Üzeyir Hacıbəylinin siyasi-ictimai fəaliyyəti

20/11/2023 - 22:58

Qısa zaman kəsiyində mövcud olmasına baxmayaraq, bizə zəngin miras buraxmış Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında bir çox tarixi şəxsiyyətlərin mühüm xidmətləri olmuşdur. Belə şəxsiyyətlər sırasında Üzeyir Hacıbəylinin özünəməxsus yeri vardır. XX əsr Azərbaycan elmi-estetik fikrinə yön verən simalardan olmuş Üzeyir bəy müxtəlif illərdə Azərbaycan xalqının milli şüurunun oyanmasına xidmət etmiş feyletonların, məqalələrin müəllifidir.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ilin sentyabrın 18-də Ağcabədidə anadan olmuşdur. Təhsilini Qori Müəllimlər Seminariyasında aldıqdan sonra “Kaspi”, “Həyat”, “Tərəqqi” qəzetlərində müxtəlif yazılar çap etdirmişdir. 25 dekabr 1909-cu ildə “Həqiqət” qəzetinin 1-ci nömrəsində ‘Bəyani məslək’ adlı baş məqalə ilə çıxış etmiş, jurnalist estetikası, mətbu işçinin vəzifələri kimi məsələlərə toxunmuşdur [4]. Bundan başqa, Üzeyir bəyin publisistikasına bir çox məqalələr, feyletonlar daxildir. O, bu yazıları “Çi”, “Bəhmənkəs”, “Bisavad”, “Musiqiçi” imzaları ilə yazırdı [2, səh 438].

Üzeyir bəyin ən misilsiz xidmətlərindən biri şərqdə ilk operanın banisi olmasıdır. Belə ki, 1908-ci il yanvarın 25-də Tağıyev teatrında onun ilk operası olan “Leyli və Məcnun” tamaşaya qoyulmuş, bununla da Azərbaycan şərqdə ilk opera məkanına çevrilmişdir.

Üzeyir Hacıbəylinin Cümhuriyyət yarandıqdan sonra da geniş fəaliyyəti olmuşdur. O, cümhuriyyət dövrü ərzində “Azərbaycan” qəzetində müstəqil dövlətçiliyimiz barədə geniş yazılar yazmışdır. Bu yazılar Cümhuriyyətimiz üçün həyati əhəmiyyət daşıyan məsələlər - Azərbaycan Parlamenti, Qarbağ məsələsi, Paris sülh konfransı və s. haqdadır. Üzeyir bəy Hacıbəylinin publisistikasının əsas amalı - milli istiqlala sədaqət, mübarizlik, cəsarət və tərəqqi inancları üzərində köklənirdi. "Mühüm məsələlər", "Partiyalarımıza", "Təəssürat", "İstiqlal və istiqbal ümidi", "Tarixi günümüz", "Vəzifəmiz nədir", "Lənkəran faciəsi", "Fitnələr qarşısında", "Naxçıvan və Qarabağ", "Qarabağ haqqında", “İçimizdəki Denikinlər”, “Ermənistan və Azərbaycan münasibəti” və s. yazılar Üzeyir bəy Hacıbəylinin uzaqgörən siyasətçi, əqidəli publisist olduğunu bariz şəkildə göstərir.

Üzeyir bəy 1918-ci il dekabrın 7-də Parlamentin açılış mərasimində iştirak etmişdir. O, bütün bunları “Tarixi günümüz” və “Təəssürat” məqalələrində qeyd etmişdir. Sonra Ü.Hacıbəyli təsirli bənzətmələrlə fikrini gücləndirərək yazırdı: "Parlaman imarətinin içində ziynət cümləsindən diqqəti cəlb edən şey qiymətli xalılar deyil idi, bəlkə qiyməti ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi" [2, səh 440].

İstənilən dövlət və millət üçün milli marş ən vacib məsələlərdən biridir və Azərbaycan Xalq Cümhuriyyətində bu məsuliyyəti Üzeyir bəy öz üzərinə götürmüşdü. Hələ Cümhuriyyətdən də xeyli əvvəl sözlərini də özünün yazdığı milli marşın müəllifidir. O deyirdi: “Bax, sus bu zamanda bizim dəxi buna böyük ehtiyacımız vardır. Milli bir qəsidə yazmaq haqqında bən bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etmək lüzumsuz bilmədim” [1, s.21]. Cümhuriyyət dövrünün ən böyük musiqi hadisəsi Üzeyir bəy Hacıbəylinin bəstələdiyi və sonralar dövlət himni kimi qəbul edilən "Azərbaycan" marşıdır. Tədqiqat işində dövlət atributları sırasından milli himn müsabiqəsi üçün yazılan bu marşın yaranma tarixi araşdırılmış, qeyd edilmişdir ki, "Azərbaycan" marşı 1919-cu ilin aprel ayında hazır idi. Üzeyir bəyin cümhuriyyət dövründə yaratdığı "Milli marş", "Çırpınırdın Qara dəniz” mahnı-marşları, "Azərbaycan", "Dağıstan" balet rəqsləri müasir çağımızadək müasirliyini, populyarlığını qoruyub saxlayır.

