Yüz ilin Ustadı - Rəşad Məcid yazır

17/12/2024 - 05:47

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Azərbaycanın görkəmli alimi və yorulmaz mətbuat tədqiqatçısı,  Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist, unudulmaz pedaqoq, əziz müəllimimiz Şirməmməd Hüseynov haqqında keçmiş zamanda yazmaq dərin kədər hissi doğursa da, qoyub getdiyi dəyərli mənəvi irs həmişə yolumuzu aydınladır. Yüz ilin Ustadının ömrü yalnız yaşadığı dövrə aid deyil, bu ömür həm də gələcək nəsillərin düşüncələrinə çıraq tutan mükəmməl bir yol xəritəsidir.

Dekabrın 17-də 100 illiyini qeyd edəcəyimiz, hər zaman yaddaşımızda canlı əfsanə kimi yaşayan professor Şirməmməd Hüseynovun həyat yolu əsl örnəkdir. O, dəyərlərə dəyişməz sadiqliyi, gördüyü işə sonsuz inamı, yorulmazlığı, əzmkarlığı, təmizliyi, saflığı, nikbinliyi, gözütoxluğu, müdrikliyi, ləyaqəti, mülayimliyi və hökmü ilə hamımıza "Belə yaşamaq mümkündür" nümunəsini göstərən əvəzsiz şəxsiyyət, düzlüyü, ədaləti, prinsipiallığı və xarizmasıyla mətbuatımızın gerçək tarixi siması idi. Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki, bu, hər alimə nəsib olan səadət deyil. Onun ən böyük sərvəti araşdırmaları, tələbələri və yetirmələridir. Jurnalistlərin əvəzsiz müəllimi Şirməmməd Hüseynov həm də Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən nüfuzlu tədqiqatçısı idi.

...Ötən əsrin 80-ci illərində - Bakı Dövlət Universitetinin keçmiş Kommunist küçəsində yerləşən korpusunda Jurnalistika fakültəsində təhsil aldığım illərdə bəzi müəllimlər bizim üçün əfsanə kimi görünürdü. O müəllimlərin hamısı mənim həyatımda böyük rol oynayıblar və indiyə qədər xatirimdədirlər. Həmin müəllimlərim sırasında professor Şirməmməd Hüseynovun müstəsna yeri var. Xoşbəxtlikdən, o illərdə Şirməmməd müəllim bizə burjua ölkələrinin jurnalistikasından dörd qoşa saat dərs dedi. Mən o mühazirələrə qulaq asa-asa haçansa Şirməmməd müəllim haqqında mütləq yazacağımı özüm üçün yəqinləşdirmişdim. Hətta yazının adı da hazır idi: "Dörd qoşa saat". Sonralar, dediyim o yazını yazdım da. Doğrudan da, həmin dərslər jurnalistika haqqında təsəvvürümüzü dəyişdirdi. Şirməmməd müəllim sovet rejiminin ən güclü vaxtlarında sətiraltı mesajlarla jurnalistikanın mahiyyətini bizə izah edirdi. Hələ məşhur yenidənqurmanın başlanğıcında dörd qoşa saat burjua jurnalistikasının mahiyyətini anladan Şirməmməd müəllim həm də bir az ezop diliylə, bir az sətiraltı sözlərlə, bəzən də mimikayla sovet və burjua mətbuatları arasındakı fərqləri bizə çox aydınca başa salmışdı...

...1985-ci ildə "Elm və həyat" jurnalında korrektor kimi işə başlamışdım, tanınmış, səmimi iş yoldaşlarım içərisində Şirməmməd müəllimin ömür-gün yoldaşı Ülkər xanım Hüseynova da var idi. Ülkər xanım jurnalın "Elm" şöbəsinə rəhbərlik edirdi, ciddi, qəliz, çətin mövzulardan yazırdı, fərqli insanlar barədə danışırdı. Mən indi hamının yaxşı tanıdığı məşhur həmyerlimizin - Lütfi Zadənin adını da ilk dəfə Ülkər xanımdan eşitmişdim. Cavan jurnalistlərin dilindən ciddiliyi, sərtliyi barədə müxtəlif hadisələr eşitdiyim Şirməmməd müəllimin adı Ülkər xanımın dilində sadəcə, "Şirməmməd" deyə səslənirdi və əlçatmaz müəllimimizin həm də real bir insan olduğunu bizə xatırladırdı. Sonralar Şirməmməd müəllim mənə dərs deyəndə gördüm ki, onun işə məsuliyyətli yanaşması Ülkər xanıma da sirayət edib. Ülkər xanım çox zabitəli və ciddi qadın idi. Amma ara-sıra Şirməmməd Hüseynovun həyat tərzi barədə danışırdı. Onun dedikləri Şirməmməd müəllimi mənim gözümdə bütləşdirmişdi. Heyrətqarışıq bu heyranlıq bu gün də davam edir.

