İradə Məmmədova: Zorakılıqla mübarizə məktəblərdən başlayır - MÜSAHİBƏ

06/12/2024 - 20:02

Son dövrlərdə dünyada məişət zorakılığı, erkən nikah, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar arasında bullinq faktlarına tez-tez rast gəlinir. Bu kimi hallara qarşı Azərbaycanda da müxtəlif səviyyələrdə mübarizə tədbirləri görülür. Lakin hər bir mübarizə mexanizminin tətbiqi üçün, ilk növbədə, qanunvericilik bazası olmalıdır.

Bu istiqamətdə müəyyən suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədovaya müraciət etdik. O, sözügedən sahələr üzrə görülən işlərlə yanaşı, qanunvericilik bazası, eləcə də Komitə tərəfindən icra edilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası barədə "Report"a danışıb.

- “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində görülən işlər nələrdir? Kampaniyanın əsas məqsədi nədən ibarətdir?

- Hər il noyabrın 25-i dünyada Qadın Zorakılığına Qarşı Mübarizə Günü kimi qeyd olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi olaraq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verib. Kampaniya dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Gününə qədər davam edir.
Cəmiyyətdə qadın və kişilərə bərabər imkanların yaradılması üçün müxtəlif kompaniyalar, məlumatlandırıcı tədbirlər keçirilir. Bununla yanaşı, mövcud qanunvericilik də təkmilləşdirilir. Gender bərabərliyinin təminatları və məişət zorakılığının qarşısının alınması haqqında qanunlar önəmli rol oynayır. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 27-də imzaladığı Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" uğurla başa çatıb. Hazırda yeni Milli Fəaliyyət Planının hazırlanma prosesi gedir.
 

- Əvvəlki Milli Fəaliyyət Planının icrasını necə qiymətləndirirsiniz?

- Planın qüvvədə olduğu dörd il ərzində yerli və mərkəzi qurumlararası əlaqələndirmə mexanizmi yaradılıb. Akkreditasiyadan keçmiş qeyri-dövlət yardım mərkəzlərinin işi qiymətləndirilib və qaynar xətt fəaliyyətə başlayıb. Həmçinin, müxtəlif sahələr üzrə mütəxəssis hazırlığı, təlimlər keçirilib. Bununla yanaşı, ayrı-ayrı əhali qrupları məlumatlandırılıb və bir sıra qanunvericilik aktlarına əlavələr edilib, yaxud dəyişikliklərlə təkmilləşdirilib. Ümumilikdə, yeddi istiqamət üzrə, altı qanun və beş fərmana dəyişikliklər edilib.
Onlardan bir neçəsi məişət zorakılığı ilə mübarizə sahəsində çox mühüm əhəmiyyət kəsb edir. Buna nümunə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun əhatə etdiyi subyektlərin dairəsinin genişləndirilməsidir. Bu məqsədlə qanunun şamil edildiyi şəxslərin dairəsinə ər və arvadın yaxın qohumları da şamil edilib. Bununla yanaşı, qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı qaydalar da dəyişdirilib.

Aparılan genişmiqyaslı məlumatlandırıcı tədbirlər məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verib. Hər il məişət zorakılığına qarşı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı buna bariz nümunədir. Artıq məişət zorakılığı ilə bağlı müraciət daxil olduqda məişət zorakılığı törətmiş şəxsə yazılı xəbərdarlığın edilməsi və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilməsi imperativ şəkildə tənzimlənir. Əvvəllər "bu order verilə, xəbərdarlıq edilə bilər"di kimi qeyd olunurdusa, hazırda “qısamüddətli mühafizə orderi verilir və yazılı şəkildə xəbərdarlıq olunur” qeyd edilib.

Mühafizə orderi verilməməsinə və xəbərdarlığın olunmamasına görə vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, məsuliyyət daşıyırlar. Bununla yanaşı, dəyişikliklərdən biri də qısamüddətli mühafizə orderinin 30 gündən 60 günə, uzunmüddətli order isə 60-dan 180 günə qədər müddətə artırılmasıdır.

