"Şəhidlərimizin əmanətlərinə "qalxan" demək heç kimin həddinə deyil" - CƏLAL QURBANOV / FOTO
“Mən birlik layihələrinin könüllüsüyəm"
"Mənim oğlum qəhrəmandır!", "Mənim atam qəhrəmandır!" layihələrinin rəhbəri, Prezident təqaüdçüsü Cəlal Qurbanov bildirib. Onunla müsahibəni təqdim edirik:
- "Mənim atam qəhrəmandır!" layihəsinin xoş görüntüləri iyun ayı boyunca sosial şəbəkələri bəzədi. Layihələrinizdən danışaq, bu layihələr necə yarandı?
- Vətən Müharibəsi başlayanda Dövlət Gömrük Komitəsində çalışırdım. Minlərlə vətəndaşımız kimi, mən də cəbhədə könüllü xidmət üçün müraciət etdim. Lakin mənə bildirildi ki, gömrükçü olduğuma görə yalnız komitənin göndərişi ilə cəbhəyə yollana bilərəm. Amma siravi vətəndaş kimi xidmət etmək üçün təkrar Müdafiə Nazirliyinə müraciət edəndən sonra, 45 günlük məzuniyyət müddətimi istifadə edərək, ailəmdən belə xəbərsiz cəbhəyə yollandım. Cəbhənin ən qaynar nöqtələrində Vətən müharibəsinin son gününə qədər aktiv iştirakım oldu.
Biz Zəfər bayramını könüllülərimizlə, hərbçilərimizlə cəbhə bölgəsində qeyd etdik. 2021-ci ildə müdafiə naziri tərəfindən döyüşlər vaxtı könüllü xidmətimlə bağlı təltif edildim.
Müharibədən sonra Şəhidlər Xiyabanına tez-tez gedirdim, orda qəhrəman şəhidlərimizin əmanətləri olan övladlarını, onların yaşadıqları ağrıları görürdüm. Zamanla onlarla tanışlıqlarımız dostluğa çevrildi. Biz təkcə paytaxtda yox, bölgələrdəki şəhid balalarını da axtarıb tapmağa, onlarla dərdləşməyə, dostlaşmağa başladıq. Kiçik könüllü bir komanda ilə bunları edirdik və düşündük ki, bu balalar hamısı bir-birini tanımalıdırlar, şəhidlərimizin əmanətləri olaraq atalarını ən yaxşı onlar təmsil edə, təqdim edə bilərlər. Buna görə də "Mənim atam qəhrəmandır!" layihəsi yarandı.
Layihənin ilk günündən daima şəhid əmanətlərinin yanında olan Heydər Əliyev Fondu, şəxsən icraçı direktor Anar Ələkbərova komandamız adından təşəkkürümüzü bildiririk. İlk dəfə 150-dən çox şəhid ailəsinin Şuşaya iki günlük səfərini Heydər Əliyev Fondunun xüsusi dəstəyi ilə həyata keçirdik. 26 İyun Silahlı Qüvəllər günü Heydər Əliyev Mərkəzinin qarşısında 400-dən çox şəhid ailəsinin iştirakı ilə “Mənim Oğlum Qəhrəmandır!” Layihəsi çərçivəsinfə Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil edildi.
Bu layihə çərçivəsində biz həm də şəhidlərimizin fədakar anaları ilə tanış olur, onlarla dərdləşirdik. Beləliklə, "Mənim oğlum qəhrəmandır!" layihəsi yarandı.
Bu layihələr birlik, həmrəylik layihələridir. Bu günə qədər 2700-dən artıq şəhidin əmanətləri bu layihələrdə iştirak edib. Həmişə deyirəm, mən bu layihənin bir könüllüsüyəm və var olduğum qədər də bu layihələrdə fəaliyyətimi davam etdirəcəm.
Sizin haqqında bəhs etdiyiniz bu ilin 1 iyunundakı tədbirimiz idi. Çox möhtəşəm oldu, çoxlu sayda məşhur simalar da bizə qoşulmuşdular və o uşaqlar, onların sevinci, atalarının rəsmi olan köynəkləri elə qürurla geyinib gəzmələri möhtəşəm idi. Şəhid əmanətlərimizə xalqımızın sayğısıdır ki, bu layihələrin piarı ilə biz yox, insanlarımız məşğul olur, sizin də qeyd etdiyiniz kimi, o görüntülər aylarla sosial şəbəkələri bəzəyir. Bu isə məni də, bu işin digər könüllülərini də yalnız motivasiya edir.
- Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğunuzu dediniz...
