ÜRƏYİNİN HÖKMÜ İLƏ ŞEİR YAZAN XANIM... - Bilal Alarlı yazır
“Mən göylərin qadınıyam” deyən Hicran Əhmədlinin yaradıcılıq dünyası
Tanıtım: Hicran Nadir qızı Əhmədli (Həsənova) 1982-ci il mart ayının 28-də Cəlilabad rayonunda anadan olub, Günəşli kəndində tam orta təhsil aldıqdan sonra tibb ixtisasına yiyələnib. 2003-cü ildə ailə həyatı qurub və Bakı şəhərinə köçüb. İki övlad anasıdır.
Hicran Əhmədli bədii ədəbiyyata yeniyetmə yaşlarından maraq göstərir. Hələ orta məktəbdə oxuyarkən ilk şeir və hekayələrini yazsa da, onları ədəbi mühitə bir qədər gec çıxarıb. Şeir və hekayələrinin mövzusu çoxçalarlıdır. Şeirləri ədəbi nəşrlərdə, "Xəzan", "Azad qələm" toplularında, müxtəlif mətbu orqanlarda işıq üzü görüb. Şözlərinə musiqi bəstələnib, mahnıları Azərbaycanda və Türkiyədə ifa olunur.
Hicran xanım təşkilatçılıq bacarığı ilə də seçilir. Onun sorağı müxtəlif ədəbi tədbirlərdən gəlir, "Qoşma” və “Sarı Aşıq” ədəbi məclislərinin üzvüdür. Ədəbi mükafatları da var. Hicran Əhmədli həm də sosial şəbəkədə fəaliyyət göstərən “Həməşəra ədəbi məclisi”nin təşkilatçılarından biridir. Bu ədəbi məclisə Cənub bölgəsində yaşayan şair və yazıçılar cəlb olunub.
Hicran Əhmədlinin poetik yaşantıları günümüzün sosial problemlərini, ətrafındakı insanları düşündürən mövzuları əhatə edir. Onun şeirlərini oxuduqca ürəyi həyat eşqi, yaşamaq və yaşatmaq ehtirası ilə döyünən gənc qadının istək və arzularının şahidi oluruq. Şeirlər oxucuya sirayət edə bilir, onun duyğularını tərpədir, hisslərini oynadır. “Ümmanlara qucaq açan eşqi dəniz, dərya sevgi qadını”, “ananın seçdiyi sinəsi bol söz ilə dolu həyat qadını” şeirlərində sarı simin telinə toxunur:
Mən göylərin qadınıyam,
Ulduzların sırasında.
Yaradanın möcüzəsi,
Yerlə göyün arasında!
Mən təbiət qadınıyam,
Sinəm dağlar, gen meşələr.
Çəmənliklər alıb məni,
Vurğun olub bənövşələr!
Mən bir şeir qadınıyam,
Bol sözlərdən yoğrulmuşam.
Hər bir sözü, dərin məna,
Həqiqətdən doğulmuşam!
“Öz işində baş tacı olan” Hicran Əhmədlinin ürəyiylə söhbəti də oxucunu duyğulandırır:
Mən özümlə qalanda, xəyal məni alanda,
Ürəyimin səsinə, qulaq asdım bolluca.
Nə qədər incitmişəm, düşünmədim onu heç,
Mən onu anlamışam, o, kövrəlib dolunca.
Daha mənlə barışmır, yaman hirsli olubdur,
Döyüntüsü bir yana, küsür dərdli qalınca.
Kədərimdən yorulub, dolub-daşır bilirəm,
Həyacan keçirir o, mən fikirə dalınca!
Yarı yaşı ötmüsən, hələ düzəlməyibsən,
Deyir, uşağlıqdan sən, düşündün artıq, ağır.
Özünlə tam bir yerdə, məni də yükləyibsən,
Məndən başqa kimin var, get hayına, get çağır!
Bəlkə də şair olmaq çoxlarının çəkə bilmədiyi yükü çəkmək deməkdir. Sözlə çəkilən yük ağır gəlir, amma şair xanım elədikləri ilə kifayətlənmir, soruşur: “Daha nə etməliyəm?” Cavab isə sadədir:
Ürəyimdən keçəni, ipə, sapa düzürəm,
Hər məsləhət verənə, baxıb dodaq büzürəm,
Hərdən əsəbi halda, gözlərimi süzürəm,
Daha nə etməliyəm?
Sakitcə bir kənarda, öz işimlə məşğulam,
Yaradandan başqa mən, heç kimsəyə nə qulam,
Başqasına yük olmam, nə də belində çulam,
Dözüb, ya getməliyəm!
Öz yerimi bilirəm, bilməyəndən deyiləm,
Eşitməyi bir yana, görməyəndən deyiləm,
Qəlbində alaq bitib, sevməyəndən deyiləm,
Nankora yetməliyəm?
Həyat kredosu mübahisələrdən keçib gələn, özünü tapana qədər özgələri öyrənən söz adamı sabahı düşündüyü qədər ötüb keçən illəri də saf-çürük edir. Ən böyük dərs öz həyatından aldığın dərsdir. Nəyi düz etmisən, hansı əməl səhv sayılır? Bunu analiz etməsən. sabah eyni problemlərin, oxşar dərdlərin qurbanına çevrilməli olacaqsan. Bəlkə də buna görə xanım şair öz həyatını, əldən çıxan fürsətlərini sabahkı düşüncələri üçün ibrət sayır və “Qayıtmaz bu ömür geri” deyir:
Bilirəm, qayıtmaz bu ömür geri,
Gəncliyim ötərək, keçib tez gedir.