...Gərək ki, Şirməmməd müəllimin özü ilə ilk dəfə görkəmli türkoloq alim Aydın Məmmədovla birlikdə oturmuşduq. Uzaqdan böyük ehtiram bəslədiyim müəllimimlə birinci dəfə yaxından görüşür, söhbətlərini dinləyirdim. Bu insanların müasir tariximizdə və şəxsən mənim həyatımda böyük rolu var.

Sonralar həyat elə gətirdi ki, Şirməmməd müəllim "525-ci qəzet"in unudulmaz müəlliflərindən biri oldu. Biz onunla "525-ci qəzet"in redaksiyasında, BDU-da tez-tez görüşürdük. Onun redaksiyamıza hər gəlişi həm "525"in, həm də o vaxt Dövlət Tərcümə Mərkəzində yerləşən digər mətbuat orqanlarının əməkdaşları üçün əsl bayrama çevrilirdi. Şirməmməd müəllimin maraqlı söhbətlərindən doymaq olmurdu. Həmin illərdə o, Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin dərc olunmamış əsərlərini "525-ci qəzet"də silsilə şəkildə nəşr etdirirdi - bu böyük şəxsiyyətləri də "525"in müəlliflərinə çevirmişdi. Qəzet üçün göndərdiyi yazılarda hər bir sözün üstündə əsərək böyük diqqət göstərir və redaksiyanın kollektivini də səfərbər edirdi - jurnalistikada aldığımız nəzəri dərsi həm də praktikada da ustadımızdan öyrənirdik. Müəllimimizin "525-ci qəzet"in şənbə saylarında mütəmadi olaraq tariximizi araşdıran yazılarını hamımız səbirsizliklə gözləyirdik. Hər dəfə redaksiyaya müraciət edəndə bilirdik ki, mətbuat tariximizlə bağlı nəsə yeni material gətirəcək, bilinməyən məqamları ortaya qoyacaq. Şirməmməd Hüseynovun zəhmətkeşliyi, fədakarlığı, klassik irsə, milli dəyərlərə münasibəti bizi heyrətləndirirdi və hamımız ondan necə məsuliyyətli olmağı öyrənirdik. Hər xırda söz, hadisə Şirməmməd müəllim üçün əhəmiyyətli idi və hər məsələyə dəqiqliklə yanaşırdı. Vaxtilə onun təşəbbüsü ilə "İrşad", "Həyat" və "Açıq söz" qəzetlərinin ilk saylarının, "Azərbaycan" qəzetinin cümhuriyyətin bir illiyinə həsr olunmuş 28 may, eləcə də parlamentin açılışına həsr olunmuş nömrələrinin transliterasiyasını "525"in içərisində xüsusi buraxılış kimi çap etmişdik. Bunlar həm mətbuat tariximizlə daha yaxından tanış olmaq baxımından, həm də tariximizi gənc nəsillərə sevdirmək cəhətdən çox əhəmiyyətli məqamlar idi. Cümhuriyyət və mətbuat tariximizlə bağlı ən ciddi məsələlərə Şirməmməd müəllimin münasibətini, tapdığı yeni faktları, üzə çıxardığı yazıları "525"də şövqlə, məmnuniyyətlə çap edirdik.

Şirməmməd müəllim son illərdə də bir neçə dəfə qəfildən redaksiyamıza qonaq gəlmişdi. Mən də, redaksiyanın əksər əməkdaşları da onun - Ustadımızın hüzurunda sayğıyla dayanır, eyni zamanda Şirməmməd müəllimlə birlikdə çəkdirdiyimiz şəkillərimizi sosial şəbəkələrdə paylaşmaq fürsətini də fövtə vermirdik...

