“TÜRKİYƏ MƏCBURDUR Kİ, BU SAVAŞA GİRSİN...” – “İkinci cəbhə açılacaq və İngiltərə, Fransa aktiv şəkildə Rusiya ilə vuruşacaq”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsində Rusiya - Ukrayna savaşı, Gürcüstanda gedən proseslər, Yaxın Şərqdə artan gərginlik, eləcə də dünyada və regionda gedən digər proseslərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Sərdar bəy, əvvəlcə istərdik ki, Ukraynadakı müharibə ətrafında yaranan yeni situasiyanı şərh edəsiniz. Rusiya lideri Kiyevdə qərar qəbuletmə mərkəzlərini vuracaqlarını bildirib. Avropada Böyük Britaniya, Fransa kimi ölkələr artıq Ukraynaya qoşun yeritmək haqqında müzakirələr aparırlar. ABŞ-nin gələcək administrasiyanın mövqeyi isə hələlik dəqiq deyil. Sizcə, bu proseslər dünyanı hara aparıb çıxaracaq?
- Bəzən bir hadisəni şərh etmək üçün nümunələrə müraciət etmək lazımdır. İkinci Dünya müharibəsi zamanı ikinci cəbhə təxminən müharibənin dördüncü ilində meydana çıxdı. Yəni o vaxta qədər müttəfiqlərin heç biri müharibədə aktiv şəkildə - öz canlı qüvvəsi, texnikası ilə iştirak etmirdi. Rusiyaya kənardan dəstək verirdilər. Amma 3-4 ildən sonra bu cəbhə yarandı. Biz sanki indi həmin dövrü yaşayırıq. Yəni kənardan durub Ukraynaya dəstək veririk. Baxın, ikinci cəbhənin açılmasına nə səbəb olmuşdu? Alman qoşunları Stalinqrada çatmışdı və artıq sovet hökumətinin süquta uğrama təhlükəsi açıq-aydın görünürdü. Rusiyanın bütünlükdə məğlub olma təhlükəsi var idi.
İndiki vəziyyətdə kənardan verilən dəstək Ukraynanın özünün müqavimətinə əsas verir. Amma unutmayaq ki, Putin də Ukraynaya qarşı böyük bir cəbhə açıb. Öz hərbi arsenalından istifadə etməklə yanaşı Şimali Koreya, Çin, İran kimi ölkələrdən hərbi dəstək alır. Rusiya Ukrayna ərazisində əvvəlcədən planlaşdırdığından daha ciddi addımlar atır. Əgər müharibə başlayanda bu müharibəyə "xüsusi əməliyyat" deyrdilərsə və məqsəd də guya Ukraynada yaşayan rusların hüquqlarını müdafiə etmək idisə, bugünkü mənzərə tamamilə ayrıdır. İndi Putin açıq-aydın bəyanat verir ki, "biz yeni-yeni ərazilər əldə edəcəyik". Vaxtilə ermənilər də Tovuz döyüşləri başlayanda belə bəyanatlar verirdilər. Onların müdafiə nazirinin belə bir şüarı var idi ki, "yeni müharibə, yeni ərazilər deməkdir". Rusiya indi Ermənistanın yolu ilə gedir.
- Nəzəri olaraq belə vəziyyətdə Qərb nə etməlidir?
