Bakı Bələdiyyə Teatrı yeni mövsümü ”Ana tarla” tamaşası ilə açdı
10 sentyabr Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim Cingiz Aytmatovun ”Ana tarla” tamaşası ilə acıq elan etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan tamaşada Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov nümayəndə heyəti ilə, “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti, ictimai xadim Eldar İsmayılov, yazıçı, filoloq Akif Əli, millət vəkili Günay Əfəndiyeva, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, eləcə də bir çox qonaqlar iştirak edirdilər. Öncə canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanova verildi. M.Mamıtkanov dəvətə görə öz təşəkkürünü bildirdi və iki ölkə arasında olan əməkdaşlıqdan bəhs etdi. Səfirin çıxışından sonra “Ana tarla” tamaşasının aktyorları səhnədə göründü. Səhnə müharibə dəhşətlərinin həyəcanını hiss etdirməyə başladı. Qeyd edək ki, Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə səhnələşdirdiyi “Ana tarla” tamaşası Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində hazırlanmışdı. “Ana tarla” povesti, doğma yurda və torpağa sadiq olan sadə insanlar haqqındadır. Əsərdə dövrün əsas bəlası kimi II Dünya Müharibəsi və bu müharibənin timsalında insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə olan ümidləri göstərilir. Ç.Aytmatov əsərdə ilk dəfə şərti formadan istifadə etmiş, əsərdəki hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində göstərmişdir və tamaşadada rejissor Mərahim Fərzəlibəyov da yazıçının təxəyyül məhsulunu eynilə səhnəyə gətirməyə nail olub. Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərla Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir.
Tamaşada iştirak edirlər:
Tolqanay – Hüsniyyə Mürvətova (Əməkdar artist)
Suvankul – Rəşad Kəsəmənli
Qasım – Tural Əhməd
Masılbek – Namiq Cavadov
Caynaq – Elçin Muradov
Aliman – Ülviyyə Rza
Usanbay – İsmayıl Atakişiyev
1-ci sünbül – Zülfiyyə Məmmədova
2-ci sünbül – Günel Həmidova
3-cü sünbül – Aynur Abbasova
4-cü sünbül – Arzu Ağayeva
Aişə - Səmayə Sadıqova(Əməkdar artist)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan
tamaşa Mədəniyyət kanalında canlı yayınlandı.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media