PUTİN “QARŞISINI ALIN” DEDİ, AMMA… - Rus mütəxəssislər “Bayraktar”ı dayandırmaq üçün ən azı 10 “Pantsir” lazım olduğunu ortaya çıxardılar…
Ötən həftə Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2”-lərdən Donbassda istifadə etməsi Rusiyada prezident Putin başda olmqla, əksər dövlət yetkililərini hərəkətə gətirdi. Belə ki, prezidentin göstərişi əsasında ölkədəki bütün mütəxəssislər “Bayraktar TB2”-ləri dayandırmağın yollarını axtarmaq və onu zərərsizləşdirmək haqda düşünməyə başladılar.
Qafqaz.media xəbər verir ki, bundan dərhal sonra Rusiyanın dövlət kanalı olan “Rossiya 1” “Ruslar “Lancet”i havaya qaldıranda Türkiyə “Bayraktar”larının şansı olmayacaq” başlığı ilə təsəlliverici xəbər yayımladı. Ukraynanın Türkiyədən “Bayraktar TB2” aldığını bildirən “Rossiya 1” sınaq görüntülərində Rusiyanın “Lancet” döyüş pilotsuz təyyarəsinin Türkiyə PUA-sına hücum simulyasiyasını görüntülədi. “Bayraktar TB2”-nin açıq şəkildə hədəf alındığı animasiyada Rusiyanın yeni nəsil “Lancet” pilotsuz təyyarələrinin Suriyadakı hücumlarda istifadə edildiyi də xatırladıldı.
Türkiyə isə bir neçə gün sonra “Roketsan”-ın test videosu ilə "Rossiya 1"in qalmaqallı animasiyasına cavab verdi. Belə ki, Baykar Texniki Meneceri Selçuk Bayraktar özünün “Twitter” səhifəsində Rusiya rəsmi televiziyasında yayımlanan qalmaqallı animasiyaya cavab verən görüntülər paylaşdı və onun bu statusu böyük əks-səda yaratdı.
Haşiyə çıxaq ki, Baykar tərəfindən hazırlanan “Bayraktar”-“Akıncı” Pilotsuz Uçuş Aparatı (TİHA) cümə axşamı günü ilk atəş sınağını həyata keçirdi. TİHA-nın istifadə etdiyi raketlər “Roketsan” tərəfindən hazırlanmış MAM-C, MAM-L və MAM-T idi. MAM (Mini Smart Sursat) ailəsinin yeni üzvü olan MAM-T ilk dəfə istifadə edilərkən, Selçuk Bayraktar TİHA testini Çorludakı mərkəzdən şəxsən idarə etdi. Fərqli platformalara uyğun olaraq inkişaf etdirilən MAM-T pilotsuz uçuş aparatı 30 km məsafədən idarə olunmaq imkanına malikdir.
Beləliklə, “Roketsan” zirehli maşınları, binaları və yerüstü hədəfləri vura bilən yeni raketin görüntülərini yayımladı və qeyddə Rusiya istehsalı olan “Pantsir” hava hücumundan müdafiə sistemlərinin vurulduğu qeyd edildi. Üstəlik, Selçuk Bayraktar “Roketsan” tərəfindən yayımlanan test videosunu retvit edərək, "Animasiya deyil" deyə ruslara mesaj da göndərdi.
Ən maraqlısı isə odur ki, Putinin göstərişi əsasında “Bayraqdarı zərərsizləşdirmək” üzərində baş sındıran rus mütəxəssislərin yekunda bunun üçün ən azı 10 “Pantsir” lazım olduğunu ölkənin hərbi rəhbərliyinə çatdırdığı haqda iddialar var…
Qafqaz.media