- Qərb çox yaxşı başa düşür ki, Ukraynanın məğlub olması bütünlükdə Qərb dünyasının məğlub olması deməkdir. Rusiyanın əsas iddiası da yeni bir qütb yaratmaqdır. Ancaq Rusiya elə bir vəziyyətdə deyil ki, dünyada yeni bir qütb yarada bilsin. Dünya qütblərinin yaranmasında məqsəd dünyanı tənzimləmək, qarşıdurmaları aradan qaldırmaq, əməkdaşlıq şəraitini genişləndirməkdir. Amma biz vaxtilə Rusiyanın yaratdığı qütbün - sovetlərin acı təcrübəsini görmüşük. Rusiya yenə bir qütb yaradarsa, dünya yenidən bölünəcək, XX əsrin əvvəllərinə qayıdacağıq, bloklaşma başlayacaq, silahlanma güclənəcək, düşmənçilik yaranacaq və s. Bu da bütünlükdə dünya üçün nə qədər problemin yaranması deməkdir. Ona görə də nə Amerika, nə də Qərb imkan verməyəcək ki, Rusiya öz məqsədinə çatsın. Buna görə də getdikcə Ukraynanın əl-qolunu daha çox açırlar, onlara uzaq mənzilli silahlar verirlər ki, Rusiyanın dərinliklərinə zərbə endirə bilsinlər. Hərbi teatrda vəziyyət belədir ki, Rusiya Ukraynanı tam məğlub etmək sərhədinə gəlib çıxmayıb. Başqa sözlə, Ukraynanın "Stalinqradına" qədər gəlib çatmayıb. Ora çatanda mütləq təqdirdə ikinci cəbhə açılacaq və İngiltərə, Fransa aktiv şəkildə Rusiya ilə vuruşacaq.
- Bu arada Rusiyanın özündə də iqtisadi problemlər artır. Rus rublu kəskin ucuzlaşır. Mərkəzi Bankın sədri deyib ki, imkanlar məhduddur, üzən məzənnə rejiminə keçməyəcəklər. Bu, Rusiya daxilində, hakimiyyətində hansı problemlərə səbəb ola bilər?
- Təbii ki, iqtisadi tənəzzül siyasi böhranları yaradır. Bu böhrandan çıxmağın isə iki yolu var - ya inqilabla rejim dəyişir, ya da cəmiyyət özü daha ağır şərtlər daxilində rejimi dəyişir. İndiki halda Rusiya rejiminin gücü çatır ki, xalqı dəyişdirsin. Partiyalar, demokratik institutlar ləğv olunub, ayrı-ayrı aktiv siyasi şəxslər dəlixanaya salınıb, məhv edilib və s. Amma iqtisadiyyatın gətirdiyi zərurət var. Siyasi dəyişmə olmalıdır. Rusiya sadəcə olaraq dəyişmələri qabaqlamaq üçün bu dəyişmələri yaradacaq insanları məhv edir. İnsan yoxdursa, dəyişim mümkün deyil. Putin də çox yaxşı bilir ki, siyasi dəyişimdən qaçmağın bir yolu da bu siyasi dəyişimələri həyata keçirə biləcək adamları məhv etməkdir. Hələlik bu proses gedir. Amma bu iqtisadi çətinliklərin elə bir nöqtəsi də var ki, o nöqtədə artıq hakimiyyət prosesləri idarə edə bilmir. Rusiya hələlik o nöqtəyə gəlib çıxmayıb. Həm də Rusiyanın sovet dövründən qalma bir ənənəsi var. Orada insanlar Azərbaycandakı kimi dövlətdən asılı olmadan yaşayırlar. Yəni, dövlət sənə pensiya, maaş verməsə də, sən yaşayırsan. Məsələn, sən bu gün Amerika kimi bir yerdə dövlətdən kənar mövcud ola bilməzsən. Çünki dövlət o qədər hüquqlar verib ki, məcburdur vətəndaşın üzərində həmin hüquq və azadlıqların həyata keçirilməsinə nəzarət etsin. Hüquq və azadlıq olmayan cəmiyyətlərdə isə adamları taleyin ümidinə buraxırlar. Deyirlər ki, kim necə özünü dolandıra bilirsə, getsin yaşasın. Bu iqtisadi böhran insanları A nöqtəsindən C nöqtəsinə doğru inkişaf etdirir və insanlar bu nöqtəyə çatana qədər itirə-itirə gedirlər. İndi Rusiyada vəziyyət bu cürdür. Camaat hökumətin bütün təzyiqlərinə baxmayaraq, güllənin qabağına keçmək istəmir, çünki dediyim kimi, o nöqtəyə hələ çatmayıblar. Oktyabr inqilabı necə oldu? İran inqilabı necə baş verdi? İnsanlar anladılar ki, başqa cür yaşamaq şansları yoxdu. Ya elə öləcəklər, ya da belə. Yəni, Rusiya cəmiyyəti də dediyim o aqonal vəziyyətə çatacağı təqdirdə nə Putin, nə də başqa kimsə cəmiyyətdə baş verən dəyişmələrin qarşısını ala bilməyəcək. Mənə məlumdur ki, Rusiyada həyat səviyyəsi 5-6 dəfə aşağı düşüb, lakin hələ sıfıra yaxınlaşmayıb. Həyat səviyyəsi sıfıra yaxınlaşanda artıq Rusiyada bizim dediyimiz inqilabi dəyişiklik olacaq.
