Əbədi sənət yolu... - Fuad Biləsuvarlı yazır
Teatr və kino aktrisası, Dövlət mükafatları laureatı, Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli Amaliya Pənahovanın 15 iyunda dünyaya göz açdığı gündür, 79 yaşı tamam olur.
Haçansa belə bir informasiya oxumuşdum: Böyük türk aktrisası Türkan Şoray qısa bir müddətdə 80- dən çox filmdə yer alıb. Öz də baş qəhrəman rolunda.
Düzü bu mənə çox qəribə gəlmişdi. Axı, bütün bu rolları canlandırmaq, geniş tamaşaçı kütləsinə təqdim etmək təkcə fiziki güc yox, həm də böyük cəsarət, hünər tələb edirdi. Və heç bir şübhə yoxdur ki, xanım Türkan bu çox çətin vəzifənin öhdəsindən ləyaqətlə gələ bilmişdi. Bunu onun iştirakı ilə çəkilmiş türk fillmlərindən bəzilərinə telekranlara baxandan sonra yəqin etmişdim...
Bəli, sənət üçün,səhnə üçün doğulanların sənət eşqi də sonsuz olur. Belə adamlar üçün səhnədə olmaq, müxtəlif xarakterli obrazları canlandırmaq, onlara öz möhürünü vurmaq elə yaşamağın özü deməkdir.
Mən böyük türk aktrisası Türkan Şorayı elə-belə xatırlamadım. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası kimi bütün yaradıcılığı boyu sənətin zirvəsində olan Amaliya Pənahovanın ömür və sənət yolu ilə tanışlıq mənə bunları xatırlatdı.
Sevimli aktrisamız Amaliya xanım da təxminən az qala yarım əsri haqlayan sənət yolunda teatr və kino sahəsində beş yüzdən çox obraz yaratmışdır. Çox möhtəşəm. Və nəzərə alsaq ki, Amaliya xanımın oynadığı həmin tamaşaların çoxu televiziyanın qızıl fondunda saxlanılır, zaman-zaman nümayiş olunur, eləcə də çəkildiyi filmlər ekranlarda göstəriləndə, bu ecazkar sənətçinin pərəstişkarları, necə də sevinirlər, onda hər şey aydın olur.
Onun sənət yolu Teatr institutunun dram və kino aktyorluğu fakultəsindən başlamışdı.
Bütün tanınmış müəllimləri Gəncədən gəlmiş
bu yeniyetmə qızın simasında yaxın gələcəyin böyük sənətçisini görürdülər.
Onun istedadını, seçdiyi peşəyə ölçüyəgəlməz məhəbbətini duyur və yüksək qiymətləndirirdilər. Odur ki, hələ ali təhsilini başa vurmamış, tələbəlik illərindən səhnəyə yol açması çox şey vəd edirdi.
Həqiqətən də bu ümidlər çox qısa bir zamanda doğruldu. Amaliya Pənahova xalqımızın, teatr və kinosevərlərin yaddaşında Tomris, Natəvan, Medya, Burla Xatun, Məhsəti, Ofeliya obrazlarının misilsiz ifaçısı kimi yadda qaldı.
Hər bir insan əməyi qiymətləndiriləndə xoşbəxt olur. Amaliya Pənahovanı da belə xoşbəxtlik çox erkən haqlamışdı.
O illərin canlı şahidlərindən çox eşitmişəm ki, Amaliya Pənahovanın Teatrda ilk addımlarını atan aktrisanın İlyas Əfəndiyevin " Sən həmişə mənimləsən" əsərində yaratdığı Nargilə obrazı dillər əzbəri idi. Həm də Xalq artisti Əli Zeynalovla tərəf müqabili olmaqla Amaliya xanım isə Nargilə obrazına öz möhürünü elə vurmuşdu ki, ömürlük yaddaşlara köçdü, şirin xatirələrə çevirildi.
Sonra da Amaliya Pənahova böyük sənətkarımız İlyas Əfəndiyevin daha bir neçə əsərindəki baş qəhrəmanların obrazını ustalıqla canlandıraraq teatrsevərlərə təqdim etdi.
Və əbədi şöhrət belə gəldi. Cəmi 23 yaşında, 1968-ci ildə o dövr üçün çox yüksək sayılan Respublika Lenin mükafatı laureatı olmaq misilsiz uğur idi. Bundan çox da yox, cəmi 4 ildən sonra, 1972-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmək, sənətin zirvəsində olmaq demək idi.
Ən maraqlısı budur ki, Amaliya Pənahova hər bir sənətçinin arzuladığı bu yüksək mükafatlara layiq görüləndə, heç Əməkdar artist də deyildi.
Amaliya xanım teatr sahəsində yaratdığı əzəmətli obrazlara görə Əməkdar artist adına 1974-cü ildə, Xalq artisti adına isə 1985-ci ildə layiq görülmüşdü.
Amaliya xanım bütün ömrü boyu öyrənmək və öyrətməklə məşğul olmuşdu.
2013-cu ildə Sənətşünaslıq elmləri doktoru, professor kimi çalışdığı Mədəniyyət və İncəsənət Universitetində tələbələrinə sənət dərsləri keçirdi.
Deyirlər teatr asılqandan başlanır. Amaliya xanım üçün isə teatr həyatın özü idi, elə onun lap birinci pilləsindən başlanırdı.
Teatr və kino sahəsində uğurlu rolları ona hədsiz şöhrət qazandırırdı. 1995- ci ildə " Şöhrət" ordeninə layiq görülmüşdü. Prezidentin fərdi təqaüdçüsü idi. 2013 - cü ildə əməyi ölkə tərəfindən " Şərəf" ordeni ilə qiymətləndirilmişdi.
Amaliya xanımın bir çox filmlərdə rol aldığı əsl peşəkarlıqla yaratdığı obrazlar da həmişə göz önündədir. Belə kino - filmlərin sayı isə çoxdur.
1992 - ci ildə Amaliya Pənahova yaratdığı Bakı Bələdiyyə Teatrına rəhbərlik etməklə, bu teatrın da bir çox səhnə uğurlarına imza atmışdı. Bu teatrın hər bir tamaşasını tamaşaçılar intizarla gözləyirdilər.
Amaliya xanım böyük aktrisa olmaqla yanaşı həm də ictimai xadim idi. 2000 - 2005 - ci illərdə Milli Məclisin deputatı kimi seçicilərini bu ali orqanda layiqincə təmsil etmişdi.
Xalq artisti Amaliya Pənahova ailə xoşbəxtliyini də teatrda tapmışdı. Tanınmış aktyor Yusif Muxtarovla həyat yollarında birgə addımlamışdılar.
Artıq altı ilə yaxındır ki, Amaliya Pənahova həyatda yoxdur. Haqq dünyasına qovuşub. Yaratdığı obrazlar, quruluş verdiyi tamaşalar isə onu həmişə yaşadır, gələcək nəsillərə sevdirir.
P.S. Sənət üçün doğulanların həyatda əbədi izi qalır. Sevimli aktrisamız Amaliya Pənahova kimi...
Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.
Qafqaz.Media
https://youtu.be/h4fYH5Pa9_M?