Çox sevindirici haldır ki, Şirməmməd Hüseynovun yolunu bu gün onun tələbələri uğurla davam etdirirlər. Ustadın anadan olmasının 100 illik yubileyi ərəfəsində, bu günlərdə BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat kafedrasının müəllimi, Şirməmməd Hüseynovun araşdırmaçı yetirməsi Samir Xalidoğlunun rəhbərliyi, fakültənin bir qrup tələbəsinin iştirakı ilə "Açıq söz" qəzetinin 2-ci sayının transliterasiyası "525-ci qəzet"in içərisində işıq üzü gördü, qəzetin 3-cü sayının transliterasiyası isə artıq çapa hazırlanır.

Söz düşmüşkən, bu yerdə bir məqamı da qeyd etməyi vacib bilirəm. Bir neçə ildir, ADA Universitetinin böyük dəstəyi ilə, 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyyatının latın qrafikasıyla 20 cilddə nəşri prosesinə start verilib və artıq iyirmicildliyin yarıdan çoxu işıq üzü görüb. Belə bir əhəmiyyətli və xeyirxah təşəbbüs, hesab edirəm ki, həm bu ali təhsil ocağı tərəfindən Azərbaycanın mətbuat tarixinə xüsusi ehtiramın, həm də ustad tədqiqatçı Şirməmməd Hüseynovun başladığı böyük işə nəcib və qədirbilən münasibətin nümunəsidir.

Azərbaycan mətbuat tarixinin öyrənilməsi və təbliği istiqamətində Şirməmməd müəllimin fəaliyyəti təkrarsızdır. Ömrünün ahıl çağında da Şirməmməd müəllim çox enerjili, çalışqan idi. Hətta onun bir müsahibəsində dediyi: "Mənim əlimdə işim çoxdur, ona görə də ölməyə vaxtım yoxdur" - fikri qardaş Türkiyə alimlərini heyrətləndirmiş və məhz bu fikrinə görə Azərbaycana gəlib onunla tanış olmuşdular. 

...2019-cu il - təxminən mayın sonu, iyunun əvvəlləri idi. Şirməmməd müəllim bir gün zəng edib mənə dedi ki, bu mövsümü bitirdik, yeni yazılara sentyabrdan başlayarıq. Təəssüf ki, həmin zəngdən qısa müddət sonra Şirməmməd müəllimin vəfat xəbəri hamımızı sarsıtdı. Biz həmin ilin sentyabrında da, sonrakı illərdə də onun ruhunu, yazılarının ab-havasını daima hiss edirik. Şirməmməd müəllimin 100 illiyi ilə bağlı bu yazı barədə düşünəndə Əflatun Amaşovun bir vaxtlar mənə ünvanladığı yubiley təbrikindən bir məqamı xatırladım: "Mətbuat Şurasının ofisi adi iş axarında idi. Baş redaktorlar, ictimai xadimlər Şuraya toplaşmışdılar. Rəşad da gəlib çıxdı və kabinetə girəcəkdə gördüyü şəxs həmkarımı ənənəvi olaraq hamı ilə görüşmək fikrindən bir anlığa daşındırdı. Birbaşa ona doğru yön aldı. Qarşısında dayandı, əyilərək əlindən öpdü. Azərbaycan jurnalistikasının canlı əfsanəsi Şirməmməd Hüseynov... sözün yaxşı mənasında çaşqınlıq içərisindəydi. Sonradan Rəşad "mən millətimizə, xalqımıza xidmət edən dəyərli insanların əllərindən öpməkdən heç vaxt çəkinmədim. Otağıma gələndə ayağa sıçradım, qabaqlarına yüyürdüm..." yazacaqdı".

Xatırladığım digər bir məqam isə istedadlı, iti müşahidə qabiliyyətinə malik gənc jurnalistimizin dedikləri oldu: "İlk dəfə mən hələ 2010-cu ildə sizin Şirməmməd müəllimlə danışığınıza heyrətlənmişdim. Sonsuz sayğı və ehtiramla, ən adi sözü belə möhkəm deməkdən ehtiyatlanaraq, sözlərə nəvaziş qataraq, yumşaq, qayğıkeş danışırdınız". İndi düşünürəm, az qala 40 il məni bu insana, müəllimə, jurnalistə, şəxsiyyətə qarşı belə sayğıda saxlayan bu dərin hissin səbəbi nədir? Və cavabını tapıram: Onun yüz ilin müdrikliyini, tarixiliyini və mənəvi əzəmətini özündə cəmləşdirib hərtərəfli ÖRNƏK ŞƏXSİYYƏT olmağı bacarması...

