PARİSİ İSTİLANIN ƏN MÜKƏMMƏL YOLU
Cəlil Qurbanlının dərs vəsaiti hansı imkanları ortaya qoyur?!
----
Tanıtım: Cəlil Cahangir oğlu Qurbanlı Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbində fransız və ingilis dillərini tədris edir. Fransız dilindən bədii tərcümələr edir, “Hikmət çələngi: fəlsəfi sitatlar antologiyası” və “Fəlsəfi fikirlər” tərcümə kitablarının müəllifidir. Bu yaxınlarda onun “Fransız dilinin qrammatikası” adlı dərs vəsaiti işıq üzü görüb. Cəlil müəllim otuz ildən çoxdur ki, ədəbi və elmi mərkəzdən kənarda, Biləsuvar rayonunda pedaqoji fəaliyyətlə məşğuldur. Bölgədə yaşamasına baxmayaraq, tərcümə fəaliyyətindən və yaradıcılığından qalmır.
Cəlil Qurbanlının möhtəşəm işlərindən biri onun fransız dili ilə bağlı dərsliyi araya-ərsəyə gətirməsidir. Müəllif bu dərs vəsaitini yazarkən Azərbaycan, fransız və rus dillərində olan kitablara müraciət etmiş, internet resurslarından faydalanmışdır. Kitabın elmi redaktoru professor Çəmən Babaxanova, rəyçisi professor Fikrət Cahangirovdur. Mütəxəssislərin fikri belədir ki, Cəlil Qurbanlının “Fransız dilinin qrammatikası” (Bakı, Zəkaprint, 2024) kitabı Azərbaycan auditoriyasında fransız dilinin müasir tələblər səviyyəsində tədrisinə mühüm töhfədir. Kitab orta və ali məktəblərdə, həmçinin fərdi qaydada fransiz dilini öyrənənlər üçün nəzərdə tutulmuşdur. İlk səhifəsi fransız əlifbası ilə açılan dərsliyin girişində qeyd olunur ki, dərs vəsaitində dilin strukturu, bu strukturu yaradan qrammatik kateqoriyalar və qrammatik formalar öyrənilir. Fransız dilinin morfologiyasında iki növ forma – sintetik (sadə) və analitik (mürəkkəb) formalar nəzərdən keçirilir. Dərsliyi zənginləşdirən mühüm cəhət leksik morfemlərin, söz yaradıcılığı üsullarının, işlək isim suffiksləri və prefikslərinin, işlək sifət düzəldən suffikslər və prefikslərin nümunələrlə təqdim olunması, müqayisələr aparılması, əlavələrin təqdim edilməsidir.
Fransız dilində nitq hissələri isim (nom), artikl (article), sifət (adjectif), say (adjectif numeral), əvəzlik (pronom), feil (verbe), zərf (adverbe), sözönü (preposition), bağlayıcı (conjonetion) və nida (interjection) şəklində təqdim olunur ki, bu da Azərbaycan dilindəki qaydalardan fərqlənir. Müəllif bu fərqli cəhətləri nəzərə alaraq, fransiz dilini öyrənən Azərbaycan oxucularına nitq hissələrinin lüğətlər və izahlarla təchiz edilmiş təqdimatlarını verir. İsimlərin təsnifatı, qrammatik (cins), kəmiyyət, müəyyənlik və eyri-müəyyənlik kateqoriyaları, sintaktik funksiyaları öyrənilir, quruluşca (sadə, düzəltmə, mürəkkəb) növləri verilir. Artikl bəhsində müəyyən və qeyri-müəyyən artikllər, inkar formada olan və xüsusi isimlərin qarşısında verilən artikllərin işlənilməsi qaydaları nəzərdən keçirilir. Təkdə de+le+du, cəmdə de+les+des, həmçinin -a artikllərinin funksiyaları nümunələrlə izah olunur. Sifətin cins, milliyət, rəng, kəmiyyət, keyfiyyət bildirən kateqoriyaları araşdırılır, suffikslə işlənən sifətlərə aydınlıq gətirilir, adi, müqayisə və üstünlük dərəcələri, quruluşca növləri göstərilir. Maraqlıdır ki, Azərbaycan dilindən fərqli olaraq, fransız dilində işarə (kişi cinsində ce, cet, qadın cinsində cette, cəmdə ces) sifətləri, mənsubiyyət sifətləri və qeyri-müəyyən sifətlər də mövcuddur. Say, əvəzlik, feil bəhslərində fərqli təqdimatlar verilir. Məsələn, fransız dilindəki şəxs, mənsubiyyət, işarə, nisbi, sual və qeyri-müəyyən əvəzliklər Azərbaycan dilinin ifadə edə bildiyi nümunələr şəklində təhlil olunur. Müqayisəli təhlillər və təqdimatlar müəllifin əlavə izahatları ilə verilir. Feil bəhsində futur simple (xəbər şəklinin sadə gələcək zamanı), futur immediat (yaxın gələcək zaman), futur anterieur (xəbər şəklinin əvvəlki gələcək zamanı) formaları Azərbaycan dilinin qayda-qanunlarına uyğun deyil və birbaşa yoxdur. Buna görə də dərs vəsaitinin müəllifi həmin ifadələrin Azərbaycan dilində qarşılığını müqayisəli təhlilə cəlb edir və nümunə üçün qeyd edir ki, futur anterieur zamanı –mış, -miş, -müş + olacaq perifrastik forması ilə tərcümə edilir: “Dans deux jours j”aurai traduit cette histoire = İki gündən sonra mən bu hekayəni tərcümə etmiş olacağam”. Keçmiş və gələcək zamanların sintezindən yaranan “etmiş olacağam” söz birləşməsi əslində felin “edəcəyəm” gələcək zaman şəklinin fransız formasıdır.
