Türkiyə xüsusi kibertəhlükəsizlik qurumu yaradır - Səbəbləri, məqsədləri və önəmi

23/09/2024 - 19:16

Türkiyədə hökumətin tərkibində ayrıca kibertəhlükəsizlik qurumu yaradılacaq. Bununla bağlı konkret məlumatı bir neçə gün əvvəl "Anadolu" agentliyinin "Redaktor masası" proqramının qonağı olarkən Türkiyənin xarici işlər naziri Hakan Fidan elan edib. Modern.az-ın məlumatına görə, o, Türkiyədə kibertəhlükəsizlik sahəsindən məsul olan ayrıca dövlət qurumunun yaradılacağını açıqlayıb: “Ayrılıqda kibertəhlükəsizlik təşkilatının yaradılması hökumətimizin gündəminə gətirilib. Prezidentimiz qərar verdi ki, bu indi baş verməlidir”. Fidan XİN başçısı olmazdan əvvəl uzun illər qardaş ölkənin xüsusi xidmət orqanına - Türkiyə Milli Kəşkiyyat Təşkilatına (MİT) rəhbərlik edib və bu sahənin "mətbəxinə" bələd olan əsas şəxslərdən biridir. Bu baxımdan o, kibertəhlükəsizlik məsələsinin önəmini dəyərləndirən siyasətçilərdəndir.

Hakan Fidanın nazir postuna gəlməsindən bir qədər sonra XİN-dəki struktur islahatlarında da kibertəhlükəsizliklə bağlı bir sıra addımlar atılmışdı. Belə ki, Xarici İşlər Nazirliyinin yeni təşkilati strukturunda ən mühüm dəyişikliklərdən biri Araşdırma və Təhlükəsizlik İdarəsinin Kəşfiyyat və Təhlükəsizlik İdarəsi olaraq yenidən təşkilidir. Nazirliyin vəzifə və fəaliyyət dairəsinə daxil olan məsələlərlə bağlı lazımi məlumatların təqdim edilməsi məqsədilə müvafiq kəşfiyyat və təhlükəsizlik qurumları ilə əlaqələrin idarə edilməsinə cavabdeh olan yeni idarə kibertəhlükəsizliklə yanaşı, terrorizm, mütəşəkkil cinayətkarlıq və maliyyə cinayətləri bağlı lazımi işləri həyata keçirəcək. Rabitə təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində mərkəzi və xarici təşkilatlarda lazımi texniki infrastrukturun yaradılması və təlimlərin keçirilməsi də bu strukturun vəzifələri sırasındadır. İndiyə qədər MİT-də, Nəqliyyat və İnfrastruktur Nazirliyində də kibertəhlükəsizliklə məşğul olan müvafiq bölmələr var idi.Lakin bu sahədən məsul olan yeni və müstəqil qurumun yaradılması zamanın tələbi kimi çıxış edir. MİT kibertəhlükəsizlik məsələsini aylar əvvəl Türkiyə Milli Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmışdı. Parlamentin açılması ilə gündəmə gətirilməsi gözlənilən tənzimləmənin məqsədi bu qurumun yaradılmasıdır. Detallara gəlincə, Türkiyə mətbuatının səhifələrində yer alan bir sıra məlumatlara görə, yeni yaradılacaq kibertəhlükəsizlik qurumu təxminən MİT kimi bir struktur olacaq. Qurumun birbaşa prezidentə tabe olması və onun nəzarəti altında fəaliyyət göstərməsi nəzərdə tutulub. Dövlətin bütün bölmələrinə standart gətiriləcək. Belə ki, yerli və milli texnologiyadan istifadə edilməklə, Müdafiə Nazirliyindən tutmuş vətəndaşlıq qeydiyyatı prosedurlarına, Səhiyyə Nazirliyinə, elektron hökumət tətbiqlərinə qədər hər bir elektron sahə xüsusi qaydada daha ciddi mühafizə altında olacaq.

Prezident lazım gəldikdə müdaxilələr edəcək və yeni sistemlərin tətbiqini tənzimləyəcək. Bu səbəbdən dövlətin bütün bölmələri hər cür kiberhücumlara qarşı tək mənbədən qorunacaq. Qurumun dövləti və fərdləri texnologiya və texnologiya müharibəsinin mümkün zərərlərindən qorumaq vəzifəsi də olacaq.Ölkənin təhlükəsizliyi üçün peşəkarlardan ibarət strukturun yaradılmasının əsas məqsədləri barədə yuxarıda qeyd olunanlarla yanaşı, kibertəhlükəsizliyin vacibliyi barədə də müəyyən nümunələr gətirmək və təhlillər aparmaq mümkündür. Məsələn, hələ ötən əsrin 80-ci illərində Böyük Britaniya və Argentina arasında Atlantik okeanının cənubunda yerləşən Folklend (Malvin) adaları uğrunda aparılmış Folklend müharibəsindən bir misal diqqəti cəlb edir.  Dənizdə döyüşmək üçün üz-üzə gələn Argentina gəmisi ilə Britaniya gəmisinin tarixçəsi məşhurdur.

Belə ki, gəmilər arasında döyüş başlamadan sona çatıb. Buna səbəb Argentina hərbi gəmisinin proqram təminatında Britaniya gəmisi ilə qarşılaşdıqda döyüş qabiliyyətini itirəcəyi kodlanmışdı. Bir tərəf texnologiyanın yaradıcısı, digər tərəf isə alıcı idi. Təbii ki, yaradıcı qalib gəldi. Texnologiya hətta sülh dövründə də "dost" olmaya bilər, amma müharibə zamanı satın alınan texnologiyanın "sadiqliyini" gözləmək daha da əbəs ehtimaldır... Bu baxımdan Türkiyənin kibertəhlükəsizliyə bu qədər önəm verməsi sahənin strateji əhəmiyyətindən irəli gəlir.

 

Modern Təhlil və Araşdırma Qrupu

    Modern.az

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