PUTİN “SÜLH ŞƏRTLƏRİNİ” AÇIQLADI - Ukrayna ilə danışıqların məxfi detallarını da açdı
Rusiyanın işğalçılıq iştahası ən həyasız həddə çatır və Kreml bütün beynəlxalq hüquq normalarını, prinsiplərini tapdalamaqda davam edir.
Rusiya KİV-i xəbər verir ki, Vladimir Putin Rusiya XİN rəhbərliyi ilə görüşdə Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb.
Onun sözlərinə görə, atəşkəs üçün Ukrayna qoşunları Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən çıxarılmalıdır.
İkinci şərt isə rəsmi Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsidir.
Rusiya prezidenti bildirib ki, yalnız bundan sonra danışıqlar mümkündür: “Ukrayna qoşunları “DXR”, “LPR”, Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxarılmalıdır. Bu həyata keçirildikdə və Kiyev NATO-ya daxil olmaq planlarından rəsmən imtina etdikdə, biz dərhal atəşkəs əmrini verəcəyik və danışıqlara başlayacağıq. Biz Ukrayna bölmələrinin və birləşmələrinin təhlükəsiz çıxarılmasına zəmanət veririk”.
O, əmin edib ki, Rusiya sabah da Ukrayna üzrə danışıqlar masasına oturmağa hazırdır. Putinin sözlərinə görə, bu, münaqişənin dondurulması deyil, onun yekun şəkildə başa çatdırılması ilə bağlı təkliflərdir.
Vladimir Putin vurğulayıb ki, Rusiyanın iştirakı olmadan, “dürüst dialoq” olmadan sülh yolu ilə nizamlanmaya nail olmaq mümkün deyil: “Bu gün Rusiya “daha bir real sülh təklifi” ilə çıxış edir, lakin Qərb və Kiyev bundan imtina edərsə, “qan tökülməsinə görə” məsuliyyət onların üzərində qalacaq... Bizim prinsipial mövqeyimiz Ukraynanın neytral olması, bloklara qoşulmaması, nüvə silahının olmaması, demilitarizasiyası və denasifikasiyasıdır".
O bildirib ki, sülh razılaşmaları beynəlxalq müqavilələrdə təsbit edilməlidir: “Digər şərt Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasıdır. Biz tarixin faciəli səhifəsini çevirməyə, Ukrayna və Avropa ilə münasibətləri tədricən bərpa etməyə çağırırıq".
Putin həmçinin bildirib ki, Volodimir Zelenskinin prezidentlik müddəti “legitimliyi ilə birlikdə başa çatıb”. O, iddia edib ki, Ukraynada hakimiyyət “faktiki olaraq qəsb edilib”.
Onun fikrincə, yeganə legitim orqan Ali Rada olaraq qalır: “Ukraynanın əvvəllər seçilmiş rəhbərinin prezidentlik müddəti onun legitimliyi ilə bərabər başa çatıb, onu heç bir hiylə ilə bərpa etmək olmaz”.
O, Ukrayna üzrə danışıqların əvvəllər məlum olmayan detallarını da danışıb. Putinin sözlərinə görə, 2022-ci il martın 5-də adını çəkmədiyi Qərbdən olan yüksək rütbəli vasitəçi Rusiya ilə danışıqlar aparıb, Qərb liderləri ilə razılığa gəlməyə söz verib.
Putin bildirib ki, vasitəçi ona Xerson və Zaporojye vilayətlərinin gələcək taleyi ilə bağlı sual verib. O da cavab verib ki, Rusiya Ukraynanın bu regionlar üzərində suverenliyini istisna etmir. Ancaq bunun üçün Rusiyanın Krıma quru yolu hüququna zəmanət vermək lazımdır: “İndi isə vəziyyət kökündən dəyişib. Referendumda “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərindəki insanlar öz fikirlərini bildirdilər... Xerson və Zaporojye vilayətləri, həmçinin “DXR” və “LXR” Rusiya Federasiyasının tərkibinə daxil oldular və bizim dövlət birliyinin pozulmasından söhbət gedə bilməz”.
Putinin sözlərinə görə, Moskvadakı danışıqlardan sonra vasitəçi Kiyevə gedib. Lakin orada onun təklifləri rədd edilib. Rusiya prezidenti hesab edir ki, Ukrayna bunu “Qərb kuratorlarının, o cümlədən Böyük Britaniyanın keçmiş baş nazirinin göstərişi ilə” edib.
Putin həmçinin iddia edir ki, rus qoşunları 2022-ci ilin fevralında Ukrayna paytaxtına hücum etməyi planlaşdırmayıb: “Hərbi idarələrin və təhlükəsizlik blokunun sonrakı mümkün hərəkətlərimizlə bağlı müxtəlif təklifləri var idi. Ancaq kimin deməsindən və fərziyyəsindən asılı olmayaraq, üç milyonluq şəhərə hücum etmək üçün heç bir siyasi qərar yox idi”. Onun sözlərinə görə, bu, “Ukrayna rejimini sülhə və danışıqlara məcbur etmək əməliyyatı idi”.
Putin deyib ki, hələ genişmiqyaslı işğal başlamazdan əvvəl Moskva Kiyevə qoşunlarını Donetsk və Luqansk vilayətlərindən çıxarmağı təklif edib: "Biz onlara dedik ki, dərhal qoşunları oradan çıxarın və hər şey bununla bitəcək”.
Onun dediyinə görə, Kiyev bu təklifi rədd edib, “baxmayaraq ki, bu, məsələni dinc yolla bağlamağa imkan verirdi”.
Putin qeyd edib ki, buna görə də Moskva genişmiqyaslı müharibəyə "məcbur oldu"...
Cəlal