Elçin Şıxlının publisistikası... - Fuad Biləsuvarlı yazır

16/01/2025 - 16:51

     

     Jurnalist-publisist Elçin Şıxlının " Altun kitab" nəşriyyatında 2017 - ci ildə işıq üzü görmüş " Sükutdan sitat" kitabı qarşımdadır.
     Səksənə yaxın publisistik yazıların toplanmış olduğu hər məqalə maraqla oxunur, oxucunu düşündürür. Beləcə hər məqaləni fasilə vermədən birnəfəsə oxumaq istəyirsən. Bu, böyük istedad sahibi Elçin Şıxlının qələminin gücündən irəli gəlir.
      Kitaba ön söz yazmış Arif Əliyev fransız mütəfəkkiri və yazıçısı Fransua de Laroştukonın aforizmini misal gətirərək qeyd edir ki, " Uca ad onu ləyaqətlə daşıya bilməyənləri nəinki yüksəltmir, əksinə alçaldır..." Elçin də atası İsmayıl Şıxlıdan sonra azərbaycanlılar üçün mənəvi dəyərə çevirilmiş " Şıxlı" adını böyük ləyaqət və şərəflə daşıyır",  deyə Arif Əliyev qeyd edir.
       Ədəbiyyatımızın nəhəng yazıçılarından olmuş İsmayıl Şıxlının " Dəli Kür" əsəri uzun illər əvvəl yazılmasına baxmayaraq bu gün də sonsuz maraqla və ehtirasla oxunur. Ədibin yüksək tribunadan söylədiyi " Sapı özümüzdən olan baltalar" ifadəsi isə bu gün də dillər əzbəridir, zərb - məsələ çevirilmişdir.
         Elçin Şıxlı çap olunmağa, yazdıqlarını kitab halına salmağa heç vaxt tələsməyib.
Bu da onun ağayana təbiətindən irəli gəlir.
Elə " Sükutdan sitat" kitabını da ən yaxın qələm və məslək dostları Qulu Məhərrəmli, Rafiq İsmayılov, İbrahim Nəbioğlu onun 60 illik yubileyinə hədiyyə ediblər. Son dərəcə alqışlanmalı, və təqdir olunmalı addımdır.
       Kitabın ilk səhifəsində tərtibçilər, müəllifin qələm dostlarının aşağıdakı fikirləri diqqəti daha çox çəkir: " Elçin Şıxlının yazıları daha çox ətrafımızdakı etinasızlıq, ümidsizlik, inamsızlıq, sükut barədədir.
Onun bir publisist, bir ziyalı kimi nadir xüsusiyyəti var: o bir görmədiklərimizi görməyi, mahiyyətə varmağı, ürəyin və beynin ən dərin qatlarına enməyi, hətta sükutdan da sitat gətirməyi bacarır."
     Hamının görə bilmədiklərini görmək, yeri gələndə həyəcan təbili çalmaq, yatmış məmurları silkələmək, gəzib gördüyü ölkələrdəki vəziyyətlə müqayisəli təhlillər aparmaq, bir ziyalı kimi narahatlıqlarını ifadə etmək Elçin Şıxlı publisistikasının əsas mövzusudur, desək heç də səhv etmərik.
       Düz deyirlər ki, çox gəzən çox bilər.
Dünyanın bir çox ölkələrini gəzib- dolaşmış Elçin Şıxlı da publisistik məqalələrinin mövzusunu gündəlik həyatdan alır.
Hər bir mövzunu ürəyinin odu ilə bişirərək oxucularına təqdim edir.
       Təhsil hər bir cəmiyyətin bel sütunudur.
Elm və təhsili olmayan millət necə inkişaf edə, zamanla ayaqlaşa bilər?! Təbiidir ki, hər bir ölkə bu vacib məsələni fərqli şəkildə təşkil edir. Onların da içində nümunəvi olanları, öyrənilməsi və tətbiq edilməsi vacib olan məqamlar var. Məqalələrdən birində Elçin Şıxlı fin təhsilindən söhbət açır: Əsas məqsəd müstəqil şəkildə oxumaq, yəni təhsil almağı öyrənməkdir. Müəllim yalnız məsləhətçidir. Dərsini oxumayanın valideynini məktəbə çağırmağı, uşaqdan şikayət etməzlər. Oxumasa sinifdə qalar. Finlər bunu faciəyə çevirmirlər, çünki uşaq dərk etməlidir ki, təhsil heç kimə deyil, yalnız onun özünə lazımdır. Dərk etdimi, oxuyacaq..."
      " Zəngvarı qovs" məqaləsində müəllif ölkəmizin orta məktəblərindəki mövcud problemlərlə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri ( o vaxt qurum belə adlanırdı) Məleykə Abbaszadənin Bakı Ali Neft Məktəbindəki çıxışından sitat gətirir və qeyd edir ki, Azərbaycan müharibə aparan ölkədir. Ona görə də
