KİV: İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər
İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin İran raketlərinə cavabı ola bilər. APA xəbər verir ki, Britaniyanın həftəlik The Economist nəşri və Sky News telekanalı bu ssenarini mümkün hesab edir. “Ötən müddət ərzində İsrailin Baş naziri Benyamin Netanyahu israilli generalları İrana zərbə endirməyin strateji əhəmiyyətinə inandırmağa çalışsa da, buna nail ola bilməyib. Bu gün o, bəlkə də onlara sübut edə bildi ki, belə bir addımın üstünlükləri var”, - The Economist qeyd edib. Nəşr qeyd edir ki, İsrail 20 ildir ki, İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalına hazırlaşır. Sky News telekanalısı isə bildirib ki, əgər İsrail İslam Respublikası ilə münaqişəni gərginləşdirərsə, Yaxın Şərq ballistik raketlərdən istifadə etməklə müharibənin astanasında qala bilər. “İsrail liderləri hiss edə bilərlər ki, indi İranın nüvə təhlükəsini neytrallaşdırmaq üçün ən yaxşı fürsətdir”, - telekanal qed edib.