- Suriyada baş verən hadisələri yəqin ki, izləyirsiniz. Artıq ölkənin ikinci böyük şəhəri olan Hələb üsyançıların əlinə keçib, Bəşər Əsəd Moskvaya, Putinlə görüşmək üçün gedib, ola bisin, qayıtmasın. Qəfildən start götürən bu prosesləri nə ilə izah edə bilərsiniz?
- Qəfildən deyil. Trampın prezident seçkilərindən əvvəl verdiyi bəyanatlara baxın. O demişdi ki, "Mən Ukraynada sülhə nail olacam, Yaxın Şərqdə İranı cəzalandıracam". Ona görə də İran Prezidenti Tramp seçilən kimi bəyanat verib ki, "Biz Amerika ilə danışığa getməyəcəyik". Suriyadakı rejim bilavasitə İran və Rusiyanın Yaxın Şərqdəki əsas hakimiyyətlərindən biridir. Təbii ki, əgər sən İrana qalib gəlmək istəyirsənsə, təkcə “Hizbullah”ı, HƏMAS-ı, “Husilər”i neytrallaşdırmaqla kifayətlənə bilməzsən. Sən həm də İrana simpatiya bəsləyən dövlətləri sıradan çıxarmalısan. İranın hakimiyyətdəki ən yaxın və yeganə müttəfiqi Bəşər Əsəddir. O, Suriyada şiələrin azlıq təşkil etməsinə baxmayaraq hakimiyyətdədir, orada sünnilərə qarşı çox ciddi mübarizə aparır. Bu baxımdan, əslində Türkiyənin bu həmləsi Amerikanın bir planıdır. Türkiyə Amerikanın razılığı olmadan orada belə irimiqyaslı əməliyyat apara bilməz. Burada iki cəbhə var - İran, Rusiya və Bəşər Əsədin Suriyası, bir də Azad Suriya Ordusu, ABŞ və Türkiyə. Türkiyə ilə ABŞ arasında isə tək problem var, o da bu kürd məsələsidir. Baxın, həm PKK, həm də Azad Suriya Ordusu o şəhərə hücum edib. Əgər bu YPG məsələsi olmasaydı, biz görərdik ki, ABŞ və Türkiyə də birgə hərəkət edir. YPG təkcə İrana qarşı yox, həm də Türkiyəyə qarşı ABŞ-nin əlindəki əsas silahlardan biridir. Ona görə də bunu uzun müddət əllərində saxlayacaqlar. Biz indi görürük ki, bu iki cəbhə arasında qarşıdurma şiddətlənib. Bu da Trampın seçkiqabağı dediyi kimi, konkret addımlar atması ilə bağlıdır. Təbii ki, Rusiyanın başının Ukraynaya qarışdığı bir vaxtda Yaxın Şərqdə Bəşər Əsədə nəsə bir dəstək vermək imkanı yoxdur. Çünki bundan əvvəl Suriyada olan qoşun hissələrinin bir hissəsini Ukrayna cəbhəsinə atdı, Qarabağdan qoşunlarını ona görə çıxardı ki, daha çox əsgərə ehtiyacı var idi. Belə bir dönəmdə əgər Bəşər Əsəd Rusiyadan nəsə ala bilsə, Rusiyanın gücü parçalanacaq. Amma maraqlıdır, Şimali Koreyadan əsgər alan Rusiya Suriyaya nə verə bilər? Burada elə məqsəd də odur ki, Ukrayna cəbhəsində Rusiya zəifləsin - Bəşər Əsəd Suriyada təklənsin və Rusiyanın, İranın Yaxın Şərqdəki əsas dayağı məhv edilsin. Bununla da Suriya problemi həll olunsun. Çünki bu problem qaldıqca ətraf ölkələrin hamısının inkişafına mənfi təsir edir.
