Nobel Sülh Mükafatı laureatı Türkiyədə 50 ev tikəcək
Yəmən vətəndaşı, ictimai fəal, Nobel Sülh Mükafatı laureatı Təvəkkül Karmanın başçılıq etdiyi “Tawakkol Karman Foundation” Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün 50 ev tikəcəklərini bildirib.
Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə fonddan bildirilib.
Məlumata görə, Yəməndə “Belqees” TV-yə müsahibə verən xanım Karman tikiləcək evləri yəmənlilərin Türkiyə ilə həmrəylinin göstəricisi olduğunu deyib.
O, binaların AFAD-ın vasitəsilə tikiləcəyini də bildirib.
Qeyd edək ki, Təvəkkül Karman 1979-cu il fevralın 7-də Yəməndə anadan olub. O, Yəməndəki inqilabın beynəlxalq ictimaiyyət üçün siması sayılır. Onu Yəmən xalqı “Dəmir qadın” və “İnqilab anası” adlandırır. T.Kamran 2011-ci ildə Ellen Conson Sirlif və Leymah Qbovi ilə birlikdə Nobel Sülh Mükafatını alıb. O, Nobel Sülh Mükafatını alan ilk yəmənli, ilk ərəb qadını, həmçinin bu mükafatı alan ikinci müsəlman və ən gənc qadın olub.
T.Karman yəmənli jurnalist, siyasətçi və uzun müddət Əl-İslah Partiyasının üzvüdür. 2005-ci ildə yaradılmış "Zəncirsiz Jurnalistlər" qrupunun həmtəsisçisidir. 2012-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib və Təvəkkül Karman adını alıb.