" ... Biz qan tökməzdən əvvəl, tər tökməliyik. Səngərdə olan əsgər bilikli əsgər olmalıdır. Çünki bütün müharibələri insanlar ilk növbədə, öz bilikləri ilə.udur..."
        Müəllif bu məqaləni 2018 - ci ildə qələmə alıb. Bu gün isə Azərbaycan artıq 5 ilə yaxındır ki, Zəfər çalmış qalib ölkədir. Bu möhtəşəm qələbədə səngərlərdə döyüşən igid Vətən oğullarının - əsgərlərimizin yüksək döyüş bacarığı göstərməsi, taktiki hərəkətləri vaxtında və dürüst yerinə yetirməsi qazanılan möhtəşəm qələbənin əsasını təşkil edir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, bu qələbəni qazanan Azərbaycan ordusudur, Azərbaycan dövlətidir.
       Başqa bir məqalədə Elçin Şıxlı belə bir qənaətə gəlir: Anlamalıyıq ki, innən belə iqtisadi artım kapital  və təbii sərvətlərdən deyil, insan zəkası  və innovasiyalardan asılı olacaq..."
        " Zamanın təsiriylə müdrikləşənlər" müəllif yağışdan sonra artan göbələklər kimi, günbəgün artan mətbuat bolluğuna, bu sahəyə asan iş yeri kimi baxanlara münasibətini belə bildirir: " Bütün dünya bu  qənaətdədir ki, istənilən adam jurnalist ola, ağlı kəsdi - kəsmədi, yalan - doğruluğuna baxmadan istədiyi xəbəri sosial şəbəkələrdə bölüşə bilər. Təbii ki, bölüşə bilər. Çünki fikir  və söz azadlığı deyə bir məhvum var, amma bu jurnalistika deyil..."
Sonda müəllif çox haqlı olaraq yazır ki... " Jurnalistika peşədir, hobbi deyil. Jurnalistika həyat tərzidir və bu cür həyatın sınağından yalnız peşəkarlar çıxa bilir və bilər..."
       " Hadsonun borcu" məqaləsində Elçin Şıxlı sanki bu fikri davam etdirərək yazır ki, " ... Deyəsən yalnız bizdə peşəsində uğur qazana bilməyənlər ya jurnalist, ya da siyasətçi olmaq eşqinə düşürlər. Bəziləri hətta bu peşələrin ikisinə də birdən "yiyələnirlər..."
       Həm jurnalistika, həm siyasət çox, olduqca çətin  və məsuliyyətli bir sahədir. Bu dəryada üzmək insandan yüksək bacarıq, dərin zəka, istedad, dözüm və iradə tələb edir.
Müəllifin qardaş Türkiyə dövlətinin başqanı olmuş Süleyman Dəmirəldən gətirdiyi sitat da
tamamilə yerinə düşür. " Siyasətdən getdinizmi?" Süleyman Dəmirəl belə cavab verir: " Siyasətin bir qapısı var - girilər, çıxılmaz..."
      Bütün ömrünü atalar sözü, zərb məsəllərin toplanmasına və gələcək nəsillərə çatdırılması kimi nəcib bir işə həsr etmiş böyük folklorşünas alim, indi dünyasını dəyişmiş Əbdülqasım Hüseynzadə ilə görüşündən yazan müəllif qeyd edir ki, ... Atalar sözlərini belə nurani insanların dilindən eşitmək və dinləmək gərəkdir. Onlar yalnız bu zaman daha dəyərli olur..."
       Kitabda Elçin Şıxlının atası İsmayıl Şıxlı barədə övlad məhəbbəti ilə yazdığı " Ölən dünyam" məqaləsini də maraqla oxudum.
Diqqətli oxucularımız, mütaliə edənlər çox yaxşı bilirlər ki, " Ölən dünyam" İsmayıl Şıxlının son romanıdır.
Elçin Şıxlı yazır: " Ölən dünyam" romanını hər dəfə oxuyanda qəhər məni boğur. Bu dəfə də eyni şey baş verdi. Onun iş otağında, onun yazı masası arxasında, onun gülümsəyən çöhrəli portretini görə-görə yazıram oxuduqlarınızı. Qonşu otaqdan onun adını daşıyan nəvəm İsmayılın gülüşü gəlir. Bizə qonaq gəlib..."
     Həyat davam edir. Kim bilir, bəlkə elə bu qayğısız körpə ədəbiyyatımızın gələcək dahi İsmayıl Şıxlısı olacaq?!
       Bu dəyərli kitab Elçin Şıxlının sevimli oxucularına dəyərli bir hədiyyəsidir. Hədiyyə isə həmişə şirin olur, xoş xatirələr oyadır. Qoy Elçin Şıxlının biz oxucularına belə hədiyyələri çox olsun!...