- Bir qədər geniş açıqlasaq, Türkiyə üçün bu məsələlər hansı önəm kəsb edir?
- ABŞ Suriya ərazisində bir kürd dövləti yaratmaq istəyir. Bu dövlət isə Türkiyənin strateji maraqlarına uyğun deyil. Baxın, bu yaxınlarda Bərzani bəyanat verib ki, "Biz Türkiyənin tərkibinə daxil olmaq istəyirik". Suriya kürdləri ilə İraq kürdləri arasında çox ciddi bir rəqabət var. Suriya kürdləri müstəqil dövlət olmaq istəyir və Türkiyəyə ərazi iddiaları irəli sürür. İraq kürdləri də İraqın tərkibindən çıxıb Türkiyənin tərkibinə daxil olmaq istəyir. Türkiyə də istəmir ki, Amerika burada terror dövləti yaratsın. Ona görə də Rusiya ilə indiki əməkdaşlıq şəraitində Türkiyənin birdən-birə bu prosesə girməsini başa düşmək mümkün idi. Amma Türkiyə dayanacağı təqdirdə kürdlər Hələbi tutacaq. Bu da Türkiyə üçün ən böyük problemlərdən biridir. Çünki oradakı kürdlər özlərini dövlət elan edəcək. Ona görə də Türkiyənin nəzarətində olan Suriya Azadlıq Ordusu o şəhəri ələ keçirmək istəyir. Başqa sözlə, Türkiyə məcburdur ki, bu savaşa girsin.
- Regionun digər ölkəsi Gürcüstanda da proseslər qızışıb. Baş nazir Kobaxidzenin Avropa İttifaqı ilə münasibətlərin 2028-ci ilə qədər dondurulacağı barədə bəyanatından sonra mitinqlər başlayıb, proses sərt mərhələyə girib, polis güc tətbiq edib. Prezident Zurabişvili anti-hökumət mitinqlərinə liderlik edir. Siz nə gözləyirsiz bu proseslərdən?
- Əslində bu Cənubi Qafqaz kontekstində dəyərləndirilməli olan məsələdir. Cənubi Qafqaz uğrunda Avropa, Amerika və Rusiya arasında bölgü gedir. Hələlik Azərbaycan burada Türkiyə, bir qədər də Rusiya ilə oynayır, Qərb və Amerika ilə məsafə saxlayır. Ermənistan artıq Qərbin nəzarəti altındadır. Azərbaycanla bağlı isə Türkiyə faktoru var. Burada Gürcüstan qalır. Orada hakimiyyətə qalan qüvvə də ruspərəstdir. Buna görə də Qərb orada müxalifətə dəstək verir. Qərb istəyir ki, Gürcüstanı da Rusiyanın əlindən qoparsın. Ondan sonra Azərbaycan məsələsinə baxsınlar. Gürcüstan və Ermənistan Qərbin təsir dairəsində olsa, Türkiyə vasitəsilə Azərbaycanın da Rusiya ilə müəyyən mənada əlaqələrini kəsmək mümkündür. Gürcüstandakı hadisələrin səbəbi budur. Hadisələr yeni dünya nizamının bir elementidir. Bu gün bütün bu münaqişələr - Ukrayna savaşı, Yaxın Şərqdəki qarşıdurma, Cənubi Qafqazdakı gərginlik, Pakistan - Hindisan münaqişəsi, bunların hamısı dünya nizamı və xaosdan doğur. Xaos olmasa, nizam əmələ gələ bilməz. İndi köhnə nizamı dağıtmaq üçün xaos olmalıdır ki, yeni nizam yarana bilsin. Bu gün saydığımız münaqişələrin hamısı nəzarət altındadır. ABŞ istəsə, Ukraynadakı müharibəni 3 günə yekunlaşdırardı. Amma istəmir.
- Niyə istəmir?
