Özümü sözə çevirdim
Sumqayıt öz ədəbi ənənəsi, ədəbi siması olan şəhərdir. Uzun zaman Respublika ədəbi mühitinə rəhbərlik etmiş Vaqif İbrahimin bu şəhərdə yaşayıb-yaratması, Azərbaycan ədəbiyyatının sayılıb-seçilən imzalarından Rəsul Rzanın, Əli Kərimin bu şəhərlə sıx bağlılığı şəhərin öz poetik ruhunun, güclü ədəbi potensialının olduğundan xəbər verir.
Vaqif İbrahim Şəkidə doğulmuşdu, amma taleyini Sumqayıta bağlamışdı. Burda yaşayıb-yaratmışdı. Və elə burada da dünyasını dəyişmişdi...
Sumqayıtda bu ab-havanın yaranmasına xidmət edən, xatirələrdə işıqlı şeirləriylə iz salan Vaqif İbrahimlinin bir neçə şeirini təqdim edirik.
Gülnarə CƏMALƏDDİN,
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Şöbəsinin sədri
SUMQAYIT
Binaların
ağ daşlardan
hörülüb ki,
sən ağ günlü olasan.
Göy Xəzərin sahilində
salındın ki,
Xəzər kimi
təlatümlü olasan.
Binaların
şahə qalxan dalğalardır,
dönub
geri çəkilməz.
Küçələrin
əkiz bacı- qardaşdırlar
bir- birindən seçilməz.
Hər qarışın
neçə fəhlə həyatının
iftixarı,
qüruru.
Hər alışan pəncərədə
qəlb atəşi,
göz nuru.
Zavodların qatar kimi
düzülübdür yan- yana.
Sanki indi
fit verəcək,
səni çəkib aparacaq
Neçə tanış ünvana.
ONÜÇLƏR
Tələbə dostlarıma
Biz 13 yoldaş idik.
13 ümidə döndük,
13 inama döndük,
13 arzu yolunda
Alışan şama döndük.
Bir yolun
bir məsləkin
sadiq yolçusuyuq biz.
Şəhərlərə,
kəndlərə
işıq çəkirsiniz siz,
Mən isə
ürəklərin
göz görməz gecəsinə.
İstəyirəm hər sözüm
qəlbinizi oxşasın.
Adamlar
sözlərimin
işığında yaşasın.
Hər gün işləyirik biz.
Siz-
min voltluq xətlərin
gərginliyi altında,
mən – təzə misraların.
Kiçik bir səhv ucundan
Qala bilərik,dostlar,
gərginlik altında biz,
Siz-
qırılmış xətlərin,
mən isə misraların...
YÜZ YERDƏN ÇATLAMIŞ QAB KİMİDİR DÜNYA
Dünyanı bölmək, parçalamaq
nəyə lazımmış axı?
O qədər böldük ki, bu torpağı
çətin bölünməmiş yer ola,
gözdən uzaqda qala...
Əvvəl həyət-həyət böldük dünyanı,
sonra küçə-küçə...
Əvvəl məhəllə-məhəllə böldük dünyanı
sonra kənd-kənd,
şəhər-şəhər, oba-oba,
ölkə-ölkə...
Odur ki, birləşdirə bilmirik dünyanı.
Yenə kimsə xəyalən
dünyanı sərhəd-sərhəd cızır
Yüz yerdən çatlamış
Qab kimidir dünya,
sərhədlər çatlaq yerləridir;
o yerlərdən
müharibə qorxusu sızır...
Sızır... sızır... sızacaq...
Sızmaz çatlaq yerləri
möhkəm birləşsə ancaq...
MARAQ
Biz ayaq açmamışdan
Marağımız uşaqtək
ayaq açıb yeridi.
Marağımız divardan
tuta- tuta böyüdü,
yaman inadkar idi.
Qəlbimizdə cəsarət,
arzu,inam,dəyanət
doğurdu zaman- zaman.
Dünyaya baxışımız
doğdu marağımızdan.
Biz öz marağımızın
ardınca qaçdıq...qaçdıq...
Kosmosda ömr eləyən
sonsuz marağımızı
axtarıb tapmaq üçün
uçduq...kosmosa uçduq...
bilmədik necə oldu
sorağımız böyüdü.
