəifləmiş iqtisadiyyatını gücləndirmək fürsəti tapdı. Həmçinin Qərb dünyası İranın nüvə proqramına təsir edə biləcək gücə sahib oldular.

İranın Nüvə proqramında qarşı tərəflər hər biri özunəməxsus şəkildə iştirak etmiş və təsir göstərmişlər. Bəzi hallarda İranın müttəfiqləri bu proqrama qarşı olmuş, bəzən isə İranla rəqabət və soyuq müharibə vəziyyətində olan dövlətlər İrana hərbi müdaxiləyə qarşı çıxmışlar.

İran rejiminə yaxın olan bəzi ərəb dövlətləri İranın nüvə proqramını dəstəkləsə də, İranın regional təsirinin artmasından narahat olan ərəb ölkələri İranın nüvə proqramına çox ehtiyatla yanaşırlar. İranın nüvə proqramı ərəb dünyasında çox müzakirə olunsa da, qarşı tərəf bu məsələdə aktiv mövqe göstərmir. Ərəb dövlətlərinin əhəmiyyətli bir hissəsi İranın nüvə proqramını təhlükə kimi görsə də, nüvə proqramını davam etdirməkdə son dərəcə qətiyyətli olan İrana təsir etmək gücünə malik deyil. Həmçinin bəzi ərəb liderləri ABŞ-ın İrana hərbi müdaxiləsinə qarşı çıxır və bunun regionda sabitliyi daha da pozacağından ehtiyatlanır.

İran rejiminə müttəfiq olan azsaylı ərəb dövlətlərindən olan Suriya 2011-2020ci illərdə 216 dəfə kimyəvi silahdan mülki əhaliyə qarşı istifadə etmişdir.Əlbəttə qadağan olunmuş silahı istifadə etməkdən çəkinməyən Əsəd rejimi müttəfiqi İranın nüvə silahına sahib olmasını hər kəsdən çox istəyir. Həmçinin 2011-ci ildən etibarən İran ordusunun Suriya Vətəndaş müharibəsində aktiv iştirakı da buna təsir edən amillərdəndir.

Yaxın Şərq regionunda İranı özünə əsas rəqib görən ərəb dövləti Səudiyyə Ərəbistanıdır. Bu iki dövlət həm dini,həm hərbi,həm də iqtisadi cəhətdən rəqabətdədirlər. Müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərlərinin Səudiyyə Ərəbistanı ərazisində yerləşməsi özünü islam dünyasının lider dövləti adlandırmağa əsas verir.Səudiyyənin İslam dünyasına hakimlik iddiasına qarşılıq olaraq İran rejimi Yaxın şərqdə Şiə ayparası adlandırılan İraq, Suriya, Livan, Yəmən kimi ölkələrdə təsir gücünü artırmağa çalışır.

Faktiki olaraq Yəməndə İran dəstəkli Husilərlə Səudiyyə Ərəbistanı arasında hərbi toqquşmalar baş verir. İranın dəstəklədiyi husilər tez-tez Səudiyyə Ərəbistanının cənub bölgələrini ballistik raketlər və İHA-larla hədəfə alır. Hətta Husilərin dəfələrlə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan Saudi Aramconı da hədəf alması İranın Səud rejimi üçün  təhdid rolunun artmasına gətirib çıxarmışdır.

İrannın nüvə proqramına ən sərt şəkildə qarşı çıxan və hərbi müdaxilənin həll yolu olduğunu söyləyən dövlət İran rejiminin “kiçik şeytan” adlandırdığı İsraildir. İsrailli idarəedicilər İrana hərbi müdaxilə etməyin,etməməkdən daha çox zərəri olduğu fikrini müdafiə edirlər. İsrailin baş naziri Benyamin Netenyahu İranı Nasist Almaniyasının müasir ekvivalenti adlandırır. Netenyahu bu addımı ilə beynəlxalq ictimaiyyəti daim qorxuda saxlamaq və İrana qarşı sərt mövqe göstərməyə təşviq edir. Netenyahunun İranı məhz Nasist Almaniyasına bənzətməsində məqsəd İranla geniş iqtisadi əlaqələrə sahib olan və İrana qarşı yumşaq münasibət tərəfdarı olan Avropa ölkələrinin tarixə baxaraq nəticə çıxarmaqlarıdır .2-ci dünya müharibəsi ərəfəsində Avropa dövlətləri  Hitlerə dəfələrlə göz yumsa da o öz istəklərindən əl çəkmədi və daha da geniş işğal planları qurdu.

