Şakir Xanhüseynlinin şeirləri

15/12/2024 - 08:08

Qafqaz.Media tanınmış şair Şakir Xanhüseynlinin şeirlərini təqdim edir:

GEDİR SAÇLARINDAN ASILMAĞA O

Gizlənir, qaçınır gözdən elə bil,
burulur gah sola, gah da sağa o;
Görəsən, bu gözəl hansı divindir,
gedir saçlarından asılmağa o...

Təzəcə açılmış bir güldü- təmtər,
bir əl uzandısa, min bir əl dərər...
Bir həris göz ilə neçə göz görər,
batar bir addımla yüz günaha o...

Şərin ta özüdü güddüyü xeyir,
günü gün altında bir gün də deyil...
Bir yuva axtarır, fərqində deyil
çox erkən başladı quş olmağa o...

Eşqə düşməliykən nə yola düşmüş,
ayağı dərin bir çuxura düşmüş...
Həyatı bir acı nağıla dönmüş,
varmıdır qəfildən daş olmağa o?!

HƏM OÐDA, HƏM SUDA

bir kimsə yox idi sən olan yerdə,
səsin gələn yerlər sükutda idi...
yaş yerdən quruydun, quru yanın nəm,
ayağın həm suda,
                              həm odda idi...

soruşdum dostlardan,
göz önündəydin,
dedilər o, çoxdan qeyb olub, itib...
elə yorğundun ki,
elə üzgündün,
gördüm ki, qolların qoynunda yatıb...

çağırdım, səsimdən çınqılar çıxdı,
həyatla
         inadla hər kəs dirəşməz..
baxdım, gözlərimi sıxdım ki, birdən
gözümdən düşərsən heç yaxşı düşməz...

OSMAN FƏRMANOĞLUNA

addımlarım yol gedir
mənim yerim dəyişmir
ayaqlarım yüyürür,
həmin yerimdəyəm yenə

əllərim qoyur, götürür,
nəsə bir-birinə hey ötürür
görürəm onları dolu boş...

görürəm iki ayaq gəlir;
əcəba, bu ayaqlar kimdi
qaçırlar irəli, geri,
vay, vay yıxıldı biri
gedim qaldırım o ayağı ayağa
tutub qolundan,
ey can...

bir səs elə zəif çıxır,
gözlərinə baxammıram o səsin,
istəyirəm bürüyüm özümlə onu,
alım qucağıma,
soruşum: ey səs, kimsən,
hardan gəlib hara gedənsən...

qiyamətimi yaşayıram bu anlarda,
qapanmış həyat bu aralarda;
kəsik ayağam, kəsik baş,
kəsik qolam,
bir baxsan...

13.12. 2024

İTİRİRSƏN

Ürək yandırırsan od əvəzində,
xeyirin bir isə, on itirirsən.
Nəsə xatırlayıb, hər dəfəsində
qəlbin yaralanır, qan itirirsən...

Ömürdən saatlar, anlar sayılı,
kimsə yuxusunda bəlkə ayılır...
Səssizlik ətrafa səs-səs yayılır,
hər keçən günlə bir gün itirirsən...

Bir gör fikrin harda, özün hardasan,
uzaqlardan gəlir səsin, hardasan...
Gözümün önündə, ey, sən hardasan,
sözümü başa düş,  qan, itirirsən...

***
narahatsan çox rahat,
danışırsan susaraq...
bilsən, yaxınındayam
səndən bir xeyli uzaq...

səbirlisən səbrin yox,
yansan, bir ovuc külsən...
şırım açılır yerdə;
dərdi kotan çəkirsən...

hönkürdüyün gülüşün
acısıdır şirinlik...
yolun ən düz yerində
bir eniş vardır çox dik...

qaynar sular da buztək
üşüdür yandıraraq...
elə üzdə qalmaq nə
ən dərinə vararaq...

xəyallar qurursan tor,
yarımçıqdı bu tamlar...
boşluğa səslənirəm:
-ehey, orada kim var?

ÖZÜNƏ QƏSD

Qapı açdığında heç də tələsmə,
elə bir az tələs, əl-ayaq elə...
Evdə darıxanda, çöldə bezəndə
şeiri özünçün bir dayaq elə...

Könüllü əsirsən, yəni tam sərbəst,
bəzən bir fikirdən, bir sətirdən məst...
Nədir e bu yazmaq- bu özünəqəsd,
əsl niyyətini s ə n bəyan elə!

Axı, ürəyin var deməyə haqqı,
yandır ümidində sönən çırağı...
Qaldır başın üstə bir ağ varağı,
bütün qaraları ağ boya elə!

 

OD BİRİ, SU BİRİ

Gül yarpağı üstündəki şehə bax,
sevindinmi nəm görüb kirpiyimdə...
Nə üçündü əlindəki o bıçaq,
sancılmamış ağrısı kürəyimdə...

Söz götürə, çəkə bilmir hər yetən,
sıra bilmir, cərgə bilmir hər yetən...
Arxasınca qaçdığına kim yetər,
bir yaxşı bax kim kimin yedəyində...

Səy oturub səy dolanır səy adam,
sən eləcə boşu dolu say, adam...
Nə düşünüb-daşınırsan, ay adam,
dünya necə ələnir ələyində...

Dindirirsən od biridi, su biri,
tamahlarda qa biridi, qu biri...
Sərələnib ayaqlara çul biri;
heç nə imiş nər gücü biləyində...

ŞAİR Fuad Biləsuvarlıya

***
həyatda irəliləmək üçün
sən dırnağınla-dişinlə,
döşünlə özünə yol açırsan
sanki boyun bərabəri qar yağmış kimi...

ovuclarına hovxurursan soyuqda,
öz nəfəsinlə özünü isidirsən.
bir səs eşidirsən,
diqqət kəsilirsən
görürsən ürəyinin səsidi;
sənə ürək olmağa çalışır ürək səsin,
ürəkləndirir səni..!

Fuad Biləsuvarlının təqdimatında

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42
Xəyyam Əhmədli vəfat etdi
03/12/2024 - 07:31
Culbars
02/12/2024 - 09:23
DÜZGÜN OLMAYAN HƏQİQƏT
02/12/2024 - 05:24