- Çünki hələ bir neçə il də lazımıdır. Ona görə ki, yeni dünya nizamının konturları hələ meydana çıxmayıb. Amma buna baxmayaraq münaqişələrin dünyanı təhdid etməsinə də icazə verilmir. Bu gün deyirlər ki, dünya müharibəsi olacaq, nüvə müharibəsi baş verəcək… Bu münaqişələrin heç biri dünya müharibəsi səviyyəsinə qalxmayacaq. Sadəcə olaraq bu münaqişələr uzadılır və onların fonunda addım-addım yeni dünya nizamı yaranır.
- Yeni dünya nizamı nədir, hansı prinsiplərdən ibarət olacaq?
- Bizim yaşadığımız dünya nizamında daxili işlərə qarışmamaq, sərhədlərin zorakılıqla dəyişdirilməməsi, dövlətlərdə insan hüquq və azadlıqları dispozitiv olması və öz öhdəsinə buraxılması kimi məsələlər ön plandadır. İndi dünya ikiqütblü deyil. Dünya bir qütblüdür. Belə olan halda qütbə kim rəhbərlik edəcəksə, hamının könlünü oxşamalıdır. Yəni Amerika necə demokratik bir ölkədirsə, gərək digər ölkələr də öz iqtisadiyyatını ona uyğunlaşdırsın. Hansı ölkələr ki Amerikaya uyğunlaşmaq istəmir, hamısı bir cəbhə yaradır. Putin və ətrafındakılar da özlərini ayrı bir qütb hesab edirlər. Anti-amerikan həyat tərzində dövlət və xalqları öz tərəflərinə yığmaq istəyirlər. Bu gün gedən mübarizənin mahiyyəti bundan ibarətdir. Amerika istəyir ki, yeni dünya nizamına özü rəhbərlik etsin - özünün idarəetməsinə uyğunlaşdırsın, korrupsiya olmasın, hakimiyyətlər seçki ilə olsun, insan hüquq və azadlıqları qorunsun, iqtisadi əlaqələrə maneələr olmasın. Biz çox vaxt Amerikanı belə də ekspansiya edən bir dövlət kimi tanımışıq. Əksinə, amerikanlar güc tətbiq etmədən iqtisadi sferanın genişləndirilməsindən xeyir görmək istəyirlər. Bəzi ölkələr isə Amerikanın bu iqtisadi genişlənməsinə ayaqlaşa bilmədiklərindən korrupsiya, oğurluq halları var. Onlar Amerikanı ora buraxmaq istəmirlər. Buraxmaq istəməyəndə də xalqa deyirlər ki, amerikan imperialistlər gəlib ölkəmizi tutmaq istəyir. Bu gün elə ölkələr var ki, balaca olsalar da, Amerikada müəyyən iqtisadi sferalara nəzarət edirlər. Amerika bunu normal hesab edir. Çünki zatən azad iqtisadiyyat belə olur. Bəzi ölkələr var ki, deyir, biz Amerika mallarından imtina edirik. Belə olan halda Amerikanın iqtisadi sferası dağılmağa başlayır. Ona görə dünya başlayır özbaşına qalmağa. ABŞ-nin milli təhlükəsizlik konsepsiyası dünyada sabitlik deməkdir. Bizdəki nədir? Azərbaycanda sabitlik. Hamı deyir ki, ABŞ harda münaqişə var, oradadır. Sizcə niyə belədir? Amerikanların çox gözəl bir sözü var: "Amerikaya müharibə gəlmir, Amerika özü müharibəyə gedir". Yeganə ölkədir ki, heç vaxt müharibə onun sərhədinə gəlib çıxmayıb. Çünki Amerikanın milli təhlükəsizliyi daxilildə deyil, dünyadakı təhlükəsizliklə müəyyən olunur.
- Bu kontekstdə Gürcüstanda vəziyyət necə olacaq?
- ABŞ-nin vaxtilə Gürcüstanda çox gözəl təcrübəsi olub - "Qızılgül inqilabı". Çox güman ki, ABŞ bu dəfə də Gürcüstanı əldən verməyəcək. Rusiyanın diqqətini Gürcüstandan yayındırmağa çalışacaq. Rusiyanın da ağlı olsa, Gürcüstandan imtina edər. Amma Gürcüstana girsə, böyük, qanlı münaqişələr olacaq. Təbii ki, Gürcüstan bir Ukrayna deyil, kiçik ölkədir və bir neçə gün bəs edəcək ki, Gürcüstan məhv olsun. Yəqin ki, yeni seçkilərin keçirilməsi ilə bağlı bir razılaşma olacaq. Orada prezident var və yeni hakimiyyəti qəbul etmir.