- Mən hazırda komitədə çalışmıram. Orda belə bir seçim qarşısında qoyuldum. Mənə bildirildi ki, ya şəhid ailələri ilə bağlı könüllülük fəaliyyətimi, ya da Dövlət Gömrük Komitəsindəki işimi seçim. Mən də bu seçim qarşısında könüllü olmağı seçdim, çünki bu layihələri və bu adamları yarı yolda qoya bilməzdim. Ərizəmi yazaraq iş stajımla təqaüdə çıxdım.
- Növbədənkənar parlament seçkiləri başlayıb. Elə ilk günlərdən bəzi saytlarda sizin də millət vəkili olmaq istədiyiniz yazıldı…
- Bu yazılanlar həqiqəti əks etdirmir. Vətənini, dövlətini, şəhidini, şəhidinin əmanətlərini sevmək üçün millət vəkili olmağa ehtiyac yoxdur.
- Yazılanlardan söz düşmüşkən, sizinlə bağlı mediada fasilərlə məlumatlar yayılır. Eyni yazılar bir neçə saytda, sosial şəbəkə səhifələrində yayımlanır. Sonra ara səngiyir, bir müddət sonra yenə nələrsə olur. Niyə belə olur, kimin və ya kimlərin sizinlə problemi var?
- Bunu çox doğru müşahidə etmisiniz ki, bu yazılar jurnalist araşdırması, xəbər marağı yox, məhz kampaniyadır. Siz burda yazılanları qeyd edirsiniz, onlar hətta bunun üçün Avropadakı söyüş müxalifəti ilə əlaqəyə keçiblər. Çox təəssüf ki, nəinki məni, hətta mənim yaşlı valideynlərimi, övladımı təhqir edəcək qədər alçalıblar. Bunu etdirənlərin kimliyini hamı bilir. Diqqətli müşahidəçi şəhid ailələri, şəhidlərin əmanətlərinin adı ilə kimin manipulyasiya etdiyini yaxşı görür. Guya müharibədə "topçu" kimi iştirak edənlərin danışdığı nağıllar elə mediada da, sosial şəbəkələrdə də gülüş obyektidir. İndi də öz səviyyələrində olan saytlarda guya mənim şəhid ailələrini "qalxan" kimi istifadə etdiyimi yazırlar.
Bu iyrəncliyə artıq susub keçmək olmur, çünki özlərinin heç bir müqəddəs dəyəri olmayan bu adamlar elə bilirlər ki, hamı belədir. Bütün ömrünü onun-bunun adından "qalxan" kimi istifadə edib, o adların altında başqa hoqqadan çıxanlar elə bilirlər ki, hamı eyni mənəviyyatın daşıyıcısıdır. "Qalxan" onların " ailə üzvüm" deyib, həqiqətdə elə "qalxan" kimi istifadə etdikləri yaxınları, əzizləri ola bilər. Şəhid əmanətlərini "qalxan" kimi istifadə etmək də, onları bu cür adlandırmaq da heç kimin həddinə deyil. Bu adamlarla qanunun və hüququn imkan verdiyi ən sərt dildə danışacağıq.
Yoxsa hərə özünə bir-iki özəl sayt açıb, iki üç tanışının da saytına yazı ötürüb şəhid ailələrini hədəfə çıxara bilməz. Ali təhsili belə olmayan, Avropada məni, şəhid ailələrini söydürən bu məxluq özünə qurama mükafatlar təqdim etdirir, saytlarında bunları yaydırır.
- Söhbət kimdən və ya kimlərdən gedir?
- Ad çəkməyə ehtiyac yoxdur. Hamı pulla qurama mükafatlar alan, şəhid əmanətləri və məni təhqir etmək üçün söyüş müxalifətini maliyyələşdirənin kim olduğunu yaxşı bilir.
Amma bu mundar, iyrənc əməllərini bitirməlidilər. Cəmiyyət hər kəsin keçmişini də, indiki dövrünü də, yeri gələndə gələcəyini də analiz edə bilir. Hər yerdə yalandan şəhid aillərinə dəstək göstərdiklərini deməsinlər, insanlara yalan danışmasınlar. Şəhid ailələrinə, qazilərə cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondu xüsusi qayğı, diqqət göstərir. Bizlər yalnız könüllü ola bilərik, mənəvi dəstək göstərə bilərik.
Biz Ali Baş Komandanın “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub” çağırışına qoşulub könüllülük etmiş adamlarıq.
Bu birlik bizə layihələrimizi davam etdirmək üçün xüsusi güc verir, şəhid ailələrinin az da olsa təskinliyi üçün motivasiya olur.
Biz bir-birimizə düşmənçilik etməməli, ləkə atmamalıyıq, bu bizə yaraşmır. Mənim hər dəfə onlara baş qoşmağa vaxtım da, həvəsim də olmur. Amma bu dəfə bütün hədləri keçiblər və qanun qarşısında cavab verəcəklər.
Qafqaz.media