Türkiyə və İran Yaxın Şərqdə bir çox ortaq dini-tarixi dəyərlərə malik rəqiblərdir və bu iki rəqib arasında qüvvələr balanslıdır. Amma İranın nüvə silahına malik olması bu balansın İranın xeyrinə pozulduğu anlamına gəlir və bu Türkiyənin istədiyi bir şey deyil. Ona görə də İranın nüvə silahına malik olması Türkiyə üçün ciddi problemdir. Buna baxmayaraq Türkiyə İrana  hərbi müdaxiləyə sərt şəkildə qarşı çıxır,çünki hərbi toqquşma olduğu halda bundan ən çox zərər görən özü olacaqdır. Qardaş ölkə sərhədləri yaxınlığında müharibə olacağı təqdirdə geniş miqrant dalğası ilə qarşılaşacağdır. Suriya vətəndaş müharibəsindən sonra 5 milyona yaxın miqrant qəbul etməsi Türkiyəyə iqtisadicəhətdən xeyli ziyan vurmuşdur və eyni vəziyyətin yaranması Türkiyə tərəfindən qəbuledilməzdir.

Həmçinin Türkiyə daim güclü qonşu arzu edir. Çünki İranın güclü iqtisadi gücə sahib olması Türkiyə üçün  xoş bir haldır. Məsələn ABŞ və Çinin iqtisadi cəhətdən güclü olması müvafiq olaraq qonşuları olan Kanada-Meksika və Hindistan-Pakistanın iqtisadiyyatına müsbət təsir etmişdir və ölkələrin ÜDM-ləri yüksək səviyyədə artmışdır..

İngiltərə, Fransa, Almaniya və ABŞ böhranda taktiki olaraq ikili oyun oynayırlar. ABŞ İranla  rəsmi diplomatik əlaqələr qurmadığı üçün tələblərinin bir hissəsi Aİ üçlüyü vasitəsilə çatdırılıb. Aİ üçlüyü bu çərçivədə müəyyən konstruktiv rol oynadı və İrana müxtəlif təklif paketləri təqdim etdi, lakin problem yekun razılaşma ilə həll oluna bilmədi. Bununla belə, bu məsələdə ABŞ və Aİ ölkələrinin maraqlarında üst-üstə düşdüyü qənaətinə gəlmək olmaz.  İrana hərbi müdaxilənin olmaması və Yaxın Şərqdə suların sakitləşməsi Aİ-nin marağındadır.Xüsusilə iqtisadi məsələlərdə Fransa, Almaniya və İtaliyanın İranla ciddi ticarət əlaqələri var və embarqo və ya qeyri-sabitliklə əldə etdikləri qazanclardan əl çəkmək istəməyəcəklər.  ABŞ və İran arasında iqtisadi əlaqələrin olmaması səbəbindən ABŞ mümkün embarqo və ya hərbi müdaxilədən iqtisadi cəhətdən təsirlənməyəcək;  lakin belə bir sanksiya rejiminin Aİ ölkələrinin mənfi təsirinə məruz qalacağı göz qabağındadır. Xüsusilə böhran şayiələri səbəbindən neftin qiymətinin artması ABŞ-dan daha çox Aİ ölkələrinə təsir edəcək, çünki Avropa ölkələri enerji baxımından Yaxın Şərqdən daha çox asılıdır.(Köse,2008: 45)

Eyni zamanda, Rusiya da ABŞ kimi nüvə silahının yayılmaması müqaviləsinin həyata keçirilməsi və qorunub saxlanmasının tərəfdarıdır. İranın NPT razılaşmasına rəğmən gizli şəkildə nüvə fəaliyyətlərini davam etdirərək, uzunmüddətli də olsa, sazişdən çıxması və ya nüvə silahına sahib olma ehtimalı Rusiyanı narahat edir.İranın NPT-yə əməl etməsi və onun nüvə fəaliyyətlərinə nəzarət etməsi Rusiyanın marağındadır. Rusiya cənub sərhədlərində nüvə silahına malik İran kimi gözlənilməz bir ölkənin əleyhinədir. Bundan əlavə, İranın nüvə silahına malik olması İranın regiondakı rəqib ölkələrini nüvə silahına malik olmağa sövq edəcək. Belə bir riskin qarşısını almaq üçün Rusiyanın əsas məqsədlərindən biri razılaşma ilə İranı fikrindən daşındırmaq idi.(2)

Biz Rusiya-İran münasibətlərinə nəzər saldıqda görürük ki, bu 2 dövlət müttəfiq olsa da həm də bir-biriylə kəskin rəqabətdədirlər.Hər iki dövlətin də zəngin enerji resurslarına sahib olması onları enerji sektorunda rəqibə çevirir. Müxtəlif vaxtlarda İran Rusiyaya qarşı artan beynəlxalq təzyiq zamanı enerji bazarında Rusiyanın yerini tutmağa can atmışdır və bu amil sonralar Rusiyanın İrana münasibətində ehtiyyatlı hərəkət etməsinə səbəb olmuşdur.

