“BU HALDA BİZƏ ZƏNGƏZUR DƏHLİZİ LAZIM OLMAYACAQ...” – “Biz sanki hansısa teatr səhnəsinin tamaşaçılarıyıq, bir şey deyirlər, amma...”
Tofiq Zülfüqarov: “Rusiyada Priqojin üsyanına oxşar hadisələr baş verə bilər...”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “AzPolitika”-ya müsahibəsində Ukrayna ordusunun Kurskda keçirdiyi əməliyyatlar və bunun gözlənilən nəticələri, Rusiya-Ukrayna savaşı, eləcə də Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfinin son bəyanatlarına dair sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Tofiq bəy, Ukrayna ordusu artıq 10 günə yaxındır Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlar keçirir. Bu vəziyyəti necə dəyərləndirirsiniz? Sizcə, bu əməliyyatların nəticələri nədən ibarət ola bilər?
- Ukraynanın verdiyi məlumata görə, sözügedən bölgəyə məhdud sayda hərbi qüvvələr cəlb olunub. Bəzi mənbələrə görə, orada dörd batalyon, bəzilərinə görə dörd briqada, yəni, təxminən 4-10 min arası hərbçi var. Dəqiq say barədə məlumat yoxdur. Bu, hərbi baxımdan böyük bir əməliyyat deyil. Ona görə də hərbi baxımdan ciddi bir hadisənin baş verəcəyinə inanmıram. Amma təbliğat baxımından çox ciddi bir hadisədir. Hiss olunur ki, uzun müddətli müdafiə mövqeyindən hücum mövqeyinə keçən Ukrayna tərəfi təbliğat üsulu ilə hansısa uğurlara nail olmaq istəyir. Amma yenə də hərbi baxımdan heç nə dəyişməyib. Nə Rusiya Kiyevi zəbt edərək, Ukraynanı kapitulyasiyaya məcbur edib, nə də Ukrayna Rusiya işğalına son qoya bilib. Bəziləri bunu gələcəkdə tərəflərin mümkün razılaşmasına hazırlıq mərhələsi kimi qələmə verir. Guya gələcəkdə bu hadisələrin fonunda hansısa razılaşmalar mümkün olacaq. Bəllidir ki, bu razılaşma qarşılıqlı güzəştlər tələb edən bir məsələdir.
- Burada əsas məqamlardan biri budur ki, Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması Kremlin xüsusi hərbi əməliyyatla bağlı tezislərini darmadağın edir. Çünki sərhəd zonasında xeyli kəndlər ələ keçirilir, 100 mindən artıq qaçqın, yüzlərlə hərbi əsir var. Prezident Putin də müşavirədə bildirdi ki, qarşıda iki məqsəd var: Birincisi, dərhal Ukrayna ordusu ölkədən çıxarılmalıdır, ikincisi, Ukraynadakı əməliyyat zonasında döyüşlərin intensivliyi artırılmalıdır. Bu tapşırıqları qısa müddətdə icra etmək baxımından Rusiyanın imkanlarını necə görürsünüz? Rusiyadan gələcəkdə cavab zərbələri kimi hansı addımları görə bilərik?
- Bəyan olunan bu məqsədlər istər Rusiya, bəzən də Ukrayna tərəfindən bir çox hallarda ziddiyyətlidir. Yəni, müharibənin əvvəlində Rusiya bəyan edirdi ki, az qala 3 günə Kiyevi tutacaqlar. İndi görürük ki, tamamilə məntiqsiz bir düşüncədir. Kiyevə hücumdan, digər bölgələrdə hansısa ciddi döyüşlərdən sonra həm Ukrayna, həm də Rusiya birdən-birə köhnə mövqelərə qayıdıb Donbas və Luqansk tərəfdə iki ilə yaxın hərbi əməliyyatlar aparırdılar. Qəribə bir məntiqdir. Çünki orada hazır mövqeləri var və hələ 2014-cü ildən hərbi əməliyyatlar durmadan davam edirdi. Belə deyək, tərəflər ora qayıdıb bir-birini atəşə tuturdular. Bunun hansı məntiqə uyğun taktika olduğunu başa düşmək olmur. Çünki gedib hansısa hazır mövqelərə hücum etmək böyük itkilərlə nəticələnəcək. Amma Ukraynanın digər hissələrində, məsələn, Xarkovda belə mövqelər yox idi axı. Rusiyanın da davranışları məntiqə uyğun deyil. Ona görə də burada hərbi məna axtarmaq düzgün olmaz. Təəssüflər olsun ki, iki xalqın nümayəndələri məhv olurlar. Amma hansı siyasi məqsədlər uğrunda? Bax, bunu indiyədək başa düşmək olmur.
