Yanvarda Avropada qazın qiyməti 6 % artıb
Yanvar ayında Avropada qazın orta qiyməti 6 % artaraq 1000 kubmetr üçün təxminən 517 ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu, Londonun ICE birjasının fyuçers məlumatları və TASS-ın hesablamalarında öz əksini tapıb.
Bu artımın əsas səbəbləri soyuq hava şəraiti fonunda Avropa anbarlarındakı ehtiyatlardan yüksək istifadə tempi və Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması ilə bağlıdır.
Əgər 2024-cü il dekabrın 31-də qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 539 ABŞ dollarına ticarət olunurdusa, 2025-ci il yanvarın 31-də bu göstərici keçən ayın sonu ilə müqayisədə 7 % artımla 577 ABŞ dolları təşkil edib.
2024-cü ilin payızından etibarən Avropa hablarında qaz kotirovkaları tədricən artmağa başlayıb. 2024-cü ilin sentyabrında Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 416 ABŞ dolları (illik ifadədə azalma 0,3 %), oktyabrda 456 ABŞ dolları (-11 %), noyabrda 491 ABŞ dolları (-4 %), dekabrda 489 ABŞ dolları (+20 %), 2025-ci ilin yanvarında isə 517 ABŞ dolları (+53 %) təşkil edib.
Qazın qiymətinin artması bir sıra amillərlə bağlı olub. Bu, əsasən soyuq hava şəraiti fonunda Avropada yeraltı qaz anbarlarından istifadə tempi ilə əlaqədardır. Hazırda yeraltı qaz anbarlarının doluluq səviyyəsi 5 %-dən azdır və təxminən 6 milyard kubmetr qaz var. Oktyabrın sonunda Avropa İttifaqı ölkələri anbarlardan təxminən 4 milyard kubmetr qaz götürüb.