- Amma keçmiş futbolçu Kalibaşvilini yeni prezident elan ediblər...
- Elan edə bilərlər, amma legitimlik olmalıdır. Qərb qəbul etməlidir onu. Gürcüstanda parlamentli respublika olduğuna görə parlament ön plandadır. Təkrar seçkilərin keçirilməsi vacibdir. Qərb hələlik Gürcüstanla oynayır. "Gürcü Arzusu" partiyası istəyir ki, Rusiyaya meyillənsin, sonra da Abxaziya və Osetiya problemlərini həll etsin. Necə ki, biz Qarabağ problemini Rusiya ilə razılaşaraq həll etdik. Amma burada önəmli bir məqamı unudurlar. Rusiya öz istəyi ilə bizimlə razılaşmadı. Pakistan və Türkiyə kimi ölkələr ortaya mövqe qoydular ki, Rusiya müdaxilə etsə, biz də qarışacağıq. Hətta Pakistanın belə bir bəyanatı var idi ki, Azərbaycan özü müraciət etməsə belə, üçüncü tərəf Qarabağ savaşına qarışarsa, 200 minlik qoşunla Azərbaycanın yanında duracaq. Ona görə də Rusiya kənara çəkilməli oldu. Bu gün Gürcüstanın yanında belə dövlətlər yoxdu. Digər tərəfdən, gürcülər də qorxaq millətdir. Bizim xalq gözü qanlı idi. Nə gürcüdə, nə də ermənidə belə bir şey yoxdur. Ona görə də Osetiya, Abxaziyanı gürcülər qaytara bilmir.
- Rusiyadakı böhranın Azərbaycana təsiri haqqında danışaq. Oradan böyük valyuta gəlir, Rusiyaya kənd təsərrüfatı məhsulları satırıq və s. Qarşıda Rusiyada böyük sıxıntılar mümkündür...
- Rusiyadakı azərbaycanlıların çox az bir qismi leqal çalışır və qanuni yollarla pul qazanır. Etiraf etmək lazımdır ki, Rusiyada qeyri-qanuni alver, vergidən yayınma, cinayətkar qruplarla pullar əldə edənlər var. Rusiyada böhran baş versə, əksinə Azərbaycana daha çox pul gələcək. Çünki qeyri-qanuni yollarla qazananlar daha çox fəallaşmağa başlayacaqlar. Azərbaycanlılar gedib Rusiyada zavod, fabrikdə çalışmırlar ki. Hamısı alverlə məşğul olur...
- Orada alıcılıq qabiliyyəti düşür, iqtisadi imkanlar azalır...
- Müəyyən mənada problemlər olacaq, amma çox ciddi təsir etməyəcək.
- Hazırda Milli Məclisdə büdcə müzakirələri gedir. Parlamentdə bir neçə deputat, özləri demiş, "xırda-para" məsələləri qaldırıblar. Amma kəskin reaksiya ilə üzləşiblər. Bunu necə izah edərsiniz?
- Azərbaycan hakimiyyəti elə həssas dövrünü yaşayır ki, burada ən kiçik çağırış, stimul belə çox ciddi hadisələrə səbəb ola bilər.
Bəziləri 30 ildir oradadır, amma xalqın adını çəkmir. İndi başlayıblar ki, sosial məsələlər və s. Bunlar hamısı başa düşmürlər ki, xalq onları sevməsə belə, o çıxışlar hakimiyyətin əleyhinə problem yarada bilər. Yoxsa hamısı özləridir, siyahı ilə orada oturan adamlardır. Xalq seçibsə, bunlar niyə bir-biriləri ilə didişirlər? Bizi niyə buraxmadılar parlamentə? Çünki müstəqil düşüncəsi olan şəxslərin parlamentə düşməsindən qorxurlar.
"AzPolitika.info"