- Kiyevdə indiki Prezident Administrasiyası, Müdafiə Nazirliyi və ya mərkəzi hakimiyyətin yerləşdiyi binaların vurulması, Prezident Zelenskinin fiziki cəhətdən məhv edilməsi kimi addımlar atmağa Rusiyanın imkanları varmı?
- Hər halda Ukrayna raket atəşinə tutula bilər. Burada məntiqə uyğun olmayan məsələlər çoxdur. Məsələn, Sudja qaz kəmərini götürək. Hələ də bu qaz kəməri fəaliyyət göstərir. İki ölkə müharibə aparır, amma qaz kəməri Ukrayna ərazisindən keçdiyi üçün Rusiya ödəniş edir. Digər tərəfdən, Ukrayna başa düşür ki, Rusiya bu yolla pul qazanır və sonra o pullar müharibəyə sərf olunur. Yəni, məntiqə uyğun olmayan çox hadisələr baş verir. Biz sanki hansısa teatr səhnəsinin tamaşaçılarıyıq. Başa düşmək olmur ki, bunlar nə istəyir. Bir şey deyirlər, amma ayrı bir şey baş verir. Ukrayna bu müharibədə ciddi şəkildə zəifləyib. Əhalisi az qala 50 faiz azalıb. Bunun nəticəsində nə uğur qazana bilər? Uzun müddət sonra pul xərcləyəcək ki, dağılan infrastrukturu bərpa etsin Amma əhalini bərpa etmək çətindir axı. Ümidlər azdır ki, Avropa ölkələrində olan milyonlarla qaçqın ukraynalı müharibədən sonra ölkəsinə qayıtsın. Ona görə də mən indi baş verənləri sadəcə olaraq, ictimaiyyətə hansısa yeni steriotipləri aşılamaq məqsədi güdən bir hadisə kimi qiymətləndirirəm. Hərbi baxımdan isə sadəcə mənasızdır.
- Bəs Kurskda baş verən hadisələr Rusiyadakı müharibə əleyhdarlarını yenidən Kremlə qarşı səfərbər edə bilərmi?
- Buna imkan var ki? Rusiyada elə şərait yaradılıb ki, bu və ya digər sosial şəbəkələrdə də hansısa etiraz, çağırışlar dərhal həbslə yekunlaşır. Ona görə ictimaiyyətin burada hansısa iştirakı mümkün deyil. Biz görürük ki, müharibə şəraitində vətəndaş qurumları demək olar ki, tamamilə zəifləyiblər və onların təsiri də sıfra enib. Hadisələr siyasi elitada cərayan edə bilər. Məsələn, Yevgeni Priqojinin üsyanı kimi. Bu, hakimiyyətin dəyişməsinə gətirib çıxara bilər. Amma bu, təkcə Rusiya yox, həm də Ukraynaya aiddir. Biz görürük ki, orada da müxtəlif mərhələlərdə siyasi elitada ciddi dəyişiklikləri baş verir. Məsələn, hərbi komandanlığı götürək, ya da təbliğat sferasına rəhbərlik edən adamların dəyişməsini. Hər iki ölkənin siyasi qurumları stabil deyillər.
- Digər suallarımız bizim regionla bağlı olacaq. Bu yaxınlarda Prezidentin köməkçisi Elçin Əmirbəyovun müsahibəsini oxuduq. Azərbaycan Zəngəzur dəhlizinin açılması və ümumiyyətlə, nəqliyyat blokunun açılması mövzusunun sülh danışıqlarından çıxarıldığını açıqladı. Yəni, bu, öz-özlüyündə nə deməkdir? Bəzi ictimai-siyasi xadimlər bunu Azərbaycanın milli maraqları baxımından doğru hesab etmirlər. Sizcə, bu, nə dərəcədə doğru bir qərardır və gələcəkdə sülh danışıqlarının aqibəti necə olacaq?