Zərf, bağlayıcı, nida bəhslərində aparılan müqayisəli təhlillər də bir mühüm cəhətə diqqət çəkir. Əslində, ümumi ədəbi dil qaydaları dialektlərin cəmindən formalaşır. Azərbaycan dilində ədəbi dil qaydaları ciddi şəkildə qorunduğundan dialektal ifadələr dili ağırlaşdıran halda deyil, zənginləşdirən şəkildə qəbul edilir. Fransız dilindən fərqli olaraq, Azərbaycan dilinin resurs imkanlarına dialektlərlə yanaşı türk dillərindən alınan sözlər də daxildir. Dilin resurs imkanları sintaktik baxımdan daha maraqlı görünür. Cümlədə sözlərin sırası, inversiya, söz birləşmələri ədəbi dilə xətər yetirmədən işlədilə bilər. Haqqında söhbət açdığımız dərs vəsaiti fransız dilinin bu imkanlarını Azərbaycan oxucusuna çatdırmaq baxımından nəzərdən keçirilməlidir. Bu dərs vəsaiti fransız dilini öyrənənlərə mövcud qaydaları öz ana dili ilə müqayisəli təhlil etməyə, əlaqələr qurmağa, nitqini daha da təkmilləşdirməyə xidmət edir.
Dərs vəsaitində fransız dilini mükəmməl öyrənmək üçün daha çox diqqət yetirməli məqamlara üstünlük verilir. “Feillərin təsrif cədvəli” bölməsi kitabın böyük bir hissəsini (197-252-ci səhifələri) əhatə edir. Bu cədvəl dərs vəsaitindən müstəqil şəkildə faydalanmağa və fransiz dilini fərdi qaydada öyrənməyə, daha mürəkkəb hissələri kimsənin köməyi olmadan mənimsəməyə xidmət edir. Oxucuya yardımçı olan digər cəhət isə dərs vəsaitinin sinonimlər və antonimlər lüğətiləri ilə təchiz olunmasıdır. “Əlavələr” bölməsinin “Sinonimlər” (Les Syninymes) hissəsində eyni və oxşar məzmunlu sözlərin əlifba sırası ilə izahlı cədvəli (253-271-ci səhifələr) verilmişdir. Məsələn dilimizə alınma söz kimi daxil olmuş direktor (directeur) ifadəsinin fransız dilində chef, dirigent, principal, proviseur, gouvernant və patron şəkilləri mövcuddur. Yaxud səhv (faute) sözü defaut və erreur şəklində də işlənilir. Fransız dilini öyrənənlər üçün 271-284-cü səhifələrdə verilmiş “Antonimlər” (Les Antoniymes) lüğətinin də dəyəri böyükdür. Antonimlər lüğəti fikri daha dolğun şəkildə ifadə etmək üçün köməkçi vasitədir. Azərbaycan dilindən fərqli olaraq, fransiz dilində antonimlər bir neçə şəkildə ifadə olunur. Məsələn, mədəniyyət (culture) və mədəni (culturel) sözləri eyni köklüdür, lakin onların antonimi ignorance (cəhalət) və grossier (kobud) formalarındadır. Dili mükəmməl bilmək üçün belə incə məqamlardan xəbərdar olmaq vacibdir.
Sonda bir məqama aydınlıq gətirmək istəyirəm. Hər hansı bir xalqı yaxşı tanımaq üçün birinci növbədə, onun dilini müəkəmməl bilmək lazımdır. Dostunun da, düşməninin də dilini biləndə onları yaxşı tanıyırsan və özünü də onlara yaxşı-yaxşı tanıdırsan. XIX yüzillikdə fransızların Azərbaycana olan maraqları, səyyahların bu torpaqlara üz tutması ilk növbədə ədəbiyyatımızın diqqət mərkəzində olmuşdur. Mirzə Fətəli Axundovun ruhu şad olsun, onun komediyasında dərvişin Parisi partlatması ideyası nə qədər gülməli alınsa da, tarixi ənənlərə söykənir. İyirmi birinci yüzillikdə Azərbaycanın Parisi öz mənəviyyatı ilə istila etməsi gənclərimizin bu xalqın dilini mükəmməl bilməsiylə başlayır. Cəlil Qurbanlının müəllifi olduğu “Fransız dilinin qrammatikası” dərs vəsaiti Azərbaycan gəncinə məhz bu fürsəti verir.
Uğurlu olsun!
Bilal Alarlı (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
NDU-nun elmlər doktorluğu üzrə dissertantı,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar
Birliyin üzvü, “Qızıl Qələm” və Beynəlxalq Rəsul Rza
mükafatları laureatı
Qafqaz.media