Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirildi
Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirildi
Aprelin 2-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirildi.
Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə səhnəyə qoyulub.
Əsər geniş tamaşaçı auditoriyasının marağına səbəb olmaqla yanaşı, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına geniş şərait yaradıb.
Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayır, bir neçə personaj başqa planetdən gəldiyini deyir. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayır. Biri özünü Sovet dövlətinin lideri İ.V.Stalinə (Rəşad Kəsəmənli) bənzədir, bütün günü törətdiyi əməllərin peşmançılığını çəkərək xatirələr aləmində yaşayır. Digəri özünü məhşur fransız aktrisası Sara Bernara(Hüsniyyə Mürvətova) bənzədir və hər dəqiqə özünü səhnədə təsəvvür edərək həyatını
obrazlı yaşayır.
Veneralı (Toğrul Rza) saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir.
Ər-arvad (Zülfiyyə Qurbanova) daim öz ikili təbiətinin problemləri ilə yaşayır.
Əsərdə baş həkim (İlqar Musayev) xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, nəhayət başa düşür ki, xəstə kimi müalicə olunan insanlar əslində öz xəyali dünyalarında yaşayırlar.
Müəllif “Şekspir” əsəri ilə cəmiyyətə mübarizə zirvəsinə gəlib çatan bir ucalıqdan baxır və tamaşaçılarla dərketmə fəlsəfəsi ilə ünsiyyət yaradır.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. Rejissor tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük, yeni fikirləri ilə tanış edəcəkdir.
Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova,
dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.
Rollarda iştirak edirlər:
İlqar Musayev(baş həkim)
Ülviyyə Rza(həkim)
Hüsniyyə Mürvətova(Əməkdar artist)-Sara Bernar
Reşat Kəsəmənli(İosif Stalin)
Zülfiyyə Qurbanova(ər-arvad)
Tural Əhməd(Drob 13)
Toğrul Rza(veneralı)
Elçin Muradov(sanitar)
Rəşid Soltanov(I sanitar)
Namiq Cavadov(II sanitar)
Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media