Ən mütərəqqi dəyişikliklərdən biri də məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilməsidir. Belə ki, bundan sonra məişət zorakılığından zərər çəkmiş hər bir şəxsin maddi vəziyyətindən asılı olmayaraq, yəni işləyir - işləmir, fərq qoyulmadan həm cinayət, həm də mülki işlərdə, eyni zamanda dövlət orqanlarına müraciət etmək üçün mexanizm müəyyən olunduğu cinayət işlər üzrə məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabı üzrə pulsuz hüquqi yardım göstəriləcək. Bununla bağlı "Dövlət vəsaiti hesabına məişət zorakılığından əziyyət çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası" Nazirlər Kabinetinin 23 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilib.

Mühüm dəyişikliklərdən biri də məişət zorakılığından əziyyət çəkmiş şəxslər üçün yeni qurumlararası əlaqələndirmə mexanizminin yaradılmasıdır. Yeni müddəalar qanuna daxil edilənə qədər qanunvericilikdə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin əlaqələndirmə mexanizmi nəzərdə tutulmamışdı. Bütün yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərirdi. Lakin onların heç bir tənzimləmə qaydası yox idi.

Qanunda məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirməsi məqsədilə həm Dövlət Komitəsi, həm də yerli icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanları nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qruplarının yaradılmasını özündə ehtiva edən yeni 19-1 maddə əlavə edilib.

Hazırda qüvvəyə minmiş yeni dəyişikliklərlə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarına "Məişət zorakılığının qarşısının alması haqqında" qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinq və əlaqələndirməsini təmin etmək səlahiyyəti həvəli olunub.
 

- Məişət zorakılığının qarşısının alınması üzrə qanunvericiliyin tətbiqi istiqamətində Dövlət Komitəsi tərəfindən hansı işlər görülür?

- Adıçəkilən dəyişikliklərlə bağlı tərəfimizdən ictimaiyyətin müxtəlif qrupları arasında geniş şəkildə məlumatlandırma və maarifləndirmə tədbirləri, təlimlər həyata keçirilir. Həmin tədbirlərdən biri 25 noyabr 2024-cü il tarixdə Dövlət Komitəsi və Sağlam Ailə Tibb Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Mərkəzin Nərimanov rayonu ərazisində yerləşən filialında 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş görüşdə təşkil olunub.

Daha sonra 29 noyabr 2024-cü il tarixdə Yasamal rayonu Heydər Əliyev Mərkəzində Yasamal rayonu ərazisində yerləşən məktəblərin psixoloqları üçün uşaqların məişət zorakılığına müdafiəsi mövzusunda təlim keçirilib və bu təlimin əsas məqsədi məktəb psixoloqlarının məişət zorakılığı və onun qarşısına alması sayəsində məlumatlandırılması və maarifləndirilməsidir.

Zorakılıqla mübarizə məktəblərdən başlayır. Ümumiyyətlə, hesab edirik ki, gender əsaslı zorakılıqla mübarizə məktəb yaşlarından başlanmalıdır. Çünki hesab edirik ki, məktəblərdə bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi zorakılıq hallarının erkən aşkar olmasında, vaxtında və obyektiv, operativ olaraq yardım xidmətlərinin göstərilməsində və qarşılanmasında effektiv olacaq və növbəti illərdə də bu tədbirlər davamlı olaraq digər rayon icra hakimiyyətlərində də keçiriləcək.

3 dekabr 2024-cü il tarixdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Xüsusi İnternat Məktəbində eşitmə və nitq məhdudiyyətli şəxslər üçün eşitmə və nitq məhdudiyyətli şəxslər arasında məişət zorakılığına dair maarifləndirmə mövzusunda təlim keçirilib. Təlim onlara jest dilində tərcümə olunmuşdu. Təlimin məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin məişət zorakılığı və onun qarşısının alması ilə bağlı məlumatlandırılması və maarifləndirilməsi idi.

Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün jest dilinə tərcümə olunmuş (QR kod vasitəsi ilə) məişət zorakılarının qurbanlarının hüquqları adlı bukletlər paylanıb. Nitq məhdudiyyətli şəxslər üçün jest dilində videoməlumatlandırma Dövlət Komitəsinin "YouTube" kanalında da yayımlanıb.

- Son zamanlar yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış və ya bullinq hallarına tez-tez rast gəlinir. Bununla bağlı qanunvericilikdə nələr nəzərdə tutulub?

- Bullinq təkcə bir fərdi və ailəni deyil, bütün cəmiyyəti narahat edən problemdir və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada uşaqların, yetkinlik yaşına çatmayanların 20%-i bullinqə məruz qalır. Belə uşaqlar arasında aqressiv davranışların aradan qaldırılması istiqamətində valideynlər, dövlət qurumları vətəndaş cəmiyyətinin çox böyük rolu var.

"Məişət zorakılığının qarşısının alınması haqqında" Qanuna edilən ən mühüm dəyişikliklərdən biri də ona yeni 16.2.4.1 maddəsinin əlavə olunmasıdır. Məişət zorakılığının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər içərisində, həmçinin ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində təhsil alan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsil alanların yaş xüsusiyyətləri nəzərə alınmaqla qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yolla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi müddəası də əlavə olunub. Bununla "Təhsil haqqında" qanunda da mühüm bir dəyişiklik edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2 dekabr 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış, bullinq mövzusunda dövlət qurumları və vətəndaş cəmiyyətlərinin dialoqu konfransı təşkil edilib.

Həmçinin, yerli icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən məişət zorakılığının qarşısının alması sahəsində monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün bir sıra silsilə təlimlər keçirilib. Bundan başqa, 5 dekabr 2024-cü il tarixdə Lerik rayonunda Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında Lənkəran Şəhər İcra Hakimiyyəti, Astara, Yardımlı, Masallı Cəlilabad, Biləsuvar və Lerik rayon İcra hakimiyyətlərində yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üzvləri üçün təlim baş tutub. Məişət Zorakılığının qarşısının alınması mövzusunda təlimlərin davamlı olaraq Balakən, Ağstafa və Xızı rayonlarında da keçirilməsi növbəti günlərdə nəzərdə tutulub.
 

- Erkən nikah hallarının qarşısının alınması sahəsində hansı tədbirlər görülüb?

- Bildirmək istəyirəm ki, qanunvericiliyə edilən dəyişikliklər yalnız məişət zorakılığı ilə deyil, eyni zamanda erkən nikah hallarının qarşısının alınması sahəsi ilə də bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrində bir çox dəyişikliklər edilməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, 16 yaşına çatmayan şəxslərin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbin kəsməyə dair geniş subyektlər üçün məsuliyyət müəyyən edilmişdir.

Qanunda erkən evlilik dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlanmadan ailə qurmaq məqsədi ilə yaradılan ittifaq başa düşülür. Cinayət Məcəlləsinin 176-cı maddəsi 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxslər, erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən olunub. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmayan şəxslə münasibətdə həmin zərərçəkmiş şəxs arasında 5 ildən çox yaş fərqi olduqda yaranır və belə hallarda 20 yaş həddində gənclər əsasən valideynlərin təkidi və istiqamətləndirməsi nəticəsində evliliyə daxil olurlar. Bu subyektlər erkən evliliyin təşkilinə görə məsuliyyətdən azad edilsələr də, əməldə Cinayət Məcəlləsinin 152-ci maddəsinin tərkibi olduğuna görə onlar da məsuliyyət daşıyırlar.

Təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasiminin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Bəzən nişan mərasimi keçirilən qız uşaqlarından, onların rəfiqələrindən və digər şəxslərdən bizə məlumatlar daxil olur. Lakin bu cür sövdələşmələr faktiki olaraq ailə qurulması halı deyil. Hər bir halda, bu, uşaq hüquqlarının məhdudlaşdırılmasına, uşağın təhsildən yayınmasına, onun psixologiyasına ciddi fəsadlara səbəb olur.

Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Məcəlləyə ictimai iaşə obyektini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasim keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbin kəsməyə görə inzibati tənbeh nəzərdə tutan müddəalar əlavə olunmuşdur ki, bu da erkən evliliklə mübarizədə çox mühüm addımlardan biridir.

Yeni dəyişikliklərdən biri də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsi ilə bağlıdır. Həmin maddədə nikahın bağlanmasına mane olan hallar sadalanır. Artıq yaxın qohumlarla yanaşı, qardaşların və bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi, dayı, qardaş bacı, xalaoğlu, bibioğlu, qardaş, bacıqızı arasında nikahın bağlamasına yol verilməyəcək.

Son dövrün statistik məlumatlarına nəzər salsaq, bağlanan nikahların hər dördündən birinin pozulmasının şahidi oluruq. Qeyd olunan rəqəm ailə dəyərlərinin qorunması baxımından kifayət qədər ciddi göstəricidir və ona görə hesab edirik ki, bu cür hüquqi tənzimləməyə ehtiyac vardı. Ailə Məcəlləsində də qeyd olunduğu kimi, ailələrin möhkəmliyini qorumaq ailə qanunvericiliyinin təkmilləşməsinin ən zəruri hissəsidir.
 

- BMT fondu ilə birgə bu kampaniyaya başlamaqda zərurət nə idi, ümumilikdə, daha çox hansı problemlərlə bağlı Dəstək Xəttinizə müraciətlər olunur?

- Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "860" dəstək xətti kimi bir layihənin icrasına başlayıb. Pilot layihə olan "860" dəstək xətti əsaslı zorakılıqla bağlı yaradılıb. Bu xətt 2020-ci ilin noyabr ayından fəaliyyətə başlayıb və 2020-ci il dekabrın 1-dən etibarən isə məişət zorakılığından zərər çəkən şəxslərin zənglərini qəbul edir. Daxil olan vətəndaş müraciətləri dərhal nəzarətə götürülür və icra olunması üçün aidiyyəti dövlət qurumlarına göndərilir.

"Qaynar xətt"in işçi heyəti bir menecer və üç operatordan ibarətdir. Gender əsaslı zorakılıqla bağlı "860" dəstək xəttinin məqsəd və vəzifələri məişət zorakılığına məruz qalan şəxsi məlumatlandırmaqla yanaşı, onu dəstəkləmək və mümkün həll yollarını təklif etməkdən ibarətdir. Vəzifələr içərisində məişət zorakılığını qiymətləndirmək, zəng etmiş şəxsə xidmət təminatı ilə bağlı məlumat vermək də var. Xidmətdən yararlanmaq üçün Bakı şəhərindən stasionar telefonla birbaşa "860" yığmaqla müraciət etmək olar. Mobil nömrələrdən və ölkənin digər regionlarından isə "012 860" yığmaqla dəstək xətti ilə əlaqə saxlamaq mümkündür.

İl hələ yekunlaşmadığına görə bizdə dəstək xəttinə aid ilk 9 ayın statistikası var. Belə ki, 2024-cü ilin 9 ayı ərzində gender əsaslı zorakılıqla bağlı "860" dəstək xəttinə 221 müraciət daxil olub. Onların 187-si qadın, 34-ü isə kişidir.

Son illərdə aparılan intensiv fəaliyyət, maarifləndirmə sayəsində isə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb.

Belə ki, Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2023-cü il ərzində 560 müraciət, 2024-cü ilin 10 ayı ərzində 486 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanların 38-i kişi, 430-u qadın, 364-ü uşaq, 6-sı əlil, 3-ü ahıl olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