İranda vətəndaş itaətsizliyi genişlənir – ÖLKƏNİ KÜÇƏ DÖYÜŞLƏRİ BÜRÜDÜ

27/11/2022 - 01:20

22 yaşlı Məhsa Əmininin qətli ilə bağlı bu il sentyabrın 16-dan molla rejimi əleyhinə ölkəni bürüyən etirazlar başlayandan İran hakimiyyəti 60-dan çoxu yeniyetmə və uşaq olmaqla 440 etirazçını qətlə yetirib.

Qafqaz.media xəbər verir ki, rəsmi məlumatlara görə, 1850 nümayişçi həbs edilib, lakin polis daha 3212 nəfərin saxlandığı yeri gizli saxlayır. İran İslam Şurası 20 etirazçıya ölüm hökmü çıxarıb. Ən azı 227 etirazçı "Allahın iradəsinə qarşı çıxmaq" ittihamı ilə məhkəməyə verilib.

Bu arada, İranın 156 şəhərində hökumət əleyhinə mitinqlər və nümayişlər davam edir ki, onların fəal iştirakçıları ölkənin 14 universitetinin tələbələridir.

İranda fəal narazılığın ifadəsi ilə yanaşı, passiv etiraz da baş verir: ölkənin küçə və meydanlarında hicabsız qadınların sayı hər gün daha da artır. Bu fakt isə bəzi məmurları hiddətləndirir. Belə ki, parlamentin Məhkəmə-Hüquq Komissiyasının rəhbəri Musa Qəzənfərəbadi təhlükəsizlik qüvvələrini etirazlar başlayandan bəri məcburi hicab taxmaq qanununu pozan bütün qadınların kimliyini müəyyən etməyə və onları həbs etməyə çağırıb.

Musa Qəzənfərəbadi yumruqlarını silkələyərək parlamentdə hicabsız qadınları sərt şəkildə cəzalandırmağı tələb edəndə, Tehranın 6 rayonunda “Xamneyiyə ölüm”, “Lənət olsun diktator”, “Qadın, həyat, azadlıq” və s. şüarlar ilə etiraz aksiyaları keçirilib. Ən kütləvi etiraz aksiyaları İsfahan, Qəzvin, Buşehr, Rəşt, İlham, Məşhəd və digər şəhərlərdə baş verib.

Misli görünməmiş vətəndaş itaətsizliyinin iştirakçıları əfsanəvi aktyor Bəhruz Vüsuqi və rejissor Mirvarid Kaşiandan tutmuş, hicablarını atıb demokratik inqilaba qoşulan yazıçılara, musiqiçilərə, sənətçilərə qədər İranın mədəni elitasının aktiv dəstəyi ilə cəsarətlənirlər.

Əfsanəvi aktyor Bəhruz Vüsuqi etirazlara dəstək verib

Bu arada İran təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı silah tətbiq etməkdə davam edir. Polis Tehranın “Teatr” metro stansiyası yaxınlığında, həmçinin Cəfərabad və Təkəbədə nümayişçilərə atəş açıb.

İranın hər yerində etirazçılar Bəsic milis komandirlərinin qərargahını və evlərini molotov kokteyli ilə yandırmağa davam edir. Saqaci, İlham, Səbzevar, Rəvanşəhr, Sarı şəhərlərində təhlükəsizlik qüvvələrinin qərargahı tamamilə yandırılıb, Məşhəddə isə etirazçılar Bəsicçilərin avtobuslarını yandırıblar.

Nəhəng zavodların, şirkətlərin və ticarət şəbəkələrinn işçiləri də tətilə qoşulmaqdadırlar.

Qeyd edək ki, İsfahan, Senandej, Mahabad, Bənai, Saqqız, Piranşehr, Kamiyaran, Bukan, Mərvan, İcaqd və Urmiya şəhərlərində sənaye müəssisələrinin işçiləri bir neçə gündür tətil edirlər.

İran xalqı teokratiyanı dəyişdirir

İran şəhərlərinin küçələrində gənclər mollaların başındakı türbanları qoparmaqda, hicab və din xadimlərinin paltarlarını yandırmaqda davam edirlər.

İranlı politoloq Naqi Mahmudi Haqqın.az-a bildirib ki, İranda ruhani təbəqəni cəmiyyətdən tamamilə təcrid etmək prosesi gedir. Mollaları sadəcə olaraq cəmiyyətdən sıxışdırıblar. İza şəhərində nümayişdə öldürülən 10 yaşlı Kiyan Pirfelekin anasının oğlanın məzarı başında Quran oxunmasını qadağan etməsi bununla bağlı əsas faktdır. “Görünür, bundan sonra İslam Respublikasında dəfn mərasimində nə molla, nə də Quran oxunacaq”, - deyə Mahmudi deyib.

10 yaşlı Kiyan Pirfelek anası ilə birlikdə qətlə yetirilib

Politoloqun sözlərinə görə, aksiyalar əsasən gecə saatlarında keçirilir. Gənclər tonqal yandırır, küçələri bağlayır, hökumət əleyhinə şüarlar səsləndirirlər. Cavanrud, Dehgyulan, Piranşehr və Müşaviyyə kimi əyalətlərin şəhərlərində təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşmalar baş verib. SEPAH bu şəhərlərə zirehli maşınlar və əlavə hərbi dəstələr yeridib. Təkcə son üç gündə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 30 nümayişçi həlak olub.

Aksiyaların birbaşa iştirakçılarından əlavə, hakimiyyət etirazlara dəstək verən mədəniyyət nümayəndələrini həbs etməyə başlayıb. Belə ki, İran kinosunun bir neçə aktrisası, o cümlədən məşhur aktrisa Katayun Rihani, həmçinin bəstəkar Əbülfəz Əbdülmaili və başqaları saxlanılıb.

Mahmudi qeyd edir ki, iranlılar BMT İnsan Haqları Şurasının xüsusi sessiyasında İslam Respublikasında baş verən qətl və repressiyaların araşdırılması üçün müstəqil beynəlxalq komissiyanın yaradılması barədə qəbul edilmiş qərarı ümidlə qarşılayıblar.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk BMT Şurasında çıxış edərək, təhlükəsizlik qüvvələrinin, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu və Bəsic qüvvələrinin etirazçılara qarşı həqiqi güllə, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyini vurğulayıb. Türk israr edir ki, “lazımsız və qeyri-mütənasib güc tətbiqi” dayandırılmalıdır.

Türk Şuraya müraciət edərək, "Ölkədə baş verənləri görmək məni ağrıdır" deyib: “Küçələrdə öldürülən uşaqların, döyülən qadınların şəkillərini gördüm. Mən ölümə məhkum edilmiş insanları görmüşəm”.

Xüsusi iclası çağıran Almaniyanın xarici işlər naziri Annalena Burbok isə bildirib:

“Ən azı 15 min insan həbs edilib və İran rejimi indi məhbusları ölüm cəzası ilə hədələyir. Bəs nə üçün? Sadəcə ona görə ki, bu qadınlar, kişilər və uşaqlar bizim hamımızın istifadə etmək istədiyi hüquqlardan istifadə etmək, ləyaqətlə və ayrı-seçkilik olmadan yaşamaq istəyirlər”.

Qeyd edək ki, Pakistan, Venesuela, Ermənistan, Çin, Kuba və Eritreya İranda qətl və repressiya faktlarını müəyyən edən komitənin yaradılması haqqında qətnamənin əleyhinə səs verib.

Hazırladı: Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12