Ü.Hacıbəyli Cümhuriyyətimizin 1 yaşında Azərbaycan istiqlalının mövcud durumunu belə təqdim edirdi: “Biryaşlı dövlətimiz gələcəkdə və yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı və aləmi-mədəniyyətin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda hər kəsə bildirməkdədir”.

Üzeyir bəy o zaman Qarabağda baş verən hadisələrə də biganə qalmamış, Azərbaycan qəzetində bu barədə yazılar çap etdirmişdir. O, ermənilərin törətdikləri vəhşiliklərdən yazırdı.

Ü.Hacıbəylinin “İstiqlal və istiqlal ümidi” məqaləsi Versalda keçiriləcək Sülh Konfransına həsr edilib. O yazırdı ki, həmin toplantıda istiqlalımıza “hə” və “yox” nəticəli qərar veriləcəkdir və oraya göndərilən nümayəndələrimiz çalışıb Azərbaycanı dünyaya tanıtmalıdır. O, narahatlıq içərisində yazırdı: “Lakin Allah eləməsin ki, “yox” xəbəri ilə qayıtsınlar! O halda bütün ümidlərimiz, bütün amal və arzumuz məhv və nabud olub da, əvəzində qeyri-qabil təsəlli, bir hüzn və olduqca dərin bir yas və əməl əmələ gəlib, artıq dünya üzündə yaşamaq həvəsindən düşərək və ya yaşasaq da ölü olduğumuzun və ya diri qaldığımızın heç bir fərqi olmaz, çünki hüquqi-siyasi və milliyyəsindən məhrum edilmiş olan bir millətin diriliyi ölülüyünə bərabərdir”.

Üze­yir bəy 1918-ci ilin mart soy­qı­rı­mı gün­lə­rin­də er­mə­ni ter­ro­run­dan ya­xa qur­ta­ra­raq, trup­pa ilə bir­lik­də bir ne­çə ay­lı­ğa İra­na sə­fər edib, bu­ra­da ta­ma­şa­lar ha­zır­la­yıb. Tə­əs­süf ki, So­vet döv­rün­də bu məc­bu­ri mü­ha­ci­rət "qas­trol" ki­mi qə­lə­mə ve­ri­lib [3].

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə ölkə daxilində mane olanları Ü.Hacıbəyli “İçimizdəki Denikinlər” adlandırıb yazırdı: “Bir Denikin var ki, bizi xaricdən təhdid edir. Bir çox denikinlər də var ki, içimizə dolub, ən xətərli yerlərimizdə gizlənib də bizi daxildən qorxudurlar. Ü.Hacıbəylinin “Azərbaycan” qəzetindəki son yazısı “Zurna” adlanırdı. Yazı 1920-ci ilin aprelin 25-də qəzetin 82-ci sayında “Çı” imzası ilə çap olundu.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyli repressiya təhlükəsi ilə üzləşmişdir. Hökmü çıxarılan 59 nəfər içərisində onun da adı mövcud idi, amma xoşbəxtlikdən bu baş tutmur. Nərimanovun səyləri nəticəsində Üzeyir bəyin adı bu siyahıdan çıxarılır. Bundan sonra ömrünün sonuna kimi yaradıcı fəaliyyətinə davam etmişdir.

Üzeyir bəy vəfat edəndə vaxtilə əqidə dostu olmuş Məhəmməd Əmin Rəsulzadə bu hadisəyə dair məqalə yazıb. Rəsulzadə məqalədə qeyd edirdi ki, “bu gün Üzeyir bəyin tabutunun başında Sovet komissarları növbə tutsalar da, onu heç vaxt sovetləşdirə bilmədilər. Üzeyir bəy hər zaman milli qaynaqlarımıza söykənən insan olaraq qaldı və həmişə də bizim üçün bu cür insan olaraq xatırlanacaq”.

Murad BÖYÜKXANOV,

Tarix fakültəsi Tarix ixtisasının III kurs tələbəsi

E-mail: muradboyukkhan03@gmail.com

Rəyçi: Dosent, tarix üzrə fəlsəfə doktoru Samir İsmayılov

E-mail: samir.ismayilov@mail.ru

Açar sözlər: Cümhuriyyət, Azərbaycan qəzeti, məqalə, parlament

Keys word: Republic, Azerbaijan newspaper, article, parlament

Ключевое слово: Республика, Азербайджанская газета, статья, парламент

Ədəbiyyat:

1. XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları (1918-1920). /toplayanı və tər. ed., giriş məqaləsi, lüğət və adlar göstəricisinin müəl. F. Ş. Əliyeva ; Bakı, “Nurlan”, 2005, 452 səh. illüstr. 28 səh.

2.Yaqublu Nəsiman. Cümhuriyyət qurucuları. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2018, 504 səh.

3. Asif Rüstəmli. Professor Fərəh Əliyevanın “Üzeyir Hacıbəyli Cümhuriyyət dönəmində” kitabı haqqında düşüncələr. // https://www.azerbaijan-news.az/posts/detail/milli-meneviyyat-etalonu-uzeyir-bey-hacibeyli-1631132343

4. Səbinə Hafizova. Üzeyir Hacıbəyovun Azərbaycan mətbuatında rolu. //

http://www.anl.az/down/meqale/kaspi_az/kaspi_az_fevral2009/70223.htm

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49