Təbrizdən başlanan yol

23/12/2023 - 15:55

      Lap nağıllarda olduğu kimi... Bir Həsən Əbluc vardı. Yox, o, adi adam deyildi. Böyük istedad sahibi idi. Sevilən aktyor, bacarıqlı rejissor, bədii qiraət ustası...
      1942-ci ilin 22 aprel günündən başlanmışdı onun ömür yolu. Təbrizin dolanbac küçələrin birində Abbasqulu kişinin ailəsində göz açmışdı. Adi,  çox da boylu-buxunlu uşaq deyildi Həsən. Hələ ki, yaşıdlarından heç nə ilə fərqlənmirdi. Heç hansı peşənin sahibi olacağını da dəqiqləşdirməmişdi.
        Həsən Əblucun uşaqlıq illərinə təsadüf edək. Bir gün Əbluclar ailəsi Təbrizdən Bakıya köçdü. Bakı da onlara - Həsənə də, ailənin digər üzvlərinə çox doğma idi. Lap Təbriz kimi.
          Həsən Əbluc gənclik illərinə bu şəhərdə qovuşdu. Bir də ayıldı ki, orta təhsilini başa vurub. Hansısa bir peşənin, sənətin sahibi olmaq üçün qərar vermək lazım idi.
          O texniki sahəni seçdi. Azərbaycan Politexnik İnstitunun tələbəsi oldu. Düz bir il bu təhsil ocağına gəldi - getdi. Və birinci kursu bitirəndən sonra başa düşdü ki, deyəsən, sənət seçimində yeri səhv düşüb.
            Kiçik qardaşı Ənvər kinorejissor olmaq istəyirdi. Onun gündəlik söhbətləri Həsənin qəlbində bir ehtiras yaratmışdı. Ürəyinin hökmü ilə Həsən də bu yolu seçdi.
             Azərbaycan İncəsənət İnstitunun aktyorluq və kinorejissorluq fakultəsində təhsil almağa başladı.
              Deyəsən narahat ürəyi bir rahatlıq tapmışdı. Bu yaradıcı ixtisas ürəyincə idi.
              Aylar, illər ötdükcə Həsən Əbluc bu təhsil ocağında dövrünün bir çox sənət korifeylərindən dərs alır. Müəllimləri də sənətə yeni bir istedadın gəlişini hiss edirlər.
               Aktyorluq və rejissorluq kursunu başa vuranda Həsən Əbluc artıq ona yad olmayan bu sahədə ilk addımlarını atmış, teatr sahəsinə qəlbən bağlanmış, özünə məxsus qeyri-adi səs tembiri ilə bədii qiraət ustası kimi çoxlarının diqqətini cəlb etmişdi.
               Elə o vaxtdan Həsən Əbluc sənət meydanında bir ulduz kimi öndə gedənlərdən oldu. İlk əmək fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında Sebastyanın " Adsız ulduz"  tamaşasına quruluş verməklə bu ilk ağır imtahanı verməklə uğurla çıxdı. Gənc rejissor ürəyinin atəşini, ehtirasını sərf etməklə ortaya maraqlı bir tamaşa qoya bilmişdi.
Hər halda,  bu, ona dərs demiş sənət korifeylərinin fikri idi.
               "Adsız ulduz"dan sonra Həsənin rejissorluğu ilə neçə-neçə belə tamaşa həyata vəsiqə alacaq, onun imzası teatr afişalarını bəzəyəcək, səhnə bu nadir istedadın doğma və müqəddəs məkanına çeviriləcək.
                Mən Həsən Əblucu canlı həyatda görməmişəm. Təbii ki, yaş fərqimizə görə.
Ancaq onun televiziyada qorunub, saxlanan lent yazılarına çox baxmışam. Bir vaxtlar şeir oxuyarkən özümü Həsən Əbluca oxşatmaq istəyirdim. Özlüyümdə deyirdim ki, kaş mən də Həsən Əbluc kimi qiraət edə biləydim.
Ancaq istəmək çox azdır. Mən o zirvənin ətəklərinə də çata bilməmişəm. Həsən Əblucun qəribə səs tembiri, şeiri aydın diksiya ilə söyləməsi, səhnə mədəniyyəti əsl sənət məktəbi idi.
                 İstedadına görə qarşısında geniş üfüqlər açılmış Həsən Əbluc sonralar fəaliyyətini Gənc Tamaşaçılar Teatrında davam etdirir. Yenə də həmin sənət yanğısı ilə uğurlar ilbəil artır.
               Ömrünü sənətə həsr etmiş insanların həyat yolunu öyrəndikcə qəribə hisslər keçirmişəm. Axı, bu adamlar gündəlik olaraq bu qədər işlərin öhdəsindən necə gəliblər, vaxt, zaman məsələsini necə həll ediblər. Elə Həsən müəllimin özü. Teatr rejissoru kimi gündəlik qayğılar, ali təhsil ocağında gənc tələbələrə səhnə danışığının sirlərini öyrətmək, filmlərə çəkilmək, filmləri səsləndirmək... insandan böyük məsuliyyət və iradə tələb edir.
              Həsən Əblucun vaxtı ilə rol aldığı və səsləndirdiyi filmlərin siyahısına baxanda heyrətim bir az da artdı.
Elə il olub ki, Həsən Əbluc 3 - 4 filmdə rol alıb. 60-ci illərdən başlanan bu yol uzun illər davam edib. " İyirmialtılar",  " İstintaq davam edir",  " Sən niyə susursan" , " Yenilməz batalyon", " Dəli Kür",  " Uşaqlığın son gecəsi",  " Bizim küçənin oğlanları",  " Babək",  " Ən vacib müsahibə",  " Yaramaz"  kimi böyük tamaşaçı məhəbbəti qazanmış  filmlərdə Həsən Əbluc sənətinin izləri var...
              Azərbaycanın Əməkdar artist fəxri adına layiq görülmüş Həsən Əbluc həyata çox erkən - 1994-cü ildə " əlvida" deyib. Cəmi 51 yaşında.
Elə bir yaşda ki, sənətin zirvəsində idi. Hələ bundan sonra neçə-neçə şedevrlər yaradacaqdı. Min təəssüf...
               Həsən Əbluc öz sənətinin fədaisi idi.
Elə buna görə də qızı Elnaz xanımın  da rejissor olmağını istəyirmiş...
                 O adamlar xoşbəxtdirlər ki, ölümlərindən sonra da həmişə xatırlanırlar.
Həsən Əbluc kimi...
O, xalqımızın mədəni həyatında bir hadisə idi. Yaddaşlarda da həmişə belə qalacaq...

Hazırladı: Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media

                 
    

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49