Məhəmməd Əmin Rəsulzadənin irsi ətrafında daha bir qalmaqal

06/07/2024 - 09:45

2024-cü il iyunun 25-də modern.az saytında tarixçi alim, professor Solmaz Rüstəmova-Tohidinin “Rəsulzadə və XIX əsr Azərbaycan ədəbiyyatında yeni sima” adlı məqaləsi yerləşdirilib.

 

Müəllif yazır ki, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı Polşanın Krakov şəhərində keçiriləcək elmi konfransa hazırlaşarkən, “525-ci qəzet”də 2 il əvvəl dərc olunmuş bir məqaləyə rast gəlib. Həmin məqalə “Azərbaycan-Polşa əlaqələri tarixindən” adlanır. Solmaz Rüstəmova-Tohidi məqalə müəllifinin adını çəkmir, yalnız “əsasən Məhəmməd Əmin Rəsulzadənin bioqrafiyasını araşdırması ilə tanınan bir tarixçi” olaraq qeyd edib. Solmaz Rüstəmova-Tohidinin daha sonra yazdıqları bu “məchul” müəllifin kimliyinə maraq oyatdı. Dərhal internetdə axtarış verdim və məqaləni tapdım. Məqalənin müəllifi professor Nəsiman Yaqublu imiş.

Solmaz Rüstəmova-Tohidi müəllifin adını çəkməsə də, məqalədəki faktları geniş təhlil edir və məlum olur ki, Rəsulzadənin bioqrafiyasınını araşdıran Nəsiman Yaqublu “Azərbaycan-Polşa əlaqələri tarixindən” adlı məqaləsində bəzi ciddi yanlışlıqlara yol verib. Həmin yanlışlıqlardan biri professorun 19-cu əsrin ortalarında Vətəni tərk edərək Polşada yerləşmiş, oarada 18 il yaşamış şair Mirzə Qasım Məşədini yenə həmin əsrdə İranda doğulmuş, ancaq Rusyada yaşamış (1802-1870) Azərbaycan əsilli Rusiya şərqşünası, türkşünası, filoloqu Mirzə Kazım bəylə qarışıq salmasıdır.

Professor Nəsiman Yaqublu Məhəmməd Əmin Rəsulzadənin kitabında adı keçən Mirzə Kazım kimliyini araşdırmadan onu Mirzə Kazım bəy olaraq oxuculara təqdim edib. Əslində isə Məhəmməd Əmin Rəsulzadənin 1938-ci ildə Varşavada nəşr etdirdiyi “Azərbaycan müstəqillik uğrunda mübarizədə” adlı kitabındakı “Azərbaycan-polyak əlaqələri” fəslində bu şəxs haqqında məlumat verilir:

“Polyak şərqşünası Vladislav Koşçuşkonun 1858-ci ildə çap olunmuş, bakılı şair Mirzə Kazım (orijinalda - Mirzə Kasım) haqqında informasiyası maraqlıdır. Şair Polşada 18 il yaşamış, polyak dilini mükəmməl bilmiş və Şərq dillərində duyğulu hisslərlə dolu şeirlər yazmışdır. Mirzə Kazımın Varşavaya həsr olunmuş şeirləri də varmış, bundan başqa onun poetik mirasında polyak dilində yazılmış bir neçə dini himnlər də mövcuddur, onlardan “Ədəbi cəza və mükafat” və “İlahi işarə” əsərlərini göstərmək olar”. (Bax: “Azərbaycan” jurnalı, 2024, № 1, səh. 106-107)

Solmaz xanımın ortaya çıxardığı başqa bir yanlış daha ciddi xarakterlidir: belə ki, professor Nəsiman Yaqublu yuxarıda linkini paylaşdığımız məqaləsində Azərbaycanla Polşanın tarixi əlaqələri haqqında göstərdiyi faktları Məhəmməd Əmin Rəsulzadənin kitabından götürsə də, məlumatların bir qismini Rəsulzadəyə istinadla verib, ancaq bir qismini də istinadsız təqdim edib. Başqa sözlə, Rəsulzadənin kitabından götürülmüş faktlar sanki Nəsiman Yaqublunun özünün ortaya çıxardığı tədqiqat nəticəsi olaraq gedib. Hər iki linki – həm professor Solmaz Rüstəmova-Tohidinin, həm də professor Nəsiman Yaqublunun məqalələrini oxuduqda, belə bir sual yaranır: Məhəmməd Əmin Rəsulzadənin sözügedən kitabından məlumatların bir qisminin istinadsız verilməsi Nəsiman Yaqublunun səhvidir, yoxsa texniki yanlışlıq?! Yəqin ki, professor Nəsiman Yaqublu özü bu məsələyə aydınlıq gətirəcək.

İradə Cəlil 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