İran Nüvə Probleminin müzakirə edildiyi BMT TŞ-nin iclaslarında Çin nümayəndələrinin və digər Çin rəsmilərinin bəyanatları və tətbiqləri zamanı deyə bilərik ki, İranın Nüvə Siyasətinə yanaşma milli suverenlik,nüvə silahının yayılmasınpn qarşısının alınması və Yaxın Şərqdə enerji təhlükəsizliyinin təmin edilməsi kontekstində formalaşıb. Birincisi, Çin iddia edir ki, milli suverenlik kontekstində hər bir ölkənin mülki məqsədlər üçün nüvə enerjisinə malik olmaq prinsipcə hüququ var. Bu kontekstdə Çin, xarici siyasətində ən öndə gedən anlayışlardan biri olan “milli suverenlik” prinsipinə uyğun olaraq, İranın beynəlxalq meyarlar çərçivəsində mülki məqsədli nüvə proqramı həyata keçirəcəyi təqdirdə, mülki məqsədli və beynəlxalq təşkilatların təftişinə açıq olan nüvə proqramını İranın hüquqları kimi müdafiə edir.(3)

İran nüvə  proqramına qarşı gələn əsas dövlət “Böyük şeytan(şeytani-bozorg) adlandırdığı ABŞ-dır. Tarixə baxdıqda görürük ki, İran nüvə proqramına məhz ABŞ-ın dəstəyi ilə başlayıb,lakin o dövrdə ABŞ Şah rejimi olan İranla müttəfiq idi. 1979-cu ildə İslam inqilabının  baş verməsi və müttəfiqi olan Məhəmməd Rza Pəhləvinin devrilməsi, bir müddət sonra isə ABŞ-ın Tehrandakısəfirliyinə basqın edilərək 52 diplomatın girov götürülməsi hadisəsi sonralar uzun illər davam edəcək olan ABŞ-İran böhranının əsasını qoydu. ABŞ İrana qarşı geniş sansksiyalar tətbiq etməklə İran iqtisadiyyatını iflic edərək kompromisə getməyə məcbur etmişdir. ABŞ rəhbərliyi təkcə bununla qane olmamış, hətta digər dövlətləri də İranla iqtisadi əlaqələrə davam edəcəyi halda sanksiya tətbiq etməklə təhdid etmişdir. Münasibətlərin kəskinləşməsi zamanı isə ABŞ-ın İrana hərbi müdaxiləsi gündəmə gəlmişdir. ABŞ-ın İrana cavab tədbirləri daim mütəxəssisləri düşündürən bir mövzu olmuşdur.

ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən biri olan CFR (Xarici Münasibətlər Şurasının) iranlı ekspertləri Vəli Nəsr və Ray Takyeh iddia edirlər ki, İranı Soyuq Müharibə üslubunda saxlama siyasəti və ya Yaxın Şərqdə şiə ekspansiyasına qarşı   sünni rejimləri dəstəkləməklə idarə etmək çətindir.(4)

İranın nüvə proqramı həm beynəlxalq səviyyədə, həm də Yaxın Şərqdə həll edilməsi zəruri olan bir prosesdir. Tərəflər arasında bəzən razılaşmalar mövcud olsa da, heç zaman davamlı formasını ala bilməmişdir. Bunun əsas səbəbi qarşı tərəflərin (ABŞ, İsrail, Avropa Birliyi, Türkiyə, Ərəb dünyası, Rusiya, Çin) İran və onun  “Nüvə proqramında” fərqli maraqlara sahib olmasıdır.

Taleh ƏLİYEV,

BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi

E-mail: taleheliyev2020t@gmail.com

Açar sözlər: Nüvə silahı,Atom Enerjisi üzrə Beynəlxalq Agentlik,Embarqo ,P5+1,Aİ

Keywords: Nuclear weapons,International Atomic Energy Agency,Embargo,P5+1, EU

Ключевое слово:ядерное оружие,Международное агентство по атомной энергии,Эмбарго,П5+1,EC

Ədəbiyyat:

  1. https://karandashblog.wordpress.com/2015/07/23/iran-nuv%c9%99-proqrami/

Köse T. (2008). İran Nükleer Programı ve Orta Doğu Siyaseti.Ankara:Seta,108s

.https://dergipark.org.tr/en/download/article-file/2061840

https://en.mehrnews.com/news/24988/Prospects-very-bright-for-Iran-China-ties-ambassador

Vali Nasr & Ray Takeyh, “Why Containing Iran Won’t Work,” Foreign Affairs, Vol 87 (1), January/February 2005, s. 85-94.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12