- Siz suala elə qismən cavab verdiniz. Çünki bəzi şərhləri eşidəndə mən də təəccüblənirəm ki, bu insanlar real prosesləri bilmir, reallıqdan çox uzaq hansısa fikirləri səsləndirirlər. Söhbət nədən gedir? Söhbət ilkin çərçivə sazişindən gedir. Bu, daha çox saziş yox, bəyanata oxşar bir sənəd olacaq. Çünki bu sənədin vasitəsilə heç bir mövzu öz həllini tapmır. Nəinki kommunikasiyalar mövzusu, sərhəd mövzusu və digər mövzuları götürsək, görərik ki, orada sadəcə olaraq gələcək sülh prosesinin hansısa çərçivəsi formalaşır. Özü də 2021-ci ildə Azərbaycan tərəfindən irəli sürülən prinsiplər əsasında. İndi bəziləri deyir ki, “Zəngəzur mövzusu sonraya qaldı”. Mənasız bir şeydir. Ümumiyyətlə, sənəd bunu nəzərdə tutmurdu.
Erməni tərəfi belə ittihamlar səsləndirir ki, Azərbaycan guya sülh istəmir. Azərbaycan isə deyir ki, hazırda sülh sazişi mümkün deyil. Çünki həll olunmamış məsələlər çoxdur. Kommunikasiyalardan tutmuş, sərhəddədək. Hamı başa düşür ki, sərhəd mövzularını həll eləmək üçün illər lazımdır. Və ya götürək kommunikasiya mövzusunu. Siyasi iradə olmasa, texniki baxımdan bunu icra etmək üçün aylar, bəlkə də illər lazımdır. Yəni, haqqında danışılan sənədin mahiyyətinə qayıtsaq, görərik ki, sadəcə olaraq bəyanata bənzər bir məsələdir.
Zəngəzur məsələsinin gündəlikdən çıxarılmasına gəlincə, mənə elə gəlir ki, bu danışıqlar nəticəsində tərəflər belə qənaətə gəliblər ki, bir çox məsələlərə dair razılıq əldə etmək mümkün deyil. Sadəcə, tərəflərin razılaşdırdığı məsələlər bu sənəddə qalacaq. O hissələrdə ki, razılıq əldə olunmayıb, sənəddən çıxarılacaq. Bu addımlar onu göstərir ki, biz sülh istəyirik, amma öz maraqlarımız burada öz əksini tapmırsa, biz bunu sonrakı danışqlarda gündəmdə saxlayacağıq. Bəzən eşidirəm ki, deyirlər “Zəngəzur layihəsi indi lazım deyil. Zəngəzur mövzusu gündəmdən çıxır" və sair. Belə deyil. Çünki Azərbaycanın ən əsas məqsədlərindən biri ölkənin iki hissəsinin bir-biri ilə bağlantı əldə etməsidir. Digər tərəfdən, Zəngəzur dəhlizi məsələsi ABŞ, Rusiya, Türkiyə və digər ölkələrin də marağındadır.
İndi əsas ziddiyət sərhədlər mövzusu ilə bağlıdır. Azərbaycanın və Ermənistanın fərqli baxışları var. Onlar sovetlər dönəmindəki sərhədlərin bərpasını istəyir. Azərbaycan razıdır, amma baxır hansı ilin xəritələri əsas götürüləcək? Biz 1975-ci ilə aid sərhədləri qəbul etmirik. Digər tərəfdən, Azərbayan sadəcə ,1920-ci ilin xərətiələrini bərpa etsə, bizə Zəngəzur dəhlizi lazım olmayacaq.
- ABŞ-nin Ermənistanda hərbi fəaliyyətini artırması ilə bağlı məlumatlar var. Bu fəallıq nə ilə bağlıdır?
- Bunu İsrail ilə İran arasında olan gərginliklə əlaqələndirərdim. Bəzi məlumatlara görə, ABŞ-nin İrəvandakı səfirliyində 2 mindən çox işçi var. Bura radioelektronik kəşfiyyat şəbəkəsi olan səfirlikdir. Bu kəşfiyyat işləri birbaşa İranla bağlıdır. Gərginlik artandan sonra ora xüsusi avadanlq da gətirilə bilər. Bunu hadisələrin təbii gedişatı kimi görürəm. Bunun nəticəsində İrəvan-Tehran münasibətlərinin gərginləşməsi gözləniləndir. Müxtəlif yerlərdən Bakı ilə Tehran arasında gərginliyin bərpası üçün addımlar atılır, təxribatçı məlumatlar yayılır və s. Bu, İranın yeni formalaşan administrasiyasına təsir cəhdidir. Tendensiya odur ki, Azərbaycan– İran münasibətləri sabitləşəcək. Ermənistan-İran münasibətləri isə əksinə, gərginləşəcək.
“AzPolitika.info”