Sanki incik olub mənim əlimdən,
Olanı, qalanı biçib tez gedir.
Dayınıb önümdə kəsib yolumu,
Keçib gedən ömrün qarlı soyuğu.
Üşüdüb illərin, bitməz dərdlərim,
Açıbdır qəlbimdə dərin oyuğu.
Uşaqlıq çağından gülə bilmədim,
Oyandım yuxudan kədərli səslə.
Küləklər gətirdi ayazı, qışı,
Soldu açan güllər soyuq nəfəslə.
Qələm hər sözü sözlərdən seçən şairin əlinə dərdləri verib. Şeir yazmaq bacarığı yaxşı şair olmaq üçün kifayət etmir. Qafiyəsi, rədifi yerində olan şeir oxucunu duyğulandırmırsa, şair sözü hədəfinə vurmur. Hicran Əhmədli mədhnaməsində şeirin formal əlamətlərinin dalınca qaçmaması ilə öyünür. Amma şeirin texniki tələblərini gözləmək vacibdir. Klassik ənənəyə söykənirsənsə, əruzun, hecanın ölçülərinə, ahəngdarlığına “boyun” əyməlisən. Ritmik şeirin tələbləri hətta assonans, alliterasiya həmahəngliyinə güvənməlidir. Semantik şeir isə fikrə üstünlük verir, tematikanın aparıcılığı ahəngdarlığı üstələsə də, mətnin şeir olduğu hiss olunmalıdır. Quru, cansız misralar nə qədər müdrik fikirləri əhatə etsə də, oxucunun ruhunu oynada bilmir. Şeirdə sevgi varsa, sözə ehtiram, poetik fikrə qayğı hiss olunursa, həmin şeir oxucunun ürəyinə yol tapa bilir. “Sevgisi qəlbinə köçən şair” həmin sevgini misralara ötürür:
Dünyaya gəlmişəm mən sevgi ilə,
Sevgisi qəlbinə köçən şairəm.
Qələmi əlində, sözü dilində,
Hər sözü sözlərdən seçən şairəm!
Yazdığım yazılar havalı deyil,
Mətləbi bəllidi, davalı deyil.
Səbətdən tökülən albalı deyil,
Hər sözü sözlərdən seçən şairəm!
Dərin məna vardır hər bir sözümdə,
İnsanlıq ucadır mənim gözümdə.
Sözlərim düzülər muncuq düzümdə,
Hər sözü sözlərdən seçən şairəm!
Yazdığım şeirlər sifariş deyil,
Misralarım belə göstəriş deyil!
Kimsəyə itaət, pərəstiş deyil,
Hər sözü sözlərdən seçən şairəm!
Ağrıdan-acıdan qaça bilməyən xanım şairin tanrıya müraciəti və şikayəti də anlaşılandır. Duaları sualsız-sorğusuz deyil:
Bəd insandan qoru məni,
Dualarım var, İlahi!
İnsanlıqdan xəbərsizə,
Suallarım var, İlahi!
Oxşar fikirlər, narahatedici ifadələr Tanrıya olan şikayətlərdə də yer alır. Dərd güc gələndə Hicran Əhmədli Tanrıya üz tutur: “Kimə deyim, ay Allah?!” Maraqlıdır, bu dərdin səbəbləri də xanım şairin özünə agahdır:
Qış gəlib yazımı vaxtsız haqlayıb,
Ürəyimdə dərdim qübar bağlayıb.
Görən məni kimlər belə qarğayıb,
Bu dərdimi kimə deyim, ay Allah!
Hicran Əhmədli təkcə Tanrı ilə dərdləşmir, dərdinə şərik ola bilən rəssama da üz tutur: “Burulğan tək sarıb dərdlərim məni, Dəniz alsa məni üzgün suda çək!” Rəssam üçün dərdin şəklini çəkmək o qədər də asan deyil:
Rəssam, bəlkə məni tabloya aldın,
Tabloda sən məni bax, əzəl yarat.
Rəsmimi sən çəksən, qəlbimi də çək,
Qəlbimi sən zəngin, bax, gözəl yarat!
Hicran Əhmədlinin şeirlərində kədərdən üstün yaşantılar da var. Bu, şeirə gətirilən qələbə əzmi, zəfər ruhudur:
Ucaldı bayrağım uca dağında,
Ayrılmaz diyarım Qarabağında!
Gəzir oğulların öz torpağında,
Vətən, zəfər günün mübarək olsun!
Hicran Əhmədlinin şeirlərini oxuyarkən gəldiyim qənaəti də oxucularla bölüşmək isütəyirəm. Güclüdür, ya zəifdir? – Bu qərarı vermək çıxış yolu deyil. Ədəbi axtarışda olan xanım şairin fikirlərini poetik şəkildə ifadə etməsi və yaradıcılıq marağı təqdirəlayiqdir. Yaradıcılıq həvəsi, ədəbi tədbirlərdəki fəallığı, əli qələm tutanları öz ətrafında birləşdirmək bacarığı Hicran Əhmədlinin sıravi bir şeir həvəskarı olmadığını təsdiq edir. Onun şeir və hekayələri haqqında tənqidi fikir söyləmək, nöqsanlarını göstərməklə uğurlarını da dilə gətirmək vacibdir. Uğurları isə qələmə alınası və təhlil olunası qədər çoxdur.
Bilal Alarlı (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
Qafqaz.Media