Kəlbəcərin 113 gün mühasirədə qalmış kəndinə həsr olunan “Başlıbel qətliamı” sənədli əsəri işıq üzü görüb
Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib.
1993-cü il aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 62 sakini kəndi tərk etməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişlər. Onlar kahalarda cəmi 18 gün gizlənə biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.
Başlıbel qətliamı Ermənistan Respublikasının dinc azərbaycanlılara qarşı törətdiyi müharibə cinayətlərindən biridir.
Ötən müddət ərzində Başlıbel faciəsinin araşdırılması, tədqiqi dövlətimiz tərəfindən diqqətdə saxlanılıb. 2017-ci ildə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsi əsasında kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində buraxılan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanları xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Başlıbeldə törədilən kütləvi qətli vurğulayaraq dünya birliyinin diqqətini Ermənistanın törətdiyi bu müharibə cinayətinə çəkib. Dövlət başçımızın bu çıxışından sonra Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.
Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə mütəmadi səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda Prezident Administrasiyasının dəstəyi ilə Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.
Hadisələrin canlı şahidi, Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun uzunmüddətli araşdırmalar və tarixi faktlar əsasında ərsəyə gətirdiyi “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” tədqiqat əsəri indiyədək çap olunmuş kitablara və məqalələrə, bütövlükdə hadisələrin tarixinə yeni bir yanaşmadır. Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında ictimaiyyətə təqdim olunan kitab gələcək nəsillərimiz üçün tarixi yaddaş rolunu oynamaqda çox önəmli bir mənbədir. Layihənin rəhbəri Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, millət vəkili Cavanşir Feyziyevdir. Kitabın rəy müəllifi Fondun əməkdaşı Xəyalə Əfəndiyeva, redaktorları Elşən Cəfərov, Gültəkin Cəfərova, tərtibatçısı Elman Abdulkərimovdur.
"Başlıbel qətliamı" kitabında ermənilərin Cənubi Qafqaza köçürülmələrinin, onların iki əsr boyu Azərbaycanın yerli əhalisinə qarşı apardıqları soyqırım aktlarının və 1993-cü ildə Azərbaycan Respublikasının ərazi vahidi olan Kəlbəcər rayonunun işğalı zamanı törətdikləri qətliamların qısa tarixi xronikası verilmişdir.
Kitabın I hissəsində Rusiya imperiyasının I Pyotr dönəmindən başlayan Qafqazın istilası siyasətinin həyata keçirilməsi, II hissədə XIX - XX əsrlərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törtədikləri soyqırımları və I Qarabağ müharibəsi, III hissədə isə II Qarabağ müharibəsi və nəticələri haqqında tarixi sənədlərə söykənən faktlar verilir.
Gələcək nəsillərimizin tarixi yaddaş kitabının səhifələri olaraq 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində və rayonun digər ərazilərində qətlə yetirilmiş və ermənilər tərəfindən əsir götürülmüş kənd sakinləri, həmçinin dözülməz şəraitdə dağlara sığınaraq 113 gün ərzində erməni mühasirəsində yaşam üçün həyat mücadiləsi aparmış insanlar haqqında hadisələrin şahidləri tərəfindən təqdim edilən xronika verilmişdir.
Xatırladaq ki, bu əsər müəllifin “The Bashlıbel genocide” və "Başlıbel qətliamı” kitablarından sonra Başlıbelə həsr etdiyi üçüncü kitabıdır.
Fuad BİLƏSUVARLI,
Qafqaz.Media