Əməkdar jurnalist Qulu Məhərrəmlinin dostu, Əməkdar jurnalist Elçin Şıxlının "Sükutun sitatı" kitabı haqqında fikirləri.

Elçin Şıxlının " Sükutdan sitat" kitabı yaşadığımız dövrün problemlərini, düşüncələrini, insan mənzərəsini, qayğılarını ifadə etmək baxımından çox gözəl, gərəkli bir kitabdır. Ümumiyyətlə, o dövrdə yəni 2010 - cu ilin ortalarında " Ayna" qəzetində çap olunan məqalələrin, o cümlədən Elçin Şıxlının yazdığı məqalələrin əsas mövzusu Azərbaycan cəmiyyətində mövcud olan problemlər, fikirlər, siyasi xəttlər, tendesiyalar bunların hamısının ifadəsi idi. Yəni cəmiyyətin ictimai mədəni həyatında, siyasi həyatında, elmdə, mədəniyyətdə, sosial sahələrdə baş verən bütün proseslər hamısı o məqalələrdə əks olunub. Yəni biz bu kitabı vərəqləyəndə Elçin Şıxlının kitabında o mövzuların çox maraqlı bir landşaftını   görürük. Yəni onların toplusu sözün həqiqi mənasında müəyyən bir dövr ərzində Azərbaycan cəmiyyətinin yaşantılarını, düşüncələrini çox gözəl publistik şəkildə əks elətdirir.

Kişi doğulubdu dünyaya Elçin

Qanında İsmayıl Şıxlının qanı,
Əməlləri bəzər Azərbaycanı,
Mərd kimi tanıdım mən bu insanı,
Kişi doğulubdu dünyaya Elçin!

O şəxsin nur yağır daim üzündən,
Geri durmayıbdı doğru sözündən,
Razıyıq həmişə onun üzündən,
Kişi doğulubdu dünyaya Elçin!

Məktəbdir addımı, keçdiyi yolu,
Düşündü həmişə o sağı, solu,
Deyirəm bu sözü mən ürək dolu,
Kişi doğulubdu dünyaya Elçin!

Böyüdüb ər kimi iki övladı,
Onlara bəxş edib gözəl həyatı,
Xalqın sevincidir onun büsatı,
Kişi doğulubdu dünyaya Elçin!

İndi nəvələrlə keçir zamanı,
Odur sənətinin böyük azmanı,
Adının sədası gəzir dünyanı,
Kişi doğulubdu dünyaya Elçin!

Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nəbi Xəzrinin şeirləri
15/01/2025 - 13:51
YUXU - Hekayə
08/01/2025 - 20:46
Şahnaz Şahinin şeiri
04/01/2025 - 09:40
Kuklaçıların bayram sovqatı
30/12/2024 - 04:57
“Qırxdan sonra…”
28/12/2024 - 10:19
Ərzin əşrəfi
21/12/2024 - 20:51
Rəşad Məcidin şeirləri
21/12/2024 - 19:11
Ərzin əşrəfi
21/12/2024 - 05:52
Ərzin əşrəfi
20/12/2024 - 07:43
Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24