Özümüz böyüdükcə
marağımız böyüdü.
Dünya marağımızdan
Böyüdü gözümüzdə.
O ayaq açmasaydı
ayaq aça bilməzdik
bəlkə biz özümüz də.
SƏNİ DÜŞÜNÜRƏM
Gecə…
səni düşünürəm,
gecəm – əzib,
ovcumda sıxdığım kağız kimi
əzik, qırışıq…
Küçəyə- pəncərəmdən,
ürəyimə
uzaq -uzaq xatirələrdən
düşür işıq…
ƏLİ KƏRİMƏ
Çox utancaq,
mehriban
bir şair dostum vardı.
O,ilk şeirlərini
gizli- gizli yazardı,-
atasından gizlicə,
qorxa- qorxa papiros
çəkən uşaqlar kimi.
Dişlərində o bərk- bərk
tutardı ürəyini,
çəkərdi siqar kimi...
Çəkərdi,sümürərdi.
Çox zaman, çox yerdə o,
gözləriylə danışar,
gözləriylə gülərdi.
Həmişə üst- başından
tütün iyi yerinə
şeir ətri gələrdi.
Eh nə deyim...nə isə...
belə bir dostum vardı.
Hər gün siqar yerinə
Qəlbini odlayardı.
NİYƏ GÖRÜŞDÜRDÜ TƏSADÜF BİZİ
Niyə görüşdürdü təsadüf bizi,
Əgər bu ayrılıq vardısa onda.
Gərək ayrılaydıq, bir-birimizi
Başa düşməyəndə, anlamayanda.
Yaxın düşməsəydim sevən könlünə,
Səndən ayrılmağa axı nə vardı?
Bilirsən, əzizim, o zaman mənə
Səni unutmaq da asan olardı.
İndi yaşayardım qəmindən uzaq,
Gözüm də, könlüm də, qulağım da dinc!..
De, nəyə gərəkmiş qəminə ortaq
Eniylə uzunu görünən sevinc?
Ayrılıq daha çox sarsıdır bizi,
Gənclik köç edəndə, yaş ötüşəndə.
Çətindir ayrılmaq - bir-birimizi
Yaxından anlayıb, başa düşəndə.
BÖYÜK İNSAN
O, bir əkinçi kimi,
O, bir biçinçi kimi
Dəstələdi günləri,
Ayları,fəsilləri...
Dəstələdi dərz kimi,
Dəstələdi illəri.
Sonra
alıb çiyninə
üz tutdu gələcəyə.
Xoş günlərə
əliboş
gedib çıxmasın deyə.
Bir də,
böyüklüyünü
götürmüşdü özüylə.
Gedirdi inamla o,
Gələcəyə dikilmiş
baxışının iziylə...
YAŞAMAQ EŞQİ
Qəbristanlıq...
Sinif otağı kimi sakit.
Elə bil kimsə sual verib,
dinc qoymayıb dilini:
-Kim yaşamaq istəyir?
Hamı əlini qaldırıb,
başdaşına dönmüş əlini...
ŞƏHİDLƏR
Küləklər qəddini əyməsin deyə
Illərlə kök atdı ağac dərinə.
Köksünə bir soyuq dəyməsin deyə
Yarpaqlar tökülür qədəmlərinə.
Biz də döyüşlərdə belə töküldük...
Dərin kökümüzə -
Bu yurd yerinə
Bir soyuq,yad nəfəs dəyməmək üçün
Biz də yarpaq- yarpaq beləcə öldük,-
Töküldük Vətənin qədəmlərinə.
ŞEİRLƏRİM
Yenə də ovcumdadır
Ömrümün bir gecəsi
Sıxıram gecəni mən
Sıxıram – vərəqlərə
Söz – söz damır şirəsi
Sıxacağam –
ovcumda qalanadək gecəni.
Beləcə ötüb keçən
Günlərimin öz sözü
Öz səsidir şeirlər
Bir az sevinc qarışıq,
Bir az kədər qarışıq
Sıxılmış günlərimin şirəsidir şeirlər.
Qafqaz.Media