Şirməmməd müəllim həm bizdən ötrü, həm də bizdən sonrakı nəsillər üçün diqqətin, məsuliyyətin, dəqiqliyin, gördüyü işə hədsiz sevginin simvoludur. Dəfələrlə olub ki, ya özünün təqdim etdiyi, ya da qəzetdə çıxan başqa materiallarda yalnız onun diqqətini çəkə biləcək, yalnız onun sezəcəyi hansısa rəqəmlərə, faktlara aid qeydlərini, düzəlişlərini dərhal telefonla çatdırıb. Əksəriyyətimizə çox xırda, əhəmiyyətsiz görünə biləcək həmin məqamlara son dərəcə həssas münasibəti əslində ona Ustad adı qazandıran müstəsna cəhət, nadir keyfiyyətdir.

Təxminən on il qabaq, yaşlı nəslin nümayəndələri hələ yeni texnologiyalara müqavimət göstərdiyi bir vaxtda Jurnalistika fakültəsində, Mətbuat tarixi kafedrasında üçümüz - Şirməmməd müəllim, Cahangir müəllim və mən söhbət edirdik. Birdən cib telefonu zəng çaldı. Mən, ilk ehtimal kimi, Cahangir müəllimə baxdım. Qımıldanmadı. Şirməmməd müəllim əlini pencəyinin cibinə atıb telefona cavab verdi. Gülümsədim və zövq aldım. Şirməmməd müəllimin yaşıdları arasında mobil telefonla ən tez dostlaşanlardan biri olduğunu biləndə heyrətlənib sevinmişdim.

...Bir gün Bəstəkarlar İttifaqında Şirməmməd müəllimin qızı - Azərbaycan Milli Konservatoriyasının professoru Lalə xanım Hüseynovanın kitabının təqdimatı keçirilirdi. Tədbirin sonunda Şirməmməd müəllimlə söhbət edirdik. Birdən qayıtdı ki, Rəşad, mən bu səhnədə 1938-ci ildə Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin qarşısında çıxış etmişəm. Tədbir sonunun qələbəliyindən, hay-küyündən deyilən fikri tam anlaya bilməmişdim. Bir an duruxandan sonra təəccüblə: "Neçənci ildə?" - deyə soruşdum. Hadisəni danışdı: "Bu günlərdə Milli Kitabxananın direktoru Kərim müəllim 1938-ci ilin "Bakraboçi" qəzetindən bir məlumatın surətini çıxarıb göndərib mənə. Yazılıb ki, tədbirdə 14 yaşlı Şəki məktəblisi Ş.Hüseynov çıxış edib. O məktəbli mən idim. Onda bura Пionerlər eviydi. Mən də böyük bəstəkarların münsif olduğu müsabiqədə muğam oxumuşdum".

Hərdən belə epizodları dostlara danışır, Şirməmməd müəllimin bizim üçün örnək olmalı bir çox keyfiyyətlərindən söz açıram. O, bizim üçün bir nümunə, gerçək əfsanə, həm də gözümüzün qarşısında olan canlı tarix idi!

Şirməmməd müəllimsiz həyatımızda dərin bir boşluq yaransa da, Ustadımızın nurlu xatirəsi daima bizimlədir. İnanıram ki, BDU, Mətbuat Şurası və media qurumları ilə birlikdə 100 illiyində onun xatirəsini layiqincə anacaq, gördüyü misilsiz işləri bir daha yad edəcəyik. Belə böyük şəxsiyyətlərin hüzurunda sayğıyla dayanmaq, əllərindən öpmək ümumən mətbuatımıza, tarixi şəxsiyyətlərimizə, müəllimlərimizə sayğı və hörmətdir. Əflatun Amaşovun yuxarıda yazdığım müşahidəsi isə dəqiq və məncə, hamımızın edə biləcəyi, etməli olduğu davranışdır. Bir əsri tamamlayan böyük Ustadımızın nurlu xatirəsi qarşısında ehtiramın və minnətdarlığın ifadəsi kimi bu gün də sayğı duruşunda baş əyirəm! Ruhunuz şad olsun, Şirməmməd müəllim!..

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42
Xəyyam Əhmədli vəfat etdi
03/12/2024 - 07:31
Culbars
02/12/2024 - 09:23
DÜZGÜN OLMAYAN HƏQİQƏT